“Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar”
Dünən DSK sədrləri üçün "Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar" mövzusu ilə bağlı 7 günlük kurslar keçirilir. Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edərək məzarı önünə əklil qoyublar. Həmçinin, oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı önünə ətirli gül dəstələri düzüblər.
"Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar"ın ilk açılışı Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının akt zalında keçirilib. Tədbiri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açaraq demokratik seçkilərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. M.Pənahov onu da qeyd etdi ki, "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar həyata keçirilir. M.Pənahov Azərbaycanda təkmilləşmiş Seçki Məcəlləsinin mövcud olduğunu və demokratik seçkilərin keçirilməsi üçün şəraitin olduğunu vurğuladı: "Azərbaycan müstəqilliyini qazandıqdan sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, seçki məsələsinin də inkişafına böyük diqqət yetirildi. Ümummilli liderimiz Heydər Əliyevin yerli özünüidarətemə orqanı ilə bağlı belə bir fikir demişdir: "Biz Azərbaycanda qeyri-dövlət, tam müstəqil, yerli özünüidarəetmə orqanları yaradırıq. Bu, həm demokratiyanın inkişafı deməkdir, eyni zamanda, ölkəni idarə etməkdə vətəndaşlarımıza imkanlar yaranmasının göstəricisidir".
M.Pənahov ölkədə demokratiyanın bəhrəsi olan bələdiyyələrin 10 ilə yaxın fəaliyyət göstərdiyini bildirdi. Həmçinin, onu da vurğuladı ki, bu gün yerli özünüidarəetmə orqanları yerlərdə özlərini doğruldur, layiqli mövqe qazanırlar. Odur ki, bələdiyyələrə meyil, maraq getdikcə artır. MSK sədri Azərbaycanda seçkilərin demokratik keçirildiyini və nəticədə ölkə vətəndaşlarının arzu və istəklərinin həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, Dairə Seçki Komissiyalarının binaları, o cümlədən, 125 DSK-nin binaları yüksək səviyyəli və beynəlxalq standartlara cavab verən texniki avadanlıqlarla təmin edilib: "Bu gün bütün Dairə Seçki Komissiyalarında seçkilərə yüksək səviyyədə hazırlıq işləri aparılır. Bütün əldə edilən nailiyyətlər ölkə Prezidentinin seçkilərlə bağlı olan məsələlərin həllinə xüsusi diqqət yetirməsidir. Bugünkü tədbirin özü də bu baxımdan böyük əhəmiyyət kəsb edir."
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov belə kursların keçirilməsinin müsbət nəticəsi olacağına əminliyini bildirdi. S.Qəndilov əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dəyərlərin günü-gündən daha da inkişaf etməsi, Onun müəyyənləşdirdiyi milli strategiya bu gün Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə öz anlamını tapmaqda olduğunu bildirdi. Qeyd etdi ki, bu gün seçki məsələsinin günbəgün inkişaf etməsi və təkmilləşməsi yaranmış nöqsanların aradan qalxmasına təkan verir: "Bu nöqsanlar özünüidarəetmə orqanqlarının inkişafı yolunu keçməsinə şərait yaradan nöqsanlardır. Bu nöqsanlar olmasa uğurlar da əldə etmək olmaz. Ona görə də, ölkəmizdə qısa müddət ərzində fəaliyyət göstərən bələdiyyələrin nöqsanlarının aradan qaldırılması üçün belə kursların keçirilməsi əhəmiyyət kəsb edir."
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev bələdiyyə seçkilərinin dövlət idarəçiliyində vacib institutlardan biri olduğunu və məhz bələdiyyə seçkiləri öncəsi seçki komissiyaları üçün bu kursların keçirilməsinin əhəmiyyətini qeyd etdi: "Bələdiyyə seçkilərinin keçirilməsi də prosedura baxımdan çətindir, burada iştirak edən tərəflər həddən artıq çox olduğundan şikayətlər də kifayət qədər çox olur. Amma şikayətlərlə bağlı Seçki Məcəlləsində təkmilləşdirmə aparılıb və müvafiq qurumlar operativ olaraq bu şikayətləri araşdıra bilirlər".
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Azərbaycanda seçki komissiyalarının vəziyyəti, onların seçkilərə hazırlıq səviyyəsi, seçkilərə dövlət rəhbərliyinin münasibəti barədə çıxış etdi. Z.Nağdəliyev bu gün dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə əks etdirən prinsiplərin ən başlıcası hesab edilən seçki məsələsi ölkə rəhbərliyinin qarşısında dayanan ən ümdə vəzifələrdən biri hesab olunduğunu bildirdi: "Elə bu məqsədlə də, Azərbaycanın seçki qanunvericiliyində mütəmadi olaraq aparılan təkamül nəzəriyyələri birbaşa vətəndaşların istək və arzularını özündə əks etdirir".
Z.Nağdəliyev cari ilin sonunda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə hazırlıqla bağlı fikirlərini söylədi. Bildirdi ki, cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesi çox önəmlidir və ona görə də, dövlətimiz tərəfindən mühüm addımlar atılır: "Cəmiyyətimiz inkişaf etdikcə istənilən məsələnin həlli artıq mümkün görünür. Milli strategiyamzın müəyyənləşməsi və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olunması ulu öndərin adı ilə bağlı olduğu üçün buradakı demokratik göstəricilər də Onun adı ilə bağlıdır. Ölkəmizin dərin köklər üzərində bərqərar olunmasını və zəngin tarixi irsə malik olmasını nəzərə alan ulu öndər Heydər Əliyev həmişə milli kimliyimizin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində səylər göstərib. Eyni zamanda, bir zərurəti də nəzərə almaq lazımdır ki, Azərbaycanda milli dövlətçiliyin qurulması təkcə tarixi köklərlə izah olunmur. Burada, həmçinin, demokratik dəyərlərin də, təzahür tapması vacib amil kimi qiymətləndrilir. Ona görə də, ulu öndərimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daim mühüm addımlar atıb. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir. Çünki ulu öndər Heydər Əliyevi ən layiqli davamçısı olan Prezident İlham Əliyev müəyyənlşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir. Seçki Məcəlləsinin də günün tələblərinə uyğunlaşması yuxarıda sadaladığımız məsələlərin tərkib hissəsidir. Çünki demokratik dəyərlərlə idarə olunan bir ölkədə Seçki Məcəlləsinin geniş anlamda təzahür olunması vacibdir. Bu baxımdan da, ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da keçirilmiş seçkilərin hər biri ayrı-ayrılıqda şəfaflığı və demokratikliyi ilə səciyyələnib".
Z.Nağdəliyevin sözlərinə görə, hazırda seçki komissiyalarının hazırlığı yüksək səviyyədədir: "Əvvəllər vəfat edənlərin, yaşayış yerini dəyişənlərin də adları seçici siyahılarına salınırdı və bu məsələdə bizi ciddi şəkildə ittiham edirdilər. Siyahılar başdansovdu hazırlanırdı və bu sahədə biabırçı bir mənzərə yaranmışdı. Hamı da bir-birini günahlandırırdı. Amma indi seçici siyahılarında heç bir problem yoxdur və real seçici siyahıları hazırlanıb".
Azərbaycanda demokratik seçki qanunvericiliyinə əməl olunduğunu bildirən Z.Nağdəliyev qeyd etdi ki, istər əvvəlki, istərsə də son prezident seçkiləri və referendumun ədalətli və şəffaf keçirilməsi deyilənlərin məntiqi nəticəsidir: "Ölkə Prezidentinin bütün seçkilərdə qanunvericilik normalarına əməl olunması tələbləri də Azərbaycanda demokratik seçki hüququnun bərqərar olduğunu bir daha təsdiqləyir. Belə ki, Prezident İlham Əliyevin seçki praktikasının təkmilləşməsi ilə bağlı sərəncamları ölkədə demokratik və şəffaf seçkinin keçirilməsi üçün bütün müsbət şəraitin yaranmasına imkan verilir."
Seminar öz işini davam etdirəcək