İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Məmmədbaqi Bəhrami dünən Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, Oqtay Əsədov M.Bəhramini ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmiş, ona diplomatik fəaliyyəti dövründə Azərbaycan-İran münasibətlərinin daha da inkişaf etdirilməsi işində uğurlar arzulayıb. Milli Məclisin sədri, xalqlarımız arasında mövcud olan tarixi, mədəni bağlılığın ölkələrimizin dostluq əlaqələrinin inkişaf perspektivlərinə nikbinliklə baxmağa əsas verdiyini bildirib. O.Əsədov Azərbaycan-İran əlaqələrinin bugünkü yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmiş, qarşılıqlı səfərlər çərçivəsində 90-dan artıq sənədin imzalandığını bildirib.
Parlamentin sədri İran ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin xalqlarımızın ümumi mənafeyinə xidmət etdiyini, Azərbaycan-İran dövlətlərarası müştərək komissiyasının iqtisadi əlaqələrimizin inkişafına dəyərli töhfələr verdiyini vurğulayıb. O.Əsədov bildirib ki, münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələrin rolu böyükdür. Təqdirəlayiq haldır ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımızın qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq qurumlarda görüşləri bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Milli Məclisin sədri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində İranın dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq qalaraq, BMT və İKT çərçivəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirmiş, rəsmi Tehranın gələcəkdə də bu mövqedən çıxış edəcəyinə ümidvar olduğunu bildirib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən səfir Azərbaycanda diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib. Qonaq İranın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayaraq bildirib ki, bu gün iqtisadi, mədəni, humanitar sahələrdə əldə edilmiş nailiyyətlərin gələcəkdə daha da artırılması üçün yaxşı imkanlar var. Görüşdə Azərbaycan-İran əməkdaşlığının inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.