PDF Oxu

Sosial

  • 10

Ermənistan reallıqlarla hesablaşmalı olacaq

Ermənistan reallıqlarla hesablaşmalı olacaq
Geosiyasi əhəmiyyətinə görə seçilən Cənubi Qafqazda sabitliyin bərqərar olması beynəlxalq ictimaiyyətin xüsusi maraq dairəsindədir. Dünya dövlətləri və qurumlar regionda mövcud münaqişələrin, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həll olunmasına daha çox diqqət yetirməkdədirlər.
Azərbaycan ordusunun qüdrəti münaqişəni hərb yolu ilə istənilən an ölkəmizin lehinə çözməyə imkan verdiyindən və günü-gündən silahlı qüvvələrimiz gücləndiyindən dünya dövlətləri məsələnin daha tez həllinə nail olmaq üçün Ermənistanın işğal etdiyi əraziləri azad etməsinin zəruriliyini daha qabarıq şəkildə gündəmə gətirirlər. YAP üzvü, millət vəkili Aydın Həsənov münaqişə ilə bağlı məsələyə münasibət bildirərək dedi ki, işğalçı ölkənin bu qeyri-konstruktiv mövqeyi elə bir vəziyyətə gətirib çıxaracaq ki, problemin hərbi müstəvidə həlli qaçılmaz olacaq:
- Bu isə, region dövlətləri arasında daha çox Ermənistanın mövqelərinin darmadağın olması deməkdir. Dövlət rəhbəri İlham Əliyev münaqişə ilə bağlı qeyd edir: "Baxmayaraq ki, son illərdə hərbi potensialımız böyük dərəcədə güclənmişdir, ancaq biz hələ də müharibə şəraitində yaşayırıq və belə olan halda, hərbi sahəyə, ordu quruculuğuna daim ən böyük diqqəti göstərməliyik. Əlbəttə, biz ümid edirik ki, nəhayət, Ermənistan tərəfi reallıqlarla hesablaşmalı olacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır".
Belə olan təqdirdə, münaqişənin həllinin uzanması bölgədə daha çox Ermənistana mənfi təsir göstərməkdədir. Çünki işğalçı siyasət faktiki olaraq Ermənistanın iqtisadiyyat da daxil olmaqla bütün sahələrədə inkişafını, mühüm regional layihələrdə iştirakını əngəlləyən əsas faktordur. Artıq Ermənistanda belə bir reallıq qəbul olunmaqdadır ki, əgər bu münaqişə mövcud olmasaydı, qlobal iqtisadi böhranın ölkəyə təsiri də indiki qədər acınacaqlı olmazdı. Həmçinin, Ermənistanın bir çox dairələrində o da etiraf olunur ki, münaqişənin davamı ölkənin bütün sahələrdə sonrakı inkişafının yenə də dəfələrlə geriyə atılması deməkdir.
Prezident İlham Əliyev danışıqlar prosesinin yekun mərhələyə daxil olduğunu da söyləyib: "Biz irəliyə doğru daha bir neçə addım ata bilmişik. Əlbəttə, Azərbaycanda, yəqin ki, Ermənistanda və dünyada münaqişənin mümkün qədər tez nizama salınmasına dair böyük ümidlər var. Biz irəliyə doğru hərəkət edirik. Bu, nikbinlik təlqin edir, danışıqlar prosesini möhkəmlədir. Baxmayaraq ki, atəşkəs barədə qərarın qəbul edildiyi 1994-cü ildən bəri münaqişə nizama salınmayıb, bir neçə il əvvəllə müqayisədə, bu gün münaqişənin nizama salınmasına ümidlər daha çoxdur. Buna görə də, hesab edirəm ki, münaqişəni bütün tərəflərin konstruktiv əməkdaşlığı, anlaşma üstünlükləri və maraqları ruhunda nizamlaya biləcəyik. Biz bunu istəyirik, buna can atırıq və öz tərəfimizdən buna nail olmaq üçün hər şeyi edirik".

Digər xəbərlər