Eldar İbrahimov: “Naxçıvan heç zaman bugünkü qədər inkişaf etməyib”
Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası bu il özünün 85 illiyini böyük tənətənə ilə qeyd etdi. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan tərəqqi və inkişaf siyasəti muxtar respublikada daha geniş şəkildə hiss olunmaqdadır. Yeni infrastrukturların yaradılması, sənaye obyektlərin istifadəyə verilməsi bunu deməyə əsas verir. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Eldar İbrahimov bununla bağlı fikirlərini açıqladı:
- Eldar müəllim, məlum olduğu kimi, bir müddət öncə, Naxçıvanda muxtar respublikanın yaradılmasının 85 illik yubiley tədbiri rəsmi və geniş səviyyədə qeyd olundu. Əslən Naxçıvandan olan və həmin bölgədən seçilən bir millət vəkili kimi bu 85 illik yubileylə, daha doğrusu, bu müddət ərzində Naxçıvan Muxtar Respublikasının keçdiyi yolla bağlı nə deyərdiniz?
- Əvvəla, qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin bu ilin 6 fevral tarixli Sərəncamı olmuşdu. Həmin Sərəncamda bildirilirdi ki, "Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir. Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir..." Bir naxçıvanlı olaraq, bu fikirləri fəxr və qürur hissilə dilə gətirməklə yanaşı, tarixə qısaca ekskurs edərək bildirmək istərdim ki, 1923-cü ilin dekabr ayının 5-də Azərbaycan Mərkəzi İqilab Komitəsi Naxçıvan Muxtar Diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında qərar çıxararaq, onun təsdiq olunmasını Zaqafqaziya Mərkəzi İnqilab Komitəsindən xahiş edib. Sözügedən komitə də bu xahişi nəzərə alaraq 1924-cü ilin yanvarın 8-də bu qərarı təsdiqləyib. Eyni zamanda, Azərbaycan SSR Mərkəzi İnqilab Komitəsi həmin ilin 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi barədə qərarı təsdiq edib... Beləliklə, ölkə prezidentinin 6 fevral 2009-cu il tarixli sərəncamına uyğun olaraq, həmin vaxtdan etibarən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illiyi ilə bağlı ölkəmizdə müxtəlif yubliey tədbirləri keçirilməyə başlandı. Bu tədbirlərdən sonuncusu və ən möhtəşəmi isə bu ilin avqust ayının 4-də Naxçıvanda yeni istifadəyə verilmiş Heydər Əliyev adına Sarayda keçirilən tədbir idi. Bu tədbirdə şəxsən ölkə Prezidenti cənab İlham Əliyev və Onun xanımı, Heydər Əliyev adına Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak etdi. Bundan başqa, bu tədbirdə ölkənin bütün aidiyyatı orqanlarının, strukturlarının rəhbərləri, nazirlər, millət vəkilləri, ziyalılar iştirak etdi. Bu, bir daha onu göstərdi ki, Naxçıvan ölkə hüdudlarından bir az aralı düşsə də, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu yubileyin həm də böyük ictimai-siyasi tədbir kimi əhəmiyyətini qeyd etməyə bilmirəm. Onu da qeyd etmək istəyirəm ki, dövlət başçısı hər il Naxçıvanda olur və burada gedən işləri, inkişafı daim yüksək dəyərləndirir. Bu dəfə də məhz belə oldu. Dövlət başçısı yenə də Naxçıvan Muxtar Respublikasında gedən quruculuq-abadlıq işlərini, iqtisadi islahatları yüksək dəyərləndirdi və bunlar da şəxsən məni Naxçıvan şəhərindən seçilən bir deputat kimi, bir naxçıvanlı kimi çox ruhlandırdı, qürurlandırdı. Qürurla deyərdim ki, Naxçıvan, blokada şəraitində yaşamasına baxmayaraq, ölkənin digər bölgələrinin çoxundan, bəlkə də əksəriyyətindən çox inkişaf edib, inkişaf yolu keçib. Dövlət başçısı özü də daim Naxçıvanı öz diqqət mərkəzində saxlayır, ona qayğısını, köməyini əsirgəmir. Naxçıvandakı bu uğurlar, inkişaf, demək olar ki, onun adı ilə bağlıdır.
- Qeyd etdiyiniz uğurlu iqtisadi islahatlar, inkişaf təkcə Naxçıvan şəhərini əhatə edir, yoxsa bu diyarın digər rayonlarını, kənd və qəsəbələrini də...
- Bəli, bu uğurlar nəinki Naxçıvan şəhərini, onun bütün bölgələrini əhatə edir. Çox fərəhləndirici haldır ki, başqa regionlardan fərqli olaraq Naxçıvanda bu gün qaz-işıq problemi yoxdur. Hətta Naxçıvanın ən ucqar bölgələri də qaz və işıqla təmin olunublar. Həmin ucqar bölgələrdə tikilən orta məktəb binaları, deyərdim ki, Avropa standartlarından belə yüksək səviyyədə inşa olunublar. Naxçıvanda Heydər Əliyev Sarayının istifadəyə verilməsi, "Duzdağ" Müalicə Mərkəzi, orada yaradılan şərait, beşulduzlu mehmanxana bölgəyə əsrarəngiz gözəllik verir. Açığını deyim ki, bəlkə heç Avropa şəhərlərində belə mehmanxana yoxdur. Ümumiyyətlə, Naxçıvanda tikilən məktəblər, uşaq bağçaları, idman-olimpiya kompleksləri və digər obyektlər, hər nə varsa, hamısı ən yüksək səviyyədə inşa olunub və olunur. İnanın, Naxçıvan şəhərini gəzib-dolaşdıqca, adam buranın gözəlliyindən doya bilmir. Bu sözləri eynilə Naxçıvanın digər rayonları, bölgələri barədə də demək olar. Bu işlərin başa gəlməsində dövlət başçısının diqqət-qayğısını qeyd etməklə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun zövqünü və həyata keçirdiyi quruculuq-abadlıq işlərini də vurğulamaq istəyirəm. Özüm də bir naxçıvanlı, Naxçıvandan olan bir millət vəkili kimi, deyə bilirəm ki, buranın iqtisadiyyatı gözəl inkişaf edib və yüksək inkişaf yolundadır. Naxçıvan bu gün bir muxtar dövlət kimi artıq özü-özünü kənd təsərrüfatı məhsulları ilə təmin edə bilib. Bu gün Naxçıvana kənardan heç bir kənd təsərrüfatı məhsulu - kartof, taxıl, ət, süd məhsulları gətirilmir. Naxçıvanı bu gün ancaq və ancaq muxtar respublikanın öz məhsulları təmin edir...
- Bugünkü gündə bazarlarda ucuzluq necə, yaranıbmı?
- Bəli, bu gün Naxçıvan bazarlarında digər bölgələrlə müqayisədə xeyli ucuzluqdur. Bu yerdə onu da qeyd edim ki, Naxçıvanın təbii-mineral ehtiyatları da böyükdür: "Sirab", "Badamlı" və sair, bu gün bu məhsullara böyük tələbat var. Bu məhsullar Naxçıvanla yanaşı, bütün Azərbaycanı təmin edir. Bu gün Naxçıvanda çox gözəl "Badamlı" zavodu tikilib. Naxçıvanda ancaq bu ölkənin şərab məhsulları satılır. Rusiyanın və yaxud hansısa bir ölkənin burada şərab məhsullarına heç bir ehtiyac yoxdur və ehtiyac da duyulmur. Bununla yanaşı, Naxçıvanda taxıl istehsalı ilə bağlı Dövlət Ehtiyat Fondu yaradılıb. Bu gün insanlar maraqlıdır ki, taxıl istehsal etsinlər, meyvə-tərəvəz yetişdirsinlər və sair və ilaxır. Bütün bu işlərin hamısı çox yüksə səviyyədə həyata keçirilib və keçirilməkdədir. Bir sözlə, Avropanın ən inkişaf etmiş dövlətlərində olan bütün parametrlərə Naxçıvanda rast gəlmək mümküdür.
- Eldar müəllim, siz əsasən, müsbət məqamlardan danışdınız və təbii ki, bu, başadüşüləndir. Ancaq çox zaman müxalif mətbuatda və müxtəlif dairələrdə Naxçıvanla bağlı mənfi məqamlar qabardılır. Yəni, buradakı insanların işsizlikdən əziyyət çəkmələri, iş dalınca Türkiyəyə, İrana üz tutmaları, bu zaman incidilmələri barədə fikirlər daha çox özünə yer alır...
- Təbii ki, bunlar müxalif düşüncəli insanların və çox vaxt qərəzli insanların fikirləridir, onları heç cür haqlı, əsaslı saymaq olmaz. Bu gün Naxçıvandan heç kim heç yerə getmir. Özü də işsizlik elə bir məsələdir ki, o dünyanın hər yerində var. İnsanlar Naxçıvandan Türkiyəyə gedirlər, Türkiyədən Naxçıvana gəlirlər, İrana gedirlər, İrandan bura gəlib-gedənlər olur. Burada da qeyri-adi heç nə yoxdur. Elə son 5 ildə muxtar respublika üzrə 35 min 740 yeni iş yeri açılması özü sübut edir ki, deylənlər əsassız söz-söhbətlərdən başqa heç nə deyil. Özü də açılmış iş yerlərinin 63,8 faizi daimi iş yerləridir. Bu isə, o deməkdir ki, ərazisi əsasən xarici dövlətlərlə sərhəddə yerləşən, sadələşdirilmiş birgə kömrük və keçid orqanları fəaliyyət göstərərək regionda iqtisadi cəhətdən əhalinin fəal hissəsinin iş dalınca yaxın-uzaq ünvanlara getməsinə ehtiyac qalmır.