Reproduktiv sağlamlıq dünyanın əsas problemlərindəndir
Son günlər reproduktiv sağlamlıq məsələsi istər ictimaiyyətin, istərsə də, Milli Məclisdə deputatların həmişə diqqət mərkəzində olub. Çünki bu məsələ dünyanı narahat edən əsas problemlərdəndir. dir. Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov məsələyə aydınlıq gətirərək bildirdi ki, bu gün istər bizim regionun, istərsə də, bütövlükdə, dünyanın əsas problemlərindən, insanları düşünüdürən məsələlərdən biri - gənclərin reproduktiv sağlamlığı məsələsidir:
- Qeyd edim ki, Gənclər Təşkilatları Milli Şurası da artıq dörd ilə yaxındır ki, bu məsələ ilə yaxından məşğul olur, bu istiqamətdə fəaliyyət göstərir. Konkret olaraq, bu yöndə gənclər üçün "yay məktəbi" layihəsini həyata keçiririk ki, burada da əsas mövzulardan biri sağlam həyat tərzinin qorunması, təbliği məsələsidir. Eyni zamanda, bu məsələ dövlət başçısı İlham Əliyev tərəfindən də ortaya qoyulub, bu yöndə konkret tapşırıq verilib və bununla bağlı artıq konkret fəaliyyət planları - layihələr, proqramlar mövcuddur. Onu da vurğulamaq istərdim ki, gənclərin sağlamlığı, sağlam həyat tərzi məsələsi Dövlət Gənclər Proqramında da öz əksini tapıb. Bu gün gənclərin reproduktiv sağlamlığı, sağlam həyat tərzi təşəbbüsünə bir sıra beynəlxalq təşkilatlar yaxından qoşulublar. 2006-cı ildə BMT-nin Əhali Fondu və Avropa Birliyi tərəfindən Cənubi Qafqazda gənclərin reproduktiv sağlamlığı ilə bağlı layihə həyata keçirilməyə başlanılıb və GTMŞ də bu layihənin tərəfdaşlarından, partnyorlarından biridir. Həmçinin, Gənclər və İdman Nazirliyi, Ailə, Uşaq, Qadın Problemlərinin Həlli üzrə Dövlət Komitəsi və digər dövlət, qeyri-dövlət strukturları bu layihəyə yaxından qoşulublar. Hər il yekun olaraq da Cənubi Qafqaz ölkələrinin nümayəndələri Gürcüstanın müxtəlif şəhərlərində bu layihə ilə bağlı tədbirlər keçirirlər və bu tədbirlərdə ötən bir il ərzində bu istiqamətdə hansı uğurlar olub, hansı nöqsanlar aşkarlanıb, hansı işlərin görülməsinə ehtiyac var, onlar tədbir zamanı əsas müzakirə mövzusuna çevrilir. O cümlədən, növbəti il üçün yeni istiqamətlərin müəyyən olunması planlaşdırılır. Odur ki, bu istiqamətdə növbəti tədbir Ü bu günlərdə Gürcüstanın Batumi şəhərində keçirildi. Bu tədbirdə də hər üç Cənubi Qafqaz respublikalarından nümayəndə heyəti iştirak edirdi. Tədbirə Gənclər və İdman Nazirliyinin, Ailə, Uşaq, Qadın Problemlərinin Həlli üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin Sağlımlıq Mərkəzinin, o cümlədən, gənclər təşkilatlarının nümayəndələri, deputat həmkarlarımdan isə Məlahət İbrahimqızı qatılmışdı. Tədbirin əsas istiqaməti də, təbii ki, Cənubi Qafqaz regionunda reproduktiv sağlamlıq məsələsinin təmin olunması idi. Qeyd edim ki, tədbir zamanı da konkret olaraq ölkəmizdə bu yöndə aparılan işlərlə bağlı nümayəndə heyətimizin üzvləri tərəfindən tədbir iştirakçılarına geniş məlumatlar verildi. Şəxsən mən özüm GTMŞ-nin bu istiqamətdə gördüyü işlərlə bağlı fikirlərimi tədbir iştirakçılarının nəzərinə çatdırdım. Bizimlə yanaşı, həm Gürcüstanın, həm də Ermənistanın nümayəndələri ölkələrində olan reproduktiv sağlamlıq məsələləri ilə bağlı fikirlərini bölüşdülər. Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, bu tədbirdə Cənubi Qafqaz respublikalarının təmsilçiləri ilə yanaşı, BMT-nin Əhali Fondunun, Avropa Birliyinin nümayəndələri, o cümlədən, İspaniyadan, Belçikadan, Latviyadan bir neçə parlamentari, həmçinin, Gürcüstanın birinci xanımı, Acarıstan Muxtar Respbulikasının başçısı və digər rəsmi şəxslər iştirak edirdi. Onlar xüsusilə bizim ölkədə gənclərin reproduktiv sağlamlığı, ümumiyyətlə, reprotuktiv sağlamlıq məsələsi ilə bağlı görülən işlərdən razılıqlarını ifadə etdilər, bu məsələyə dəstəklərini verəcəklərini bildirdilər. Bir sözlə, bu tədbirdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı və sonda belə qərara gəlindi ki, bu il başa çatması nəzərdə tutulan məlum layihə daha 3 il müddətinə uzadılsın. Daha doğrusu, bu yöndə növbəti üçillik layihə hazırlansın və nəzərdə tutulsun.
- Sizcə, gənclərin reproduktiv sağlamlığı, sağlam həyat tərzinin təbliği məsələsində gecikmələr, yubanmalar gələcəkdə demoqrafik problemlərin yaranmasına gətirib çıxara bilərmi?
- Bilirsiniz, gənclərin reproduktiv sağlamlığı, sağlam həyat tərzinin təbliği məsələsi təkcə bir şəxsin, bir ailənin və yaxud bir neçə gəncin şəxsi məsələsi deyil. Bu, bütövlükdə, hamımızı əhatə edən və etməli olan bir məsələdir. Əgər belə olmasa, bu, nəticə etibarilə sizin də qeyd etdiyiniz kimi, gələcəkdə ölkəmizdə demoqrafik problemlərin yaranmasına gətirib çıxara bilər. Bu isə heç cür arzuolunan və qəbuledilən bir hal deyil. Biz məlum tədbir zamanı bildirdik ki, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsi həyata keçirilir ki, bu, olduqca vacibdir. Onu da qeyd etdik ki, bu fond tərəfindən tikilən məktəblərdə yüksək səviyyəli şərait olduğuna görə gənclərin, yeniyetmələrin təhsilə, elmə marağı artır və onları digər zərərli vərdişlərdən uzaq olmağa, çəkinməyə gətirib çıxarır. Yəni, bunun özü Avropada qəbul olunmuş bir normadır ki, təhsili gücləndirmək yolu ilə gəncləri, yeniyetmələri zərərli, qorxulu vərdişlərdən - narkotiklərdən, alkoqoldan istifadədən çəkindirmək daha çox mümkündür və məqsədəuyğundur. Eyni zamanda, Azərbaycanda uşaq evlərində şəraitin yaxşılaşdırılması və buna paralel olaraq uşaqların həmin uşaq evlərindən ailələrə verilməsi də bu istiqamətdə - reproduktiv sağlamlığın təmin olunması yönündə gözəl bir nümunədir. Bunları bir daha deməkdə, məqsədim odur ki, reproduktiv sağlamlığın, xüsusilə gənclərin reproduktiv sağlamlığının təmin olunması, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində işlər bir an olsun belə, dayanmamalıdır. Bu istiqamətdə bundan sonra da daha ardıcıl və müntəzəm addımlar atılmalıdır. Çünki bu, bizim sabahımızla, gələcəyimizlə birbaşa bağlı olan məsələdir.
- Bildiyimizə görə, siz həm də Korrupsiyaya Qarşı Qlobal Mübarizə Şəbəkəsinin Cənubi Qafqaz bölməsinin təsisçilərindən, onun rəhbər şəxslərindənsiniz. Belə olan təqdirdə, bilmək istərdik ki, bu təşkilatın qeydiyyat məsələsi, o cümlədən, Cənubi Qafqaz bölməsinin ofisinin Bakıda açılması məsələsi nə yerdədir?
- Artıq bir neçə müddətdir Cənubi Qafqazda Korrupsiya Əleyhinə Parlamentarilərin Şəbəkəsi fəaliyyət göstərir və bu şəbəkənin sədri də millət vəkili Əli Hüseynovdur. Eyni zamanda, şəbəkə təsis olunandan bu günə kimi bu istiqamətdə işlər davam etdirilir. Artıq həmin beynəlxalq şəbəkənin saytında Azərbaycanda bu yöndə gedən işlər barədə, o cümlədən, sözügedən şəbəkənin prezidentinin Azərbaycana səfəri haqda məlumatlar da öz əksini tapmaqdadır. Ümumiyyətlə, bu saytda həm Azərbaycan, həm də bütövlükdə, Cənubi Qafqaz bölməsi var. Sənədləşmə işlərinə gəlincə, bu istiqamətdə də işlər tamamlanmaq üzrədir. Beynəlxalq şəbəkə tərəfindən artıq bizim nümayəndəliyimiz tanınır, ancaq bəzi texniki məsələlər var ki, bu istiqamətdə də şəbəkənin rəsmiləri ilə danışıqlar aparılır və yaxın zamanlarda, yəqin ki, bununla bağlı əlavə məlumat veriləcək.
- Təşkilatın yaxın zamanlarda hansısa toplantısının keçirilməsi gözlənilirmi?
- Məlumat üçün qeyd edim ki, noyabr ayında beynəlxalq şəbəkənin Qətərin paytaxtı Doha şəhərində növbəti tədbirinin keçirilməsi nəzərdə tutulur və bu tədbirdə bir sıra vacib məsələlərin müzakirəsi gözlənilir. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Cənubi Qafqazda Korrupsiya Əleyhinə Parlamentarilərin Şəbəkəsinə maraq getdikcə artmaqdadır. Hətta bu günlərdə beynəlxalq şəbəkənin katibliyindən belə bir məlumat almışıq ki, Orta Asiya respublikalarının da bizim şəbəkəyə böyük marağı var. Bu baxımdan, ola bilsin ki, noyabr ayında Dohada keçiriləcək tədbirdə Orta Asiya respublikalarının təmsilçiləri ilə də görüşək və onları da öz təşkilatımıza cəlb edək. Ancaq hələlik, bu haqda indidən dəqiq fikir söyləmək bir qədər tezdir. Hər halda biz çalışırıq ki, təşkilatımızı genişmiqyaslı regional bir təşkilata çevirək və buraya daha çox parlamentariləri, millət vəkillərini cəlb edə bilək.
- GTMŞ-nin təmsil olunduğu Avropa Gənclər Forumunun da yaxın zamanlarda hansısa tədbirinin keçirilməsi nəzərdə tutulurmu?
- Qeyd etmək istəyirəm ki, Avropa Gənclər Forumu oktyabr ayının 28-30-də Bakıda GTMŞ, o cümlədən, Gənclər və İdman Nazirliyi ilə birgə Avropada miqrasiya proseslərinə, burada gənclərlə bağlı olan məsələlərə həsr olunmuş üçgünlük böyük bir tədbir keçirməyi nəzərdə tutur. Bu tədbirə isə 15 Avropa ölkəsindən nümayəndə heyətinin qatılması gözlənilir. Hesab edirəm ki, miqrasiya problemlərinə həsr olunmuş belə bir tədbirin keçirilməsi olduqca vacib və əhəmiyyətlidir. Çünki miqrasiya problemləri bu gün dünyanı maraqlandıran, narahat edən ən vacib məsələlər sırasında ilk yerlərdən birini tutur. Onu da qeyd edim ki, bir sıra ölkələrin, o cümlədən, Avropanın miqrasiya problemləri ilə bağlı çox acı təcrübəsi var. Ona görə bizim də bu acı təcrübəni yaşamamağımız üçün onlardan ibarət götürməyimiz, öyrənməyimiz lazımdır, vacibdir. Yəni, deməkdə məqsədim odur ki, belə bir mühüm və əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir.