PDF Oxu

Sosial

  • 11

Nəbatat bağı - 75

Nəbatat bağı - 75
Düz 75 il bundan əvvəl əsası qoyulan Nəbatat bağı bu gün dünyanın müxtəlif ölkələrində mövcud olan nadir nümunələri ilə zəngindir. Bu zənginlik Azərbaycan təbiətinin bütövlükdə zənginliyi ilə də əlaqədardır. Dünyanın bir çox ölkələrindən Azərbaycana gətirilən nadir nümunələrin hər bir geniş bir təbəqəyə təqdim olunur.
1934-cü ildən fəaliyyətə başlayan Nəbatat bağı paytaxtın mərkəz küçələrindən birində salınır. Məhz həmin ildən bu günə qədər də 80-100 hektarlıq sahədə fəaliyyətini davam etdirir. Dəniz səviyyəsindən 105-135 metr hündürlükdə salınan Bakı Nəbatat bağı Bakının cənub-şərq sisteminin yaşıl zonasına daxil olaraq, eyni zamanda, onun yaşıl mədəni mərkəzlərindən biri hesab olunur.
Bakı Nəbatat bağının elmi əhəmiyyəti kserofit floranın bütün məcmusu ilə nümayiş etdirilməsinin təkcə sovetlər məkanında deyil, eləcə də Avropada analoqunun olmaması ilə müəyyən edilir. Bu Bakı şəhərinin coğrafi cəhətdən Asiya və Avropa florasının qovuşuğunda yerləşməsi ilə izah olunur. Bundan əlavə Bakıda botanikləri öz ətrafında birləşdirən Nəbatat bağının olması, onu elmi-tədqiqat işlərinin və botaniki fikrin mərkəzi etdi.
Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efiryağlı və digər faydalı bitkilərin introduksiyası və iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən, nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.
Nəbatat bağında dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından, o cümlədən, Azərbaycan florasından olan 2000-dən artıq ağac, kol, çiçək və ot bitkilərinin kolleksiyası toplanmışdır.
1960-1978-ci illər bağın çiçəkləndiyi illər hesab olunur. Bu illərdə Nəbatat bağı Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Naxçıvan MR-in yaşıllaşdırılması üçün 100 növdən ibarət 10 minlərlə ağac, kol və çiçək bitkiləri vermiş, o cümlədən, Bakı şəhərinin Yaşıllaşdırma İdarəsinə və Abşeronun sənaye müəssisələrinə, Bakı Məişət Kondisionerləri zavoduna, Azərelektroterm, radio, gəmi təmiri zavodlarına, məktəb və bağçaların yaşıllaşdırmasına köməklik göstərmişdir. Həmin illərdə Nəbatat bağı 70 xarici ölkənin 290 Nəbatat bağları ilə toxum mübadiləsi aparmış, dərman, efiryağlı, sənaye və bəzək əhəmiyyətli bitkilərin aqrotexniki tövsiyələrini hazırlayıb təsərrüfatlara vermişdir.
Hazırda bağda Qafqaz florasından olan 125 növ nadir və nəsli kəsilməkdə olan və adları keçmiş SSRİ-nin və Azərbaycanın "Qırmızı Kitab"larına daxil edilmiş bitki kolleksiyası vardır. Mərkəzi Nəbatat Bağının nəzdində Elmi Şura və aspirantura fəaliyyət göstərir.
Mərkəzi Nəbatat bağı bir mədəni-maarif ocağı, yaşıllıq məbədi, respublikamızın canlı yaşıl muzeyi olmaqla, qiymətli, nadir bitkilərin genofondunun qoruyub saxlanması və mühafizəsində əvəzsiz rola malikdir.
Nəbatat bağında nadir və nəsli kəsilməkdə olan dekorativ bitkilərin bioekologiyası öyrənilir və onların bəzilərinin respublikanın yaşıllaşdırılmasında istifadəsi üçün aqrotexniki üsullar hazırlanır. İlk dəfə olaraq Azərbaycanın iqlim-torpaq şəraitinə uyğun 200-dən artıq dekorativ qızılgül sortlarının kolleksiyası toplanmış, onlardan 86 sortun respublikada becərilmə aqrotexnikası işlənib hazırlanmışdır. Bağın kolleksiyasına daxil edilmiş yeni 14 ağac, kol növü, 12 dekorativ və dərman bitkisi növünün Abşeron şəraitində bioekoloji xüsusiyyətləri öyrənilmişdir.
MNB-in kolleksiyasını zənginləşdirmək məqsədi ilə bağın əməkdaşları Azərbaycanın müxtəlif bölgələrində - Qazax-Gəncə, Quba-Qusar, Lənkəran-Masallı, Naxçıvan, Şamaxı və s. ekspedisiyalarda olurlar. Həmin bölgələrdən ağac, kol, çiçək bitkilərinin əkin və səpin materialları (dəmirağac - Parrotia və ağcaqayın - Acer cinslərinə daxil olan növlər, evkalipt - Eucalyptus, limon - Citrus, kinkan - Fortunella, mandarin - Citrus, akasiya - Acacia, küstüm - Mimosa, qızılgül - Rosa, bənövşə - Viola, əzgil - Mespilus, banan - Musa, kivi - Kiwi, feyxoa - Acca və s.) gətirilərək MNB-də introduksiya edilmişdir.
Elmin istehsalatla əlaqəsini gücləndirmək məqsədi ilə MNB-də Şamaxı dayaq məntəqəsi fəaliyyət göstərir. Bu məntəqədə terras üsulu ilə əkilmiş qozmeyvəli bitkilərdən ibarət böyük kolleksiya yaradılmışdır.
AMEA Mərkəzi Nəbatat Bağı elmi məlumat, toxum və əkin materialları mübadiləsi, birgə elmi tədqiqatlar, konfranslarda iştirak vasitəsilə beynəlxalq əlaqələr yaradır. Mərkəzi Nəbatat Bağı hər il Yaponiya, Almaniya, İsveç, Rusiya, İngiltərə, Yunanıstan, Bolqarıstan, Fransa, ABŞ, Finlandiya, Çin, Rumıniya, Avstriya, İtaliya, Türkiyə və başqa ölkələrin bir sıra Nəbatat bağları ilə toxum mübadiləsi aparır.
Qiymətli və Azərbaycanın "Qırmızı Kitabı"na daxil olmuş nadir və nəsli kəsilməkdə olan bitkiləri qıran şəxslər "Azərbaycanın İnzibati Xətalar Məcəlləsi" nin 127-ci maddəsinə əsasən hüquqi və inzibati qaydada cəzalandırılır.

Digər xəbərlər