PDF Oxu

Sosial

  • 11

Azərbaycan kosmos dövlətinə çevrilir

Azərbaycan kosmos dövlətinə çevrilir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 avqust 2009-cu il tarixli 442 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın böyük önəm daşıdığını və ölkə başçısının bu sahənin inkişafına verdiyi xüsusi diqqətin bariz nümunəsi olduğunu bildirib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Dövlət Proqramının həyata keçirilməsi ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsinə, əhalinin rabitə, informasiya texnologiyaları və teleradio yayımına artan tələbatının və həmçinin, dünya bazarına çıxışın təmin edilməsinə, kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişafına zəmin yaradacaq.
Kollegiya iclasında Dövlət Proqramında nəzərdə tutulan telekommunikasiya peyklərinin hazırlanması, orbitə buraxılması və idarə edilməsi, bununla əlaqədar beynəlxalq əməkdaşlığın, o cümlədən, Azərbaycan Respublikasına plandankənar orbital mövqelərin ayrılması məqsədilə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə aparılan əməkdaşlığın gücləndirilməsi, müəyyən edilmiş peyk şəbəkələri ilə koordinasiya işlərinin aparılması, hüquqi tənzimləmənin həyata keçirilməsi üçün normativ-hüquqi bazanının yaradılması işlərinə xüsusi diqqət yetirlməsinin vacibliyi vurğulanıb.
Sahə üçün kadr potensialının əhəmiyyəti nəzərə alınaraq, xarici ölkələrdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının təşkili istiqamətində tədbirlərin görülməsinin vacibliyi qeyd edilib.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək məqsədilə proqramda iştirakı nəzərdə tutulan qurumların səlahiyyətli nümayəndələrindən ibarət Əlaqələndirmə Şurasının yaradılması qərara alınıb. Əlaqələndirmə Şurası tərəfindən Dövlət Proqramının icrasının ayrı-ayrı fəaliyyət iqstiqamətləri üzrə konkret iş planlarının hazırlanması məqsədə müvafiq hesab edilib. Kollegiya iclasında "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar digər məsələlər də müzakirə edilib.
Qeyd edək ki, kosmik sənayenin yaradılmasında Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin, telekommunikasiya peykinin idarə edilməsi və istismarında isə yeni qurum olan "AzərSpace" ASC-nin imkanlarından istifadə olunacaq.
Respublikamızda kosmik sənayenin yaradılması, kosmik informasiyanın qəbulu və emalı ilə bağlı işlərə hələ sovetlər dövründə, 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə edilməsi ilə başlanılıb. Elmlər Akademiyasının tabeçiliyində xüsusi kosmik cihazqayırma konstruktor bürosu yaradılıb və bu qurum kosmik tədqiqatların aparılması ilə məşğul olub.
Müəyyən səbəblərdən ötən illərdə respublikamızda həmin sahəni inkişaf etdirmək mümkün olmayıb. Hazırda isə müstəqil Azərbaycan ən iri proqramları reallaşdırmaq əzmindədir və kosmik sənayenin inkişafı da yaxın illərdə öz mühüm nəticələrini göstərmiş olacaq. Müdafiə Sənayesi Nazirliyinə məxsus Milli Aerokosmik Agentliyinin fəaliyyəti bu sahədə tədqiqatlar aparılması üçün əlverişli zəmin yaradır.
Agentlikdə kosmik cihazqayırma, peykaltı sistemlərin və komplekslərin yaradılması sahəsində mühüm nailiyyətlər əldə edilib. Eləcə də, digər müəssisələrin maddi-texniki bazası telekommunikasiya peykinin yaradılması işində öz mühüm töhfəsini verəcək.
Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi və coğrafi mövqeyi respublikamızın həm də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsini şərtləndirmiş olur. Buna görə də, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsinə səbəb olacaq.
Onu da nəzərə almaq lazımdır ki, kosmik sənayenin yaradılması telekommunikasiya xidmətlərini təmin edən peyk stansiyaları ilə yanaşı, respublikada fəaliyyət göstərən radio-televiziya yayım şirkətlərinin proqramlarının həm respublikada, həm də respublikadan kənarda yayımının miqyasının daha da genişlənməsinə səbəb olacaq. Qeyd edək ki, kosmik sənayenin yaradılması və inkişafı, həm də ölkəmizin iqtisadi və hərbi gücünün inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən amillərdən hesab edilir. Belə ki, telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması nəticəsində aerokosmik fəzada yerləşdirilmiş cihazlar və komplekslər vasitəsilə genişmiqyaslı və keyfiyyətcə ən yeni məlumatları operativ şəkildə əldə etmək mümkündür. Respublikamız bu şəbəkə vasitəsilə dünya okeanının, planetlərin və digər xüsusi obyektlərin öyrənilməsi üçün ən əlverişli imkanlara malik olacaq.
Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi dövlət büdcəsi, daxili və xarici investisiyalar, texniki-maliyyə yardımları, kreditlər və qrantlar hesabına təmin ediləcək. Tam əminliklə qeyd etmək olar ki, Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının icrası qarşıdakı 5 il ərzində kosmik sənayenin yaradılması və inkişafına xüsusi təkan verəcək. Beləliklə də, Azərbaycan yaxın zamanda kosmos dövlətinə çevriləcək.

Digər xəbərlər