Növbəti sessiyadan Azərbaycan yaxşı nəticələr gözləyir
Azərbaycanın işğal altında olan torpaqlarındakı vəziyyətlə bağlı məsələ BMT Baş Assambleyasının sentyabr ayının 23-30 tarixində keçiriləcək 64-cü sessiyasında müzakirə olunacaq. Sessiyanın gündəliyinə GUAM ərazilərində dondurulmuş münaqişələr, onların regionda təhlükəsizliyə təsiri və digər məsələlərlə bağlı müzakirələrin keçirilməsi daxil edilib.
Sözügedən problemlər sessiyanın gündəliyinə 14 və 18 saylı məsələlər kimi daxil edilib. Amma mövzuların konkret olaraq hansı gün müzakirə olunacağı dəqiqləşməyib.
Xatırladaq ki, adıçəkilən problemlərin müzakirəsi BMT-nin 63-cü sessiyasında nəzərdə tutulmuşdu, Amma sonradan növbəti sessiyada müzakirəsi barədə qərar qəbul olundu.
Mövzu ilə bağlı münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu "Səs"in müxbiri ilə söhbətində bildirdi ki, 2008-ci ilin mart ayının 14-də BMT-nin 61-ci sessiyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamə qəbul olunmuşdu. Ölkəmizin xeyrinə olan bu qətnamənin qəbulu Azərbaycan diplomatiyasının, daha dəqiq desək, ölkə Prezidenti İlham Əliyevin diplomatik qələbəsi idi. Çünki həmin qətnamədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təqdim etdiyi prinsiplərdə təklif olunan şərtlər müsbət mənada mahiyyətcə Azərbaycan üçün yaxşı nəticələr vəd edirdi. Hansı ki, orada Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş torpaqlarını qeyd-şərtsiz azad olunması məsələsi qoyuldu. Hamıya məlumdur ki, istər Praqa, istərsə də, Madrid prosesi çərçivəsində ermənilər Dağlıq Qarabağətrafı rayonların işğaldan azad olunması müqabilində müəyyən şərtlər irəli sürürdü. Eyni zamanda, qaçqınların, məcburi köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtması məsələsi çox ciddi şəkildə qoyulurdu. Onların gələcəkdə təhlükəsizliyinin təmin olunması məsələsi qoyuldu və bu, bir sıra, təxminən 5-6 prinsip var idi ki, bu da Azərbaycanın maraqlarına tamamilə cavab verən prinsiplər idi. 61- ci sessiyada nəzərdə tutulmuşdur ki, BMT-nin 62-ci sessiyası üçün hesabat hazırlansın. Prinsiplərin, qəbul olunmuş qətnamənin irəli sürülən tələblərinin həyata keçirilməsi ilə bağlı 62-ci sessiyada müzakirələr dinlənilməli idi. Amma BMT-nin Baş Assambleyasının məhz 64-cü sessiyasının çağırılması da özlüyündə müsbət bir haldır. Yalnız təəssüf doğuran hal odur ki, 61-ci sessiyada irəli sürülən kifayət qədər pozitiv prinsiplər, qəbul olunmuş qərarlar yenə də kağız üzərində qaldı.
Bütün bunlara baxmayaraq, görülən işləri, əldə olunan nəticələri böyük uğur kimi dəyərləndirən politoloq E.Mirbəşiroğlu bunu Azərbaycan diplomatiyasının siyasi qələbəsi olduğunu qeyd etdi. Ekspert onu da vurğuladı ki, bu, ən başlıcası dövlət başçısı İlham Əliyevin kifayət qədər əzmkarlıqla, əsil vətənpərvər kimi Azərbaycanın prinsiplərini müdafiə etməsini, ərazi bütövlüyü məsələsində, bir an da olsa, geri çəkilməməsi baxımından çox müsbət bir hal idi.
Qeyd edək ki, son vaxtlar danışıqlar prosesində dinamiklik kifayət qədər yüksəkdir. Prezidentlərin təxminən 2008-ci ilin sonundan başlayaraq, 2009-cu il ərzində bir neçə dəfə, daha konkret desək, 6 dəfə görüşləri keçirilib. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən də münaqişənin həlli ilə bağlı pozitiv fikirlər səsləndirilib. Məhz bu məqamda dünya birliyi tərəfindən münaqişənin tənzimlənməsinə diqqətin artdığı bir vaxtda BMT-nin Baş Assambleyasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində vəziyyətə dair dinlənilmələrin keçirilməsi və hər hansı bir qətnamənin qəbul olunacağı özlüyündə müsbət bir haldır və indiki məqamda hər hansı səmərə verəcəkdir.
Bir daha xatırladaq ki, BMT Baş Assambleyasının baş tutacaq 64-cü sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair iki məsələ müzakirə olunacaq.
Analitiklər bildirirlər ki, BMT-nin mexanizmlərinin Cənubi Qafqazda dondurulmuş münaqişələrin həlli prosesində, eyni zamanda, Dağlıq Qarabağ prosesində rolu "onların həlli üçün qanuni arenanı təmin edir". Politoloqlar hesab edir ki, "əsas məsələ BMT-nin bu münaqişələrin həllində hansı rolu oynayacağında deyil, əsas məsələ vaxt məsələsidir. "Dondurulmuş" münaqişələrlə mübarizə münaqişə aparan tərəflərin anlaşma dinamikası ilə, bununla yanaşı, hərəkət arenasının emosional, psixoloji və siyasi nəticələri nə dərəcədə bir arada tuta bilməsinin doğru dəyərləndirilməsi ilə daha əlaqəlidir. Belə ki, hər bir hərəkətə reaksiya veriləcək"
Analitiklərin sözlərinə əsasən, "müsbət nəticə şansları az olduqda münaqişəyə vaxtından tez cəlb olunmaq təhlükəsi hər zaman mövcudur". Dağlıq Qarabağ münaqişəsi kimi çətin münaqişənin dinamikasının proqnozlaşdırılması daha geniş baxış tələb edir, buna isə bəzən bəzi tərəflər, bəzən isə bütün tərəflər tərəfdar olur. Bununla da BMT münasib vaxtda münaqişəyə cəlb olunması ilə müsbət və sabit nəticələr əldə edilməsi üçün öz iştirakını və qanunuliyini qorumalıdır.
Cənubi Qafqazdakı münaqişələrin nədən dondurulmuş qalması məsələsinə gəlincə isə, ekspertlər hesab edir ki, "tərəflərə münaqişənin donudurulmuş qalması sərf etdikdə, münaqişə dondurulur. Dondurulma prosesinin hazırkı vəziyyətdən daha çox arzu olunduğuna əmin olduqdan sonra müdaxilə və ya müdaxilə edilməməsi haqqında son qərar verilə bilər."
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.