“Rəqabət Məcəlləsi” qanunu payız sessiyasında qəbul ediləcək
Parlamentin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadənin sözlərinə görə, məcəllə ölkənin iqtisadi inkişafının qanunvericlik bazasını təşkil edən mühüm hüquqi sənədlərdən biri olacaq. Sahibkarlıq fəaliyyəti sahəsində azad və sağlam rəqabətin təmin edilməsi və qorunmasının hüquqi əsaslarını müəyyən etməklə əmtəə, maliyyə xidmətləri bazarlarında fəaliyyət göstərən subyektlərin öz aralarında, eləcə də onlarla dövlət, özünüidarə orqanları arasında yaranan, rəqabətə təsir edən münasibətləri tənzimləyəcək.
Z.Səmədzadə onu da bildirdi ki, parlamentin ötən iclasında Rəqabət Məcəlləsi birinci oxunuşda əsas kimi qəbul edilib. Lakin qanun layihəsinin müzakirəsi zamanı bir sıra əlavə və dəyişikliklərin edilməsi təklifi olundu.
Z.Səmədzadənin sözlərinə görə, Rəqabət Məcəlləsinin layihəsi hazırlanıb və hazırda yaradılmış İşçi Qrup layihəyə təklif olunan əlavə və dəyişikliklər üzərində işləyir: "Sənədin birinci oxunuş müzakirəsi zamanı səslənmiş rəy və təkliflər İşçi Qrupu tərəfindən bir daha nəzərdən keçirilmiş, 15 maddə layihədən çıxarılmış, qanun layihəsi əsaslı surətdə təkmilləşdirilmişdir. Müzakirə zamanı qeyd edilmişdir ki, bu məcəllə özündə müəyyən edilmiş hallar istisna olmaqla, ölkə ərazisində rəqabətə təsir edən münasibətlərin iştirakçıları olan bütün bazar subyektlərinə şamil ediləcəkdir. Həmçinin, bu sənəd ölkə iqtisadiyyatını haqsız rəqabətdən qoruyacaq. Sənəddə, həmçinin, təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi məsələsi də əksini tapıb. Bu qanunda konkret olaraq inhisarçıların müəyyənləşdirilməsi və s. meyarlar da göstəriləcək".
Komissiya sədri bildirdi ki, məcəllədə həm də istehsalçıların, həm də istehlakçıların mövqeyi nəzərə alınacaq: "Ölkəmiz müstəqilliyini bərpa etdikdən, iqtisadiyyatımız gücləndikdən sonra belə bir məcəllənin hazırlanması zərurəti yaranmışdır. Azad bazar münasibətlərinin bir istiqamətini təşkil edən sağlam rəqabət iqtisadiyyatın inkişafına müsbət təsir edən əsas amillərdəndir. Azərbaycanda böyük quruculuq işləri gedir və bütün sahələrdə dinamik inkişaf vardır. Dünyanın ən aparıcı şirkətləri ölkəmizə investisiya qoyurlar. Daim inkişafda olan dünya prosesləri ölkədə sənaye strukturunun təkmilləşdirilməsinə və bu baxımdan da sağlam rəqabəti tənzimləyəcək Rəqabət Məcəlləsinə ehtiyac yaradır".
İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincəsə, hazırlanan proqram dövlətin biznes və ya sahibkarlara həm birbaşa, həm də dolayı yardımlarını nəzərdə tutmalıdır: "Məsələn, yerli məhsulların ixracının stimullaşdırılması istiqamətində ilk növbədə İqtisadi İnkişaf Nazirliyi yerli məhsulların xarici bazara çıxarılması ilə bağlı fəaliyyətini genişləndirməklə Azərbaycana həm valyuta axınlarına müsbət təsir göstərə, həm də yerli müəssisələrin potenisalını gücləndirə bilər. Böhran dövründə müqayisəli üstünlüklərə malik məhsullar balıq və balıq məhsulları, kənd təsərrüfatı məhsulları, spirtli içkilər hesab edilir".
Ekspertə görə, sözügedən məhsulları istehsal edən müəssisələrin rəqabət qabiliyyətini artırmaq üçün isə ilk növbədə dövlət tərəfindən "Rəqabət Məcəlləsi qanunu"n qəbulu tezləşdirilməlidir: "Antiinhisar tədbirlərinin səmərəli həyata keçirilməsi üçün qanunvericilik bazasının möhkəmləndirilməsinə ehtiyac var. Rəqabət Məcəlləsinin qəbulunun yubanması rəqabət mühitinə neqativ təsir göstərir. Buna görə də antiböhran tədbiri kimi sözügedən məcəllənin qəbulu sahibkarlığın inkişafına müsbət təsir göstərə bilər. Paralel olaraq süni qiymət artımlarına qarşı kompleks mübarizənin gücləndirilməlidir. İnhisarçılığa qarşı mübarizənin genişləndirilsə, bazarda sağlam müəssisələr qalacaq. Bununla yanaşı, antiböhran tədbirləri həyata keçirmək üçün ilk növbədə ölkədə kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq lazımdır. İstər MDB ölkələrində, istərsə də inkişaf etmiş dövlətlərdə hazırlanan antiböhran proqramlarının aparıcı istiqaməti sahibkarlığın stimullaşdırılmasına istiqamətlənən tədbirlərin həyata keçirilməsidir".