Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan ordusunun əleyhinə yazılar dərc edilməkdədir. Məsələyə münasibətini öyrəndiyimiz millət vəkilləri bunu düşmən dəyirmanına su tökmək kimi qiymətləndirdilər. Çünki Azərbaycan ordusu regionun ən güclü ordusudur.
Aydın Mirzəzadə,
millət vəkili:
-Azərbaycan ordusunun vəziyyəti qəzetlərin, yaxud da kimlərinsə fərqli mövqeyinə görə deyil, görülən real işlərə görə mövcuddur. Bu müsbət nəticələr də göz qabağındadır. Ordunun peşə hazırlığı, maddi-texniki təhcizatı və bu gün qarşısına qoyulan vəzifəni yerinə yetirmək imkanı kifayət qədər yüksək vəziyyətdədir. İlk növbədə bu, dövlətin, dövlət başçısının bu məsələyə diqqətindən irəli gəlir. Uğurlu siyasət nəticəsində NATO standartları və qabaqcıl ölkələrin təcrübəsi Azərbaycan ordusuna tətbiq edilir. Şübhəsiz ki, bu uğuru, bu irələyişi görmək istəməyənlər, yaxud da ona kölgə salmaq istəyənlər də olub və indi də var. Onlar da kiçicik bir məsələni şişirtmək, görülən işlərə kölgə salmaq kimi xüsusiyyətlər artıq vərdiş halı alıb. Mən hesab edirəm ki, bu məsələdə onların yazdıqları cəmiyyət tərəfindən ciddi qəbul edilmir. Onların nə yazdıqlarından asılı olmayaraq, xalq, cəmiyyət öz ordusuna inanır. Gənclər isə orduya böyük həvəslə gedirlər və canla-başla vətənə xidmət edirlər. Ordu da öz qarşısında duran vəzifələri yüksək səviyyədə yerinə yetirə bilir və bacarır.
Məlahət Həsənova,
millət vəkili:
-Artıq Azərbaycan, 20 ilə yaxındır ki, öz müstəqilliyini bərpa edib və müstəqil bir dövlət kimi, dünya birliyinin layiqli üzvülərindən birinə çevrilib. Hər bir dövlətin atributları olduğu kimi, Azərbaycanın da dövlət atributları var və bu dövlət atributlarından biri də ordumuzun mövcud olmasıdır. Dövlətimiz milli ordumuzdan hər an öz qayğısını, öz dəstəyini əsirgəmir. İstər ümümilli liderimiz Heydər Əliyevin vaxtında, istərsə də hazırda ordumuz gündən-günə inkişaf edir və güclənir. Mən onu da qeyd etmək istəyirəm ki, bu gün Azərbaycanın dövlət büdcəsindən orduya ayrılan pul, maliyyə qonşu respublikaların büdcəsinə bərabərdir. Bu gün Azərbaycanda ixtisaslı hərbi kadrların hazırlanması üçün hərbi təhsil sistemi yaradılıb.
Ordu xalqımızın bir hissəsidir. Ordu ilə xalq arasında münasibət olmayanda, ordunun gücündən və yaxud da həmin o dövlətin gücündən danışmaq bir qədər çətin olar. Təəssüf ki, mətbuatda ordumuzla bağlı xoşagəlməz yazılar yazılır. Amma ordumuza xalqımızın münasibəti, diqqəti birmənalı olaraq müsbət dəyərləndirilməlidir. Bildiyiniz kimi, dünyanın ən qüdrətli ordularında da, ən güclü dövlətlərin ordularında da əsgər və zabit arasında müəyyən neqativ hallar olur, bu, təbii haldır. Müəyyən mətbuat orqanlarının ordumuza qarşı belə şişirdilmiş yazıları yazıb, mətbuatda yayması, hesab edirəm ki, düşmənimizin dəyirmanına su tökmək kimi bir şeydir. Ona görə də, ordu ilə bağlı şişirdilmiş yazıların dərc olunması müsbət hal deyil.
Fazil Qəzənfəroğlu,
millət vəkili:
-Hər bir ölkənin ordusunda olduğu kimi, bizim orduda da bəzi nöqsanlar mövcudur və bu nöqsanlar olmalıdır da. Çünki ordu, silah olan yerdə müəyyən problemlər olur. Mənim fikrimcə, bu hadisələri belə şişirdilmiş vəziyyətdə mətbuata yaymaq yaxşı hal deyil. Çünki artıq son 5 ildə orduda xeyli irəliləyişlər var. Bu irəliləyişlər istər ordunun maddi-texniki təcizatı ilə, istərsə də ərzaq təminatı ilə bağlıdır. Azərbaycan ordusu inkişaf edir və edəcək də. Bizim milli ordumuz, inanıram ki, torpaqlarımızı işğaldan azad edəcək və bizim mərd övladlarımız öz vətənini, öz torpağını qorumağa, ona xidmət etməyə hər an hazırdır.