Məlum olduğu kimi, son vaxtlar Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi yenidən fəallaşmaqda, intensivləşməkdədir. Onu da qeyd edək ki, elə bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə jurnalistləri üçün təşkil etdiyi iftar məclisində Qarabağ məsələsinin həllinin yaxın zamanlarda gözlənilən olduğunu dilə gətirib. Bu baxımdan, görəsən, yaxın zamanlarda bu münaqişənin həlli yönündə daha ciddi addımların atılması baş verə bilərmi? Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc söhbət zamanı bildirdi ki, ilk baxışdan belə təəssürat yaranır ki, bölgədəki məlum proseslər irəliyə doğru dəyişəcəyi təqdirdə, bu, Qarabağ məsələsindən də yan keçməyəcək. Yəni, Türkiyə-Ermənistan münasibətləri Qarabağsız tənzimlənə bilməz və bilməyəcək. Heç şübhəsiz, belə olan halda, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi gerçəkliyi, perspektivi qaçılmazdır. Hətta Rusiyanın da burada qərar verməsi kimi müxtəlif təhlillər və proqnozlar var: "Bu baxımdan, elə hesab edirəm ki, Qarabağ məsələsinin həlli üçün son dərəcə əlverişli beynəlxalq situasiya formalaşıb. Düzdür, indi bir çoxları tamamilə bunun əksini iddia edə bilərlər və regionda savaşın həlledici olduğu iddiasını irəli sürmək olar, amma paralel şəkildə bir uzlaşma da var. Ona görə də, fikrimcə, Türkiyənin siyasi elitasında dayanan şəxslərin bəyanatları heçdən səslənmir və onları, sadəcə, Azərbaycan insanı rahatlamaq üçün verilən bəyanatlar kimi xarakterizə etmək olmaz. Mən çox ümidvaram ki, Qarabağ məsələsinin həlli üçün əvvəlki sıfır nöqtəsindən irəliyə doğru müəyyən addımlar atılacaq. Bu, bütöv həll olacaqmı, bu, bütöv sülh sazişi olacaqmı, bu, bütöv münaqişənin tənzimlənməsi olacaqmı, bunu indidən söyləmək çox çətindir. Amma belə düşünürəm, qarşıdan gələn oktyabr ayı ərzində müəyyən dəyişikliklər, müəyyən müzakirələr ki, nəzərdə tutulur, o zaman bu dəyişikliklərin, müzakirələrin yekunu olaraq, onların Azərbaycanda təsirləri mütləq hiss olunacaq".
Yeri gəlmişkən, görəsən, Qarabağ münaqişəsi sülh sazişinin imzalanması, yoxsa hərb variantına əl atılması ilə sonuclanacaq?
Xatırladaq ki, bu günlərdə Ermənistan mediasına açıqlama verən prezident Serj Sarkisyan yenidən hərb variantına əl atıla biləcəyini istisna etməyib. Z.Orucun qeyd etdiyinə görə, o, Qarabağ münaqişəsinin həllində, daha doğrusu, indiki gerçəklikdə müharibənin, hərb variantının reallaşacağını istisna edir: "Təbii ki, bu, mənim subyektiv yanaşmamdır. Düşünürəm ki, regionda müəyyən uzlaşma nöqtələrinin tapıldığı və ya ən azı Cənubi Qafqazdakı proseslərin beynəlxalq gündəmə çıxdığı bir zamanda buradakı konfliktlərin, o cümlədən, Qarabağ münaqişəsinin çözülməsində müharibə variantının seçiləcəyi istisna olunur. Daha artıq dərəcədə, ona ümid edirəm ki, sülh danışıqları, nəhayət, öz nəticəsini verəcək. Bu, bütöv region üçün, - Türkiyə rəsmilərinin söylədiyi kimi, Qafqazda sülh projesinin tamamilə reallaşması şəklində sonuclanacaq, yoxsa burada müəyyən mövsümi razılaşmalar olacaq, bunu indiki dönəmdə mütləq şəkildə söyləmək çox çətindir. Bununla belə, proses başlanacaq, ən azı məsələlərin ilkin ölü nöqtəsindən irəliyə doğru tərpənməsi baş verəcək".