Məcburiyyət ananı məhkəməyə üz tutmağa vadar edib
Vəkil Rəfael Mustafayev: "Məhkəmə qətnaməsinin qəsdən icra edilməməsi cinayət məsuliyyəti daşıyır"
Azərbaycanda, bütün sahələrdə olduğu kimi, məhkəmə - hüquq sistemində də ciddi dəyişikliklər, islahatlar aparılıb. Bu da vətəndaş cəmiyyəti quruculuğunda dövlətimizin atdığı ən önəmli və əhəmiyyətli addımlardandır. Bu da, ondan irəli gəlir ki, Azərbaycan dövləti gələcək inkişaf prioritetlərini şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin sivil məcrada inkişaf etdirilməsində maraqlıdır. 18 mart 2009-cu ildə ölkəmizdə keçirilən referendumdan sonra insan hüquq və azadlıqlarına dair müddəalar zamanın diqtə etdiyi Konstitusiya islahatları ilə daha da mükəmməl xarakter almışdır. Artıq tam əminliklə demək olar ki, hər bir insanın hüquqları dövlət tərəfindən ən yüksək səviyyədə qorunur. Düzdür, acı təəssüf hissi doğuran hal odur ki, bəzən ayrı-ayrı vətəndaşlar qanunların pozulmasına bilərəkdən səylər göstərirlər. Bu cəhdlərə müəyyən hallarda hüquq-mühafizə orqanları da rəvac vermiş olurlar. Bu cür neqativ hallar istisna təşkil etsə də, hər halda mövcuddur. Belə istisna faktlardan biri də Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi Ç.Nəsirov küçəsi dalan 5 ev 10-da yaşayan Əmraslanova Aygün Baba qızının başına gəlib.
Hər bir gənc qız kimi A.Əmraslanova da gözəl ailə qurub, oğul-qız anası olmaq istəyib. Bu arzu və istəklə də toylarda tamadalıq, bəzən isə müğənnilik edən Kərimov Nurlan Bəylər oğlu ilə ailə həyatı qurur. Bu nigahdan onların Ozan və Elnar adlı övladları da dünyaya gəlir. Ancaq Nurlanın ailəsinə, uşaqlarına baxımsız yanaşması, bəzən günlərlə evə gəlməməsi nəticədə ailənin dağılmasına gətirib çıxarır.
Bu barədə redaksiyamıza ünvanladığı üzüntü dolu məktubunda A.Əmraslanova N.Kərimovdan boşandıqdan sonra yaşamaq üçün maddi sıxıntılarının bir qədər də ağırlaşdığını qeyd edir. Əlavə edir ki, uşaqlarını saxlamaq üçün ən ağır işləri görməkdən belə çəkinməyib. 28.02.2007 və 22.02.2008-ci il tarixlərində Suraxanı rayon məhkəməsi uşaqların saxlanılması üçün 150 manat aliment kəsib: "Təəssüf ki, qərarın qəbul olunmasından bu günə kimi Kərimov Nurlan Bəylər oğlu aliment borclarını ödəmək istəməyib. Yalnız 2008-ci ildə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun qəbulunda olduqdan sonra aliment borclarının məcburi qaydada ödənilməsi Xətai rayon məhkəməsi tərəfindən həyata keçirilib".
Şikayətçi ana qeyd edir ki, Fikrət Məmmədovun qəbulunda olduqdan sonra, problemi qismən həll edilsə də, növbəti aylarda yenidən problemləri davam etdirilir. Bu barədə Xətai rayon məhkəmə icraatçıları şöbəsinin rəisi Orxan Qasımova dəfələrlə şikayət etsə də, nəticəsiz qalıb: "Yalnız dövlət orqanlarına ardıcıl şikayətlərindən sonra 13.02.2009-cu ildə N.Kərimov inzibati xətalar haqqında müddəaları pozduğuna görə, 20 manat cərimə edilib. Eyni zamanda, 20.03.2009-cu ildə Cinayət Məcəlləsinin 176.1 maddəsinə əsasən, təqsirli bilinib, 6 müddətinə qazancının 10 faizi məbləğində islah işləri cəzasına məhkum olunub".
Qeyd etmək yerinə düşər ki, Xətai rayonu məhkəmə icraatçıları şöbəsinin iddialarına görə, N.Kərimovun adına heç bir mülkiyyət yoxdur. Lakin araşdırmalar və eləcə də, A.Əmiraslanovun təqdim etdiyi sənədlərə görə, N.Kərimovun adına "Bank of Azərbaycan" ASC-nin 8 saylı fialına girov qoyulmuş "Mersedes-Benz S 180" markalı avtomaşın, dükanı və Xətai rayonunda üçotaqlı evi var. Eləcə də, N.Kərimov şadlıq evlərində tamadalıq, bəzən isə müğənnilik edir. Yəni bu şəxsin məhkəmənin kəsdiyi alimenti ödəmək üçün kifayət qədər imkanları var. Əgər aliment ödənilmirsə, bu, təbii ki, Xətai rayonu məhkəmə icraatçıları şöbəsinin zəifliyidir. Nəzərə almaq lazımdır ki, 18 mart referendumunda qəbul edilən Konstitusiyanın 129-cu maddəsinin ikinci hissəsinə görə, "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur".
Yasamal rayonundakı 1 saylı hüquq məsləhətxanasının vəkili Rafael Mustafayevin sözlərinə görə, məhkəmə qətnaməsinin qəsdən icra edilməməsi cinayət məsuliyyəti daşıyır: "Cinayət Məcəlləsinin 306.1 maddəsinə görə məhkəmə hökmünün bilərəkdən icra edilməməsi cinayət məsuliyyəti hesab olunur. Bu isə iki ilə qədər azadlıqdan məhrumetmə cəzası deməkdir".
Vəkilin sözlərinə görə, yerli məhkəmə icraatçıları şöbələri məhkəmə qərarlarını icra etməyə məsuldurlar: "Ədliyyə orqanı əməkdaşları məşğulluq mərkəzlərində iş taparaq işsiz şəxslərin orda işləməsini təmin etməlidir. Daha sonra onlardan pul tutularaq məhkəmə qərarlarının icrasına yönəldilməlidir".
Bir sözlə, qısaca onu demək olar ki, ağır yaşayış şəraiti ilə üzləşən A.Əmiraslanovanın pozulmuş hüquqlarının bərpa edilməsi üçün imkanlar heç də tükənməyib. Yəqin ki, müvafiq məhkəmə icraatçıları doğma övladına baxımsız yanaşan atanın cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması üçün məhkəmə orqanları qarşısında vəsadət qaldıracaqlar. Əgər Xətai rayon məhkəmə icraatçıları şöbəsi məsələyə etinasız yanaşsa, vay onda o ananın, xüsusilə də, körpə məsum uşaqların halına.
(P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.)