Avropa Komissiyasının nümayəndələri ölkə QHT-lərinə texniki yardım edəcəklər
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (ARPQHTDDŞ) Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov Avropa İttifaqı Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin siyasi məsələlər üzrə məsul təmsilçisi Manfredas Limantas, Nümayəndəliyin layihə rəhbəri Nikolay Bekazyak və maliyyə, müqavilə şöbəsinin əməkdaşı Lars Dal ilə görüşüb. ARPQHTDDŞ-nın katibliyindən SİA-ya verilən məlumata əsasən, görüşdə Şura ilə Avropa İttifaqının qurumları arasında birgə fəaliyyət və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə birgə layihələrin maliyyələşdirilməsinin hər iki təşkilat, həmçinin Azərbaycan QHT-ləri üçün önəmli olduğunu bildirən F.Qurbanov artıq Şuranın Dünya Bankı ilə bu cür müştərək layihələr həyata keçirdiyini qeyd edib.. F.Qurbanov bu əməkdaşlığın həm layihə ideyası, həm həyata keçirilən tədbirlər, həm də monitorinq üçün zəngin təcrübə verdiyini deyib.
Görüş zamanı Azərbaycan QHT-lərinin ehtiyacları ilə maraqlanan qonaqlara bildirilib ki, şura bu ehtiyacların ödənməsi üçün ciddi səylər göstərir. Daha sonra qeyd olunub ki, şura maliyyə dəstəyindən başqa QHT-lərə təşkilati-texniki, konsultativ, metodik və digər yardımlar da göstərir.
"Bundan əlavə, 2010-cu ildə QHT-lərə maliyyə yardımı müsabiqələrinin daha effektiv keçirilməsi, eləcə də müsabiqə qaydalarını və mexanizmlərini təkmilləşdirmək məqsədilə şura yerlərdə ictimai sektorun təmsilçiləri və ictimaiyyətin nümayəndələri ilə kütləvi görüşlər keçirməyə başlayıb. Ümidvarıq ki, bu görüşlər işimizin təşkili üçün faydalı olacaq", - deyə F.Qurbanov qeyd edib.
Tədbirdə təmsil etdikləri qurumun Azərbaycan QHT-lərinə tezliklə texniki yardım etməyə hazır olduğunu deyən qonaqlar birgə fəaliyyət və qarşılıqlı əməkdaşlıq üçün məsləhətləşmə və görüşlərin davam etdirilməsini vacib saydıqlarını bildiriblər.
Qeyd edək ki, hal-hazırda şura tərəfindən regional QHT-lər üçün QHT və layihə idarəetməsi və mühasibat uçotunun aparılması, QHT-lərin KİV-lə əməkdaşlıq mexanizmləri və sair mövzularda təlimlər keçirilir.