Azərbaycanın hərbi büdcəsinin artması obyektivlikdən irəli gəlir
Məlum olduğu kimi, xaricdə fəaliyyət göstərən erməni diaspora təşkilatları beynəlxalq qurumlara müraciət edərək bildiriblər ki, Azərbaycanın hərbi sahəyə ayırdığı vəsait ildən-ilə artmaqdadır. Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu burada qeyri-adi heç nə olmadığını bildirdi.
- Bu, erməni diasporunun bu və ya buna oxşar səpkidə çıxışları, bəyanatlar verməsi və yaxud da hansısa nüfuzlu beynəlxalq təşkilatlara müraciət etməsi yeni bir hal deyil. Bu, ardıcıl xarakterli bir məsələdir. Demək olar ki, diaspor təşkilatları tez-tez bu cür bəyanatlarla çıxış edir və hansısa bir təşkilata müraciət edir. Erməni diasporları nüfuzlu təşkilatlardan ölkəmizə qarşı hər hansı bir sanksiyaların tətbiq olunması istənilir. Fikrimcə, bütün bunlar tamamilə məntiqsizdir. Birincisi, nəzərə alsaq ki, Ermənistan dəfələrlə Rusiyadan qarşılıqsız küllü miqdarda silah-sursat almışdır. Buna qalanda isə BMT-nin qətnaməsində münaqişə tərəfin bu və digər şəkildə silahlandırılması beynəlxalq prinsiplərə tamamilə ziddir. Yəni, Ermənistan tərəfinin, məhz bu cür iddialarla çıxış etməsinin heç bir əsası yoxdur, bu, məsələnin birinci tərəfidir. O ki qaldı məsələnin ikinici tərəfinə, düzdür, Azərbaycanın hərbi qüdrəti gündən-günə artmaqdadır. Bu da bizim obyektivliyimizdən irəli gəlir. Çünki ölkəmizin adambaşına gələn gəlirləri də ilbəil artmaqdadır. Amma Ermənistanda bu iqtisadi artım yoxdur. Əksinə, işğalçı ölkənin iqtisadi potensialı tamamilə tükənmişdir. İstənilən inkişaf edən bir ölkədə iqtisadi potensial yüksəlirsə, dövlət büdcəsi artırsa və digər sahələrlə yanaşı, hərbi xərclər də artırılır. Birincisi, Azərbaycan dünya standartlarına uyğun ordu quruculuğu ilə məşğul olur. Bu da kifayət qədər hərbi xərc tələb edir, burada qeyri-adi bir məsələ yoxdur. Respublikamızın hərbi xərcləri hazırda iki milyard civarındadır və bu da Ermənistanın dövlət büdcəsinə yaxın bir rəqəmdir. Bu hal da erməniləri qıcıqlandırır, bu da təbii haldır. Bir sözlə, deyə bilərəm ki, Ermənistan Azərbaycanın hərbi xərclərinin artmasına qısqanclıqla yanaşırsa, bu, yenə də Ermənistan tərəfinin reallıqları dərk etməməsindən, gedən proseslərin düzgün qiymətləndirə bilməməsindən xəbər verir.