PDF Oxu

Sosial

  • 9

“Azərbaycan teleməkanında “meyxana” və “ulduz” yarışmaları intellektual təbəqənin yerli telekanallara marağını azaldır”

“Azərbaycan teleməkanında “meyxana” və “ulduz” yarışmaları intellektual təbəqənin yerli telekanallara marağını azaldır”
"...Azərbaycan televiziya və radio kanallarının monitorinqi göstərir ki, maarifləndirici, məlumatlandırıcı və əyləncə funksiyaları arasında ciddi disbalans yaranmış, peşəkarlıq, yaradıcılıq, yeniliklərin tətbiqi, milli-mənəvi dəyərlərin qorunması kimi məsələlər teleradio rəhbərlərini o qədər də maraqlandırmır". Akademikin məqaləsində "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində teleradio yayımının əsas prinsipləri sırasında digər vacib məsələlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi, proqramların keyfiyyətliliyi prinsiplərinin öz əksini tapdığı xatırladılır.  Qeyd olunur ki, Milli Televiziya və Radio Şurası teleradio qurumlarının yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə müdaxilə etmək səlahiyyətinə malik deyil və deməli, bu sahələrdə müşahidə olunan çatışmazlıqlara görə məsuliyyət teleradio qurumlarının rəhbərlərinin üzərinə düşür. Ramiz Mehdiyev qeyd edir ki, ictimaiyyəti narahat edən və ən çox müzakirə olunan məsələlərdən biri televiziya kanallarında aşağı səviyyəli, keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli verilişlərin çəkisinin artmasıdır: "Problemin ekspertlər səviyyəsində müzakirəsi göstərir ki, teleradio qurumlarının biznes maraqları, efir vaxtının mentalitetimizə yad verilişlərlə doldurulması, peşəkar kadrların azlığı və digər məsələlər bu kimi ciddi çatışmazlıqların yaranmasının əsas səbəbləridir. Nəyə görə Azərbaycan efirində belə problemlər yaranmışdır? Göründüyü kimi, özəl teleradio qurumları bir qayda olaraq biznes fəaliyyəti göstərir və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Halbuki özəl medianın əsas məqsədi reytinqini yüksəltmək, sağlam rəqabət mühitində lider mövqe əldə etmək və fəaliyyətini davam etdirmək üçün maliyyə imkanlarını da gücləndirməkdir. ...Qarşılıqlı maraq şou-biznesin ekranlara ayaq açmasına və daha çox efir vaxtı zəbt etməsinə şərait yaradır. Eyni zamanda, şou-biznesin parlaq nümayəndələri ilə yanaşı, istedadsız, lakin bu sferada populyarlaşmaq istəyən və reklama ciddi ehtiyacı olan şəxslər teleefirə can atır və onların bir qismi müxtəlif vasitələrlə istəklərinə nail olurlar. Təbii istedadları, peşəkarlığı olmayan belə şəxslər daha çox bayağılıq, açıq-saçıq danışıq və geyim tərzi ilə özlərini tanıtdırmaq istəyirlər. Nəticə etibarilə efirdə ictimai tələbat olmayan keyfiyyətsiz şou-biznes verilişlərinin sayı artır".  Akademik Ramiz Mehdiyev öz yazısında ölkənin efir məkanında aparılmış monitorinqlərin nəticələrini də misal gətirib: "MTRŞ-nin telekanallarda apardığı həftəlik monitorinqin nəticələri göstərir ki, ATV telekanalı efirinin 32,3%-ni ("Xeyir ola", "Çal-çağır şou", "Yağ kimi", "10-lar", "Perfomans", "106 house", "Tam sərbəst-solo", "ATV maqazin", "Kim kimdir", "Yeni ulduz" verilişləri), "Lider" telekanalı 16,4%-ni ("Maşın şou", "Qızıl pillə", "Kim, harada, necə", "Cavaba sual var", "Solo", "Dostum", "Ən" verilişləri), "Xəzər" telekanalı 12%-ni ("Nar star", "Ulduzlu xəzər", "Mix şou", "Ay Zaur" verilişləri), "ANS" telekanalı 11,3%-ni ("Günəbaxan", "Çərşənbə axşamları Tural ilə", "El bilir ki", "Toylar kraliçası" verilişləri), "Space" telekanalı isə 8%-ni ("Bazar", "Bazar+", "Komedi-şou", "Azəri star" verilişləri) şou-biznes verilişlərinə həsr edir.  Göründüyü kimi, ATV kanalında şou-biznes verilişlərinin faizi daha çoxdur". Akademikin fikrincə, bu verilişlərin əksəriyyəti ictimai əhəmiyyət kəsb etməyən mövzulara həsr olunur, müəyyən mənada cəmiyyətdə neqativ tendensiyaların yayılmasına istiqamət verir, gənclərin və yeniyetmələrin zövqünü, dünyagörüşünü korlayır, təlim-tərbiyəsinə mənfi təsir edir.
 Həmin verilişlərdə tamaşaçılara şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzi təbliğ olunur, onların bir-biri ilə münasibətləri, mübahisələri araşdırılır. Əksər əyləncə verilişlərinin ixtisaslı kadrlar tərəfindən deyil, aparıcılıq edən müğənni və ya şou-biznes nümayəndələrinin iştirakı ilə təşkil olunması yaxşı hal kimi qəbul olunmur. Çox hallarda bu tipli aparıcıların davranışlarından gənclər özləri üçün nümunə götürməyə çətinlik çəkirlər.  Göründüyü kimi, Azərbaycanın efir məkanında cəmiyyətin mənəvi inkişafına mənfi təsir edən verilişlərin sayı artır. Belə verilişləri, məsələn, "Azəristar" müsabiqəsini "Yeni ulduz", "Xalq ulduzu", "Nar star", "De gəlsin", "Sözüm var" və digər variantlarda təkrarlamaqla televiziya kanalı reytinqini yüksəldə bilərmi? Təbii ki, burada yalnız biznes maraqları üstünlük təşkil edir, SMS və digər vasitələrlə gəlir əldə etməkdən söhbət gedə bilər. Düzgün olaraq artıq ictimaiyyətdə həmin müsabiqələrin gənclərin musiqi potensialının müəyyənləşdirilməsi məqsədindən daha çox, təşkilatçıların və televiziya kanallarının biznes maraqlarına xidmət etdiyi qənaəti formalaşmışdır".  Akademikin məqaləsində xüsusilə qeyd olunur ki, bu gün Azərbaycanın aparıcı kanalları maraqsız, bayağı, mənasız verilişləri nəinki ölkənin daxilində, həmçinin peyk vasitəsilə dünyanın ayrı-ayrı bölgələrinə yayımlayırlar. "Xaricdə Azərbaycan kanallarına baxan soydaşlarımızda, xaricilərdə ölkəmiz haqqında hansı təsəvvür yaradırıq? Biz onlara ölkəmizdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər haqqında hansı məlumatı veririk? Teleradio qurumlarının rəhbərləri unutmalı deyillər ki, televiziya və radio təkcə daxili ictimai rəyi formalaşdırmır, həm də ölkənin simasını nümayiş etdirir, onun haqqında təsəvvür yaradır.  Nəzərə almalıyıq ki, Azərbaycan teleməkanında "meyxana" və "ulduz" yarışmalarına meyllənmə intellektual təbəqənin yerli telekanallara marağının azalmasına gətirib çıxarır. Televiziya kanallarının bu sahə ilə bağlı maraqlı, tamaşaçının diqqətini cəlb edə biləcək verilişlər hazırlamasına böyük ehtiyac tələb olunur. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağın tarixi, burada yetişib boya-başa çatan görkəmli dövlət, mədəniyyət və incəsənət xadimləri haqqında yüksək səviyyəli verilişlərin təşkili ictimaiyyət tərəfindən maraqla qarşılana bilər, Vətənə, torpağa bağlılığın artırılmasına kömək edər, insanlarda vətənpərvərlik ruhunu gücləndirər"-məqalədə vurğulanır. Ramiz Mehdiyevin fikrincə, uşaq və yeniyetmələrdə, gənc nəsildə elmə və təhsilə maraq oyada bilən, onların intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən verilişlərin hazırlanması, həmçinin, uşaqların milli ruhda tərbiyəsində maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə malikdir. "Təəssüf ki, son illər yerli cizgi filmləri istehsal olunmadığı üçün, televiziya kanalları uşaqların milli ruhda böyüməsinə heç də müsbət təsir göstərməyən xarici filmlər nümayiş etdirirlər".  Məqalədə qeyd olunur ki, ictimai, siyasi, sosial, iqtisadi, mədəniyyət məsələləri ilə bağlı ciddi proqramların, jurnalist araşdırmalarının səviyyəsi müasir tamaşaçının tələblərinə cavab vermir. Bəzi televiziya kanallarında analitik verilişlər, cəmiyyət üçün maraq kəsb edən məsələlərin ekspertlər səviyyəsində müzakirəsi müşahidə olunmur. Ən ağrılı problemlərdən olan gənc nəslin tərbiyəsi məsələsinə xüsusi önəm verən akademik yazır: "Xüsusi qeyd edilməlidir ki, bu gün Azərbaycan televiziya kanallarında milli mentalitetimizə yad, mənəvi və əxlaqi dəyərlərimizə zidd film, serial və kliplər çoxluq təşkil edir. Yerli istehsal olan yeni müasir telefilmlərin olmaması ciddi problem kimi qalmaqdadır. Digər bir problem telekanallarda qaçan sətirlər vasitəsilə SMS-lərin yayımlanmasıdır. Həmin SMS-lərin məzmunu ciddi tamaşaçını narahat etməyə bilməz.  Müşahidələr göstərir ki, qaçan sətirlərdə günün istənilən saatında qeyri-etik, milli-mənəvi dəyərlərə zidd məzmuna malik informasiyalar verilir. Təəssüf ki, Azərbaycan telekanalları müasir tendensiyaları nəzərə almaqda, fəaliyyətlərini günümüzün tələbləri səviyyəsində qurmaqda passivlik nümayiş etdirirlər". Akademik analitik məqaləsində yekun nəticə olaraq gəldiyi qənaəti yazır: "Beləliklə, bu gün televiziya və radio kanallarının hazırladıqları verilişlər Azərbaycan tamaşaçısını qane etmir, onun istək və arzuları ilə uyğunlaşmır. Nəticə etibarilə tamaşaçı peyk və ya kabel televiziyası vasitəsilə daha keyfiyyətli proqram siyasəti həyata keçirən, maraqlı verilişlər təqdim edən xarici televiziya kanallarına baxmağa üstünlük verir".  Akademikin fikrincə, MTRŞ, televiziya kanallarının rəhbərləri, mütəxəssislər, ekspertlər cəmiyyətin tələblərini, ictimai marağı, tamaşaçıların istək və arzularını öyrənməli, efir məkanının tarazlaşdırılması, mövcud nöqsanların aradan qaldırılması istiqamətində əməli tədbirlər həyata keçirməlidirlər. Televiziya kanallarının konsepsiyası, strateji hədəfləri, efir siyasəti ictimai maraqlarla uzlaşdırılmalı, cəmiyyətimizin saflaşması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə töhfə verməlidir. MTRŞ qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər həyata keçirməli, televiziya verilişləri arasında balansın qorunması, etik normalara riayət olunması və digər məsələlərlə bağlı zəruri tədbirləri daha ciddi səylə davam etdirməlidir.  Ramiz Mehdiyev məqaləsinin sonda bir tamaşaçı olaraq ölkə teleseyrçilərinin ümumiləşdirilmiş fikrini də çatdırıb: "Bu gün Azərbaycan tamaşaçısı radio və televiziyalarından ölkəmizdə və dünyada baş verən taleyüklü hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiya çatdırılmasını, onların yüksək peşəkarlıqla şərh edilməsini, maarifləndirmə xarakterli keyfiyyətli verilişlər gözləyir. Radio və televiziya həm də milli-mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, Azərbaycan dilinin, mədəniyyətinin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynamalıdır. Ümid etmək olar ki, teleradio qurumları fəaliyyətlərini yeni dövrün tələblərinə uyğun quraraq cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq, tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəyəcək, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacaqlar".

Digər xəbərlər