1969 - cu il: Müstəqilliyə doğru dönüş və milli oyanışın başlanması
Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Ulu Öndər Heydər Əliyev şəxsiyyəti ilə, Onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. O, bu quruculuğa hələ 1969 - cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl başlamışdı. Azərbaycanın hüquq - mühafizə orqanlarında fəaliyyətə başlayan ulu öndər Heydər Əliyev qarşısına çıxan (daha doğrusu, çıxarılan) bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin - SSRİ - nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.
Beləliklə, XX əsrin uzaq 20 - 30 - cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK - nın) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında, məhz Heydər Əliyev girişmişdir. Bu gün bütün azərbaycanlılar, o cümlədən, xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza həyata keçirdikləri 1918 - ci ilin Mart soyqırımından sonra 1920 - ci ilin sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızın sovet hakimiyyətinin "qurucuları" cildinə girərək qırdılar. Onlar "KQB" - də (Dövlət Təhlükəsizliyi Komitəsində) və "NKVD" - də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri" uydurma "cinayət işləri" qaldıraraq, 20 - 30 - cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə - neçə Cavidləri, Müşfiqləri, Salman Mümtazları - Azərbaycan xalqının qaymaqlarını məhv etdilər. Azərbaycanın qabaqcıl, milli ruhlu ziyalılarına qarşı, sözün əsil mənasında, soyqırımı törətdilər. Bu baxımdan Heydər Əliyevin "KQB"-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyildi! Başaq sözlə, Heydər Əliyev qeyrətli və milli əhval - ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizliyi Komitəsinə işə cəlb etməklə, əslində, xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.
XX yüzilliyin 60 - ci illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli qaynar fəaliyyət dövrü başlandı. 1969 - cu ildə - Azərbaycan SSR - də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasısının Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bunula, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı dövrü sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdır.
Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə dərindən ölçüb - biçərək ölkənin uzun müddətli, dinamik və hər tərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlardaca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev Dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.
Böyük siyasətçi iqtisadiyyat (o cümlədən, kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində bir sıra çox mühüm, əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü - özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi - texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati - iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.
1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.
1970 - 1985 - ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq, respublikanın ali və orta ixtisas təhsil şəbəkəsi genişləndirildi. SSRİ - nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişfına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.
Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən böyük azərbaycanlı hələ o vaxtlar zamanı qabaqlayaraq, XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.
Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı - bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı!
Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin ağalığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı.
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütüb bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində, XX yüzilliyin 70 -ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə - yükşəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizə tarixində misilsiz xidmətidir. Bütün bunlardan sonra, fikrimizcə, Ümummilli lider Heydər Əliyevin prezidentlik dövründəki fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqənin, dialektik vəhdəti isbat etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir!
Həmin faktların ən böyüyü isə bu idi ki, dünya sosializm sisteminin və böyük sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ - nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.
Beləliklə, Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991- ci il oktyabrın 18 - də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən, Şimali Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.