HƏMKARLAR İTTİFAQLARINDA QADINLARIN ROLUNUN GÜCLƏNDİRİLMƏSİ İLƏ BAĞLI SEMİNAR KEÇİRİLMİŞDİR
Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası avqustun 26-28-də həmkarlar ittifaqları işçiləri və gender bərabərliyi üzrə qadın komissiyalarının üzvləri üçün "Gender bərabərliyinə kompleks yanaşma" mövzusunda seminar keçirmişdir.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və əməkdaşlarının iştirakı ilə təşkil edilmiş tədbirin məqsədi insan haqları kontekstində gender bərabərliyi məsələsi barədə dinləyicilərə məlumat vermək, həmkarlar ittifaqlarının əməli fəaliyyətinə gender tematikasının geniş tətbiq edilməsi üçün təşkilatların imkanlarına dair fikir mübadiləsi aparmaq, qadın problemləri və gender bərabərliyi üzrə komissiyaların real iş planlarını tərtib etmək idi. Seminarda "Hüquq bərabərliyi və onun cinslər arasında həyata keçməsi imkanları", "Həmkarlar ittifaqına üzv olmanın səbəbləri", "Həmkarlar ittifaqında qadın liderliyi. Şəxsi baxışlar" və s. mövzular geniş müzakirə olunmuşdur. İştirakçılar Birləşmiş Əmək Təşkilatının nümayəndəsi Y.V.Yeseninanın "İnsan haqları konteksində gender bərabərliyi" mövzusunda mühazirəsini maraqla dinləmişlər.
Kollektiv müqavilələrlə bağlı gender məsələlərinə də baxılmışdır.
Tədbirin sonunda seminar iştirakçılarına sertifikatlar verilmişdir.