“Ulu öndər diplomatık uğurlarımızın əsasını qoyub”
Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə konfrans keçirilib. Konfransda Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, Azərbaycanın xarici ölkələrdəki səfirləri və konsulları iştirak ediblər. Öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Sonra ulu öndərin dövlətçilik fəaliyyətini əks etdirən muzeylə tanış olan qonaqlar oradan xoş təəssüratlarla ayrılıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfrans iştirakçılarını və diplomatları təbrik edərək deyib ki, qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın beynəlxalq münasibətlər və diplomatiya tarixi olduqca zəngindir.
"Qədim Azərbaycan dövlətləri olan Ağqoyunlu və Səfəvilərin Azərbaycan diplomatiyasının inkişafında xidmətləri böyükdür. Bu dövlətlərin Vatikan, Venesiya və Macarıstan kimi nüfuzlu dövlətlərlə münasibətləri diplomatiya tariximizin "qızıl fondu"na daxil olub.
Naxçıvanın muxtariyyət əldə etməsindən sonra xarici dövlətlərlə əlaqələr sahəsində formalaşmış təcrübəsi Azərbaycan dövlətçilik ənənələrinin daha da zənginləşməsinə xidmət edib"-deyə V.Talıbov bildirib.
Ali Məclisin sədri qeyd edib ki, ötən əsrin 20-ci illərində Azərbaycanın himayəsi altında muxtariyyət qazanmış Naxçıvanın Maku, Xoy və Təbrizdə konsulluqları, Bakı, Tiflis və İrəvanda nümayəndəlikləri yaradılıb, Rusiya Federasiyasının Qarsdakı konsulluğu yanında müvəkkilliyi təşkil olunub. 1924-cü ilədək Naxçıvanda Türkiyənin hərbi nümayəndəliyi, 1938-ci ilədək isə İranın konsulluğu fəaliyyət göstərib.
"Müstəqillik illərində Azərbaycan diplomatiyası əldə etdiyi ciddi nailiyyətlərə görə ümummilli lider Heydər Əliyevə borcludur. Böyük dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə qayıdışı ilə ölkəmizin təklənməsinə səbəb olan kortəbii xarici siyasətə son qoyuldu. Mehriban qonşuluq münasibətlərinin və tarazlaşdırılmış xarici siyasətin tətbiqi Azərbaycanı beynəlxalq birliyin və Avropa ailəsinin nüfuzlu üzvünə çevirdi"-V.Talıbov vurğulayıb.
Natiq onu da qeyd edib ki, ulu rəhbərimizin siyasi xəttini davam etdirən Prezidentimiz İlham Əliyevin 2005-ci il 31 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsi təşkil olunub.
"Ötən il Azərbaycan Respublikası Xarici işlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yeni inzibati binasının açılış mərasimində dövlətimizin başçısı İlham Əliyevin şəxsən iştirak etməsi, bu il isə Azərbaycanın diplomatik xidmətinin 90 illiyi münasibətilə konfransın Naxçıvanda keçirilməsi barədə tapşırıq verməsi, Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalaması muxtar respublikanın tarixi keçmişinə, Azərbaycan diplomatiyası və dövlətçilik tarixində oynadığı müstəsna rola verilən yüksək qiymətin əyani ifadəsidir".
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan dövlətinin çoxəsrlik tarixinin vacib siyasi və mədəni mərkəzlərindən biri olan Naxçıvanda Azərbaycan diplomatiyasının 90 illiyi münasibətilə keçirilən konfransda iştirakından məmnunluğunu ifadə edib, bu tədbirin yüksək səviyyədə təşkilinə görə diplomatik korpus adından minnətdarlığını bildirib.
"Azərbaycan diplomatiyasının 90-cı ildönümü deyəndə biz dövlətimizin peşəkar diplomatik xidmətinin məhz 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin Katibliyinə dair qərarın qəbul edilməsindən ötən müddəti nəzərdə tuturuq. Bildiyiniz kimi, bu tarixi fakt əsasında Prezident İlham Əliyev 2007-ci il 24 avqust tarixli Fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan edilib"-deyə XİN rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Sovet İttifaqı dövründə müstəqillikdən məhrum olmuş Azərbaycan SSRİ ali təhsil qurumları və diplomatik xidmət orqanlarının imkanlarından faydalanaraq milli diplomatik kadrların yetişdirilməsinə nail olub
"Xüsusilə də, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli kadr və mütəxəssislərin hazırlanması və müxtəlif sahələrdə irəliləməsi daha sistemli şəkildə həyata keçirilib. Bütün dünyanı əhatə edən sovet diplomatik xidmət qurumlarında və əsasən Yaxın və Orta Şərq istiqamətində azərbaycanlı diplomatlar və müxtəlif sahələr üzrə mütəxəssislər fəal iştirak edib, İran, Türkiyə, Əfqanıstan, İraq və digər ərəb ölkələrində yüksək səviyyəli fəaliyyətləri ilə fərqləniblər"-deyə E.Məmmədyarov vurğulayıb.
Natiq qeyd edib ki, XX əsrin sonunda Azərbaycan öz müstəqilliyini bərpa edib: "Həmin vaxt Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb. Belə bir mürəkkəb şəraitdə ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın ali rəhbərliyinə gəlməsi tarixi əhəmiyyətli hadisə idi.
Məhz ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönələn xarici siyasətin prioritet istiqamətləri müəyyənləşdirilib və onların həyata keçirilməsi təmin olunub. Böyük diplomatik məharət tələb edən uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın dünya birliyində geosiyasi əhəmiyyəti xeyli artıb".
XİN rəhbərinin sözlərinə görə, fəal xarici siyasətin nəticəsi olaraq, dünya dövlətlərinin və beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi istiqamətində səyləri güclənib.
"Ümummilli liderimizin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan siyasi və sosial-iqtisadi, hərbi və enerji strategiyası sahələrində yeni tərəqqi əldə edib.
Azərbaycan diplomatiyası fəaliyyətini gücləndirərək BMT, ATƏT, Avropa Şurası, NATO, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarların qəbul edilməsinə nail olub.
Biz Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə, Minsk qrupu həmsədrlərinin vasitəçiliyi əsasında həll edilməsi istiqamətində səylərimizi davam etdiririk. Azərbaycanın mövqeyi birmənalıdır, münaqişə yalnız beynəlxalq hüquq prinsipləri, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll oluna bilər.
Müstəqilliyimizin bərpasından sonra keçən on səkkiz il ərzində Azərbaycanın xarici siyasət strategiyasının uğurlu olmasının sübutu ondan ibarətdir ki, bu dövr ərzində ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda regional liderə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmişdir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz".
Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycan diplomatiyasının tarixindən və bugünkü uğurlarından danışıblar.
Konfransdan sonra Azərbaycan Respublikası diplomatik korpusunun nümayəndələri Naxçıvan şəhərindəki "Gənclik" mərkəzinə gələrək yubiley münasibətilə təşkil olunmuş konsert proqramını seyr ediblər. Naxçıvan Muxtar Respublikası Dövlət Filarmoniyasının müğənniləri klassik və müasir bəstəkarların mahnılarını ifa ediblər. Sonra qonaqlar Naxçıvanın görməli yerlərini gəzmiş, təbiət və tarixi abidələri ilə tanış olublar.