18 İyun Milli İnsan Hüquqları Günüdür
Məlum olduğu kimi, hər il iyunun 18-i Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunması ilə bağlı ümummilli lider Heydər Əliyev 1997-ci ildə sərəncam imzalayıb. Ombudsman Elmira Süleymanova bu tarixi günlə bağlı açıqlamasında bildirdi ki, ulu öndərimiz Heydər Əliyev 1998-ci il iyunun 18-də Azərbaycan Respublikasında "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq edib. 18 İyun Milli İnsan Hüquqları gününün birilliyi çərçivəsində ombudsman tərəfindən mayın 19-dan iyunun 18-dək insan hüquqları aylığı elan edilib:
- Bəşər sivilizasiyasının keçdiyi tarixi inkişaf mərhələlərinin son nəticədə qazandığı ən böyük nailiyyətlərdən biri insan hüquqlarına hörmət anlayışıdır. İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biri olmaqla, həmin hüquqların qeyd-şərtsiz təmin olunması beynəlxalq hüququn təminatlarından biridir. Hazırda demokratik mahiyyətli dövlət qurduğunu elan edən hər bir dövlət dünya birliyində özünə layiq yer tutmaq istəyirsə, o, ilk növbədə, öz ölkəsində insan və vətəndaş hüquqlarının, azadlıqlarının hərtərəfli qorunmasını təmin etməli, bu hüquq və azadlıqların sərbəst şəkildə və məhdudlaşdırılmadan həyata keçirilməsi üçün şərait yaratmalıdır.
BMT-nin Baş Məclisi tərəfindən 60 il bundan əvvəl 1948-ci il dekabrın 10-da Parisdə qəbul edilmiş "İnsan hüquqları haqqında Ümumi Bəyannamə" preambuladan və 30 maddədən ibarətdir. Ümumi Bəyannamə bəşər nəslinin bütün üzvlərinə məxsus olan ləyaqətin, onların bərabər və ayrılmaz hüquqlarının tanınmasının azadlıq, ədalət və ümumi sülhün əsası olduğunu, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin zəruriliyini, üzv dövlətlərin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıqda insan hüquqlarına hamılıqla hörmət göstərilməsinə və onlara riayət olunmasına yardım etməyi öhdələrinə götürdüklərini nəzərdə tutur. Ümumi Bəyannamədə elan edilir ki, "bəşər nəslinin bütün üzvlərinə mənsub olan bərabər və ayrılmaz hüquqların tanınması azadlıq, ədalət və ümumi sülh üçün əsasdır".
Bu gün ölkəmizdə ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquq islahatı həyata keçirilməyə başlamış və respublikamızda, ilk dəfə olaraq, üçpilləli məhkəmə sistemi yaradılmışdır. Hazırda da bu islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə, ilk dəfə olaraq, ölüm cəzası ləğv edilmiş, ümummilli liderin humanistliyi bütün dünyada bir daha təsdiqlənmişdir. Ölkəmizdə insan və vətəndaş hüquqları və azadlıqlarının müdafiəsi işində ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı və 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" mühüm rol oynamışdır. Respublikamız öz müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə əlaqələri genişlənmiş və dərinləşmişdir. Təsadüfi deyildir ki, 2001-ci ilin yanvar ayında, Azərbaycan Respublikası, Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Fransanın Strasburq şəhərində Avropa Şurasının iqamətgahı önündə müstəqil dövlətimizin üçrəngli bayrağının ucaldılması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən, məqsədyönlü, çevik və müdrik daxili və xarici siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.
Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Həmin sərəncamda qeyd edilir ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Həmçinin, ölkə başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər ilin iyun ayının 18-nin Azərbaycan Respublikasında insan hüquqları günü kimi qeyd edilməsi qərara alınmışdır.
Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işinin təkmilləşdirilməsi bu gün də davam edir. Respublikamızda insan, vətəndaş hüquq və azadlıqlarının daha etibarlı şəkildə müdafiəsini təmin etmək məqsədilə 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmiş, ölkəmizdə ilk dəfə olaraq ombudsman təsisatı yaradılmışdır və hazırda bu institut səmərəli fəaliyyət göstərir.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində demişdir: "Azərbaycan son beş ildə bölgədə öz mövqelərini daha da möhkəmləndirmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi sürətlə getmişdir. Müstəqilliyimiz möhkəmlənmişdir. Azərbaycanda siyasi və iqtisadi islahatlar uğurla aparılır. Demokratikləşmə prosesi uğurla gedir".
Dövlət başçısının bu sözləri, eyni dərəcədə, ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunmasına da aiddir.