“Qurtuluşdan başlanan yol”
İyunun 13-də "Hyatt Regancy" otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Qurtuluşdan başlanan yol" adlı konfrans keçirilib. Tədbirdən öncə YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri partiya fəalları Fəxri Xiyabana gələrək, ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarları önünə əklil və qızılgül dəstələri qoymuşlar.
15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan başlanan yol" adlı konfransı giriş sözü ilə açan YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi. YAP Sədrinin müavini Ə.Əhmədov Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu bildirərək, vurğuladı ki, ulu öndər Heydər Əliyevin tarixi qayıdışından başlanan Qurtuluş Günü münasibətilə "Qurtuluşdan başlanan yol" adı altında keçirilən konfransda, ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ötən 16 ildə keçdiyi inkişaf yoluna nəzər salınır, bir daha "Qurtuluş bizə nə verdi" sualı ətrafında məruzələr dinlənilir: "Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi də 1993-cü ildə Heydər Əliyevin tarixi qayıdışı ilə başlamış qurtuluş məfkurəsi ilə əlaqədardır. Qurtuluş fəlsəfəsi təkcə Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində düşdüyü bəlalardan xilas olması ilə ifadə olunmur. Baxmayaraq ki, Heydər Əliyevin həmin illərdə hakimiyyətə qayıdışını həm arzu edən, həm də öz xahiş və təkidli tələbini ulu öndərə ünvanlayan Azərbaycan xalqı, ilk növbədə, 1993-cü illərin faciələrindən xilas olmaq üçün Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətin qətiyyətinə, müdrikliyinə ehtiyac duyurdu. Amma Heydər Əliyev özünün missiyasını təkcə Azərbaycan xalqının düşdüyü bu bəlalardan xilas olunmasında görmürdü. Ona görə də, ulu öndər Heydər Əliyevin qayıdışı ilə başlanan Qurtuluş məfkurəsi, ilk növbədə, Azərbaycanı faciələrdən, parçalanmaqdan xilas etməklə yanaşı, eyni zamanda, ölkəmizin sonrakı sürətli, dinamik inkişafının da çox etibarlı fundamentini yaratdı. Bu mənada Qurtuluş təkcə Azərbaycanın müasir tarixinin keçmişi deyil. Bu keçmiş kifayət qədər şərəfli və xalqımızın tarixində əhəmiyyətli yer tutur. Qurtuluş, eyni zamanda, Azərbaycanın bu günüdür, bugünkü reallıqlarımız, ölkədə mövcud olan sabitlik, əmin-amanlıq, vətəndaşların əhvali-ruhiyyəsidir. Bundan da əhəmiyyətlisi Qurtuluşun Azərbaycanın sabahı olmasında, Qurtuluş məfkurəsinin özünü Azərbaycanın sabahında ifadə etməsindədir. Azərbaycan xalqı dövlətin gələcəyinə böyük inamla baxır. Bu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Qurtuluşun ölkəmizə qazandırdığı ən böyük uğurlardandır".
Ə.Əhmədov "Qurtuluş Azərbaycana nə bəxş etdi" sualına cavab olaraq bildirdi ki, bunun ən əhatəli cavabı ondan ibarətdir ki, Qurtuluş Azərbaycana bugünkü reallığı, gerçəkliyi, yüksəliş tempini, perspektivləri bəxş etdi: "Qurtuluşdan başlanan inkişaf, tərəqqi bu gün daha da sürətlənib, Azərbaycan ulu öndərin vurğuladığı kimi, demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlət üçün nümunə olub. Xalqımız yeni həyatın başlanğıcını qoyan ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqdir, bu irsin öyrənilməsi və təbliği istiqamətində səylər göstərir".
YAP İcra katibi müstəqil dövlətimizin Qurtuluşdan ötən dövr ərzində imza atdığı uğurlardan geniş bəhs etdi. Vurğuladı ki, Qurtuluşdan başlanan siyasət davam edir: "Prezident İlham Əliyev atdığı hər bir addımında ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirərək, Azərbaycanın daha yüksək zirvələri fəth etməsinə geniş imkanlar açır. Dövlət başçısının hər bir çıxışında "Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açılır" söyləməsi də bugünün reallıqlarına əsaslanır. Böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi möhkəmlənir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol, düşünülmüş və uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, iqtisadi cəhətdən qüdrətlənən Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub. İnkişaf etmiş, zəngin Azərbaycan və vətəndaşlarının xoşbəxt həyatının təmin edilməsi 15 İyun Qurtuluş tarixi ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, Azərbaycanı inkişafa, yüksəlişə, daim yüksəkdə dayanan dövlət kimi mövqeyinin daha da möhkəmləndirilməsinə geniş imkanlar açacaq".
Tədbirdə Baş nazirin birinci müavini Yaqub Eyyubov çıxış edərkən, öncə, Milli Qurtuluş bayramı münasibətilə Azərbaycan xalqını təbrik edərək bildirdi ki, gündən-günə qüdrətlənən, zənginləşən, dünyanın iqtisadi, siyasi, mədəni inkişafına öz töhfələrini verən, beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycan dövləti, zaman kəsiyi baxımından tarixin bir anı qədər kiçik olan bir dövr, 16 il bundan əvvəl vətəndaş müharibəsi və məhvolmanın astanasında idi. Hər bir vətənpərvər azərbaycanlını yalnız bir sual düşündürürdü - ölkəmiz bu ağır vəziyyətdən necə xilas olacaq? O dövrdə ulu öndər Heydər Əliyev Azərbaycan xalqını zamanın ən çətin sınaqlarından çıxardı. Ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail oldu.
Baş nazirin birinci müavini onu da vurğuladı ki, müstəqillik yollarında yenicə addımlarını atan hər bir dövlətin qarşısında bir sıra həlli vacib məsələlər dayanırdı ki, 1991-1993-cü illərdə bütün sahələrdə mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı: "Xalq belə çətin vəziyyətdə üzünü öz xilaskarına - ulu öndər Heydər Əliyevə tutdu. Ümummilli lider hakimiyyətə qaydışı ilə Azərbaycanı inkişaf yoluna çıxardı. Bu gün ölkəmiz beynəlxalq aləmdə sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, demokratik ölkə kimi tanınır və qəbul olunur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bugünkü uğurlarımız Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir".
Natiq müstəqil dövlətimizin bugünkü durumu ilə müstəqilliyimizin ilk illərindəki vəziyyəti müqayisə etməklə, Azərbaycanın hazırda inkişafın yüksək mərhələsində olduğunu qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev istər hakimiyyətinin birinci (1969-1982), istərsə də ikinci (1993-2003) dövründə bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsinə, qüdrətlənməsinə həsr edib. Xalqa xidmət, vətənə sədaqət hər iki dövrdə ümummilli liderin fəaliyyətinin əsasını təşkil edib. Y.Eyyubov ulu öndər Heydər Əliyevin "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir" fikrini xatırladaraq, 1991-1993-cü illərdə yaşananlara diqqəti yönəltdi: "Müstəqil dövlət kimi varlığını itirmək təhlükəsini yaşayan Azərbaycan, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu təhlükədən xilas oldu. 1994-cü ilin mayın 12-də atəşkəsin əldə olunması ulu öndərin düşünülmüş siyasətinin bariz nümunəsidir. Böhran içərisində olan Azərbaycanı tərəqqi yoluna çıxarmaq üçün bu addımın atılmasını zəruri hesab edən ümümmilli lider bütün çətinliklərə baxmayaraq, atəşkəsin imzalanmasına nail oldu".
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi qüdrətinin artmasına mühüm zəmin yarandığını deyən Y.Eyyubov malik olduğumuz təbii resurslardan səmərəli istifadənin nəticəsi olaraq Azərbaycanın iqtisadi imkanlarının gündən-günə artdığını, xalqın sosial-rifah halının yaxşılaşdığını vurğuladı. Təbii ki, bu da ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir.
Y.Eyyubov ulu öndər Heydər Əliyevin bugünkü uğurlarımıza, reallıqlara geniş zəmin yaradan fikirlərini diqqətə çatdırdı: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir", "Müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici siyasət aparmaq lazımdır", "Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır!" və s.
Sənaye və energetika naziri Natiq Əliyev konfransda çıxışında qeyd etdi ki, ölkəmizin hazırda iqtisadi göstəricilərinə görə regionda və dünyada liderliyi ələ alması, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyasının uğurlu nəticəsidir: "Azərbaycan ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dünyada tanındı və 1994-cü ildə atəşkəsə nail olunması iqtisadi tərəqqi üçün mühüm zəmin yaratdı. 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadiyyatına inteqrasiyanın əsası qoyuldu. Artıq çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft kəməri reallığa çevrilib. Kəmərin istimara verildiyi vaxtdan ötən dövr ərzində ölkəmizin iqtisadi, siyasi mövqeyində baş verən müsbət istiqamətdə dəyişikliklər göz qabağındadır".
N.Əliyev onu da vurğuladı ki, böyük enerji layihələrinin reallaşması ölkəni regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi: "Dünyaya inteqrasiya siyasəti həyata keçirən Azərbaycanın iqtisadi və siyasi imkanları onunla əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasında mühüm rol oynayır. Bu gün əsas müzakirə mövzularından biri enerji təhlükəsizliyinin təminatı istiqamətində həyata keçirilən layihələrin səmərəliliyini artırmaq, coğrafiyasını genişləndirməkdir. Məqsəd isə Baltik, Xəzər, Qara dəniz hövzələrindəki ölkələrin Avropaya inteqrasiyasını sürətləndirmək, fəallığı artırmaqdır.
Karbohidrogen ehtiyatları ilə zəngin, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mühüm əhəmiyyətli neft-qaz kəmərlərinin müəllifi olan, layihələrin reallaşmasında təşəbbüskar tərəf kimi etibar qazanan, Türkmənistan və Qazaxıstanın enerji ehtiyatlarının Avropaya nəqlində tranzit ölkə kimi maraq doğuran Azərbaycan geosiyasi əhəmiyyətinə görə də böyük əhəmiyyət daşıyır.
Təbii ki, miqyasına və əhəmiyyətinə görə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz layihələrindən heç də geridə qalmayan NABUCCO fərqli layihə kimi də diqqəti cəlb edir. Türkmənistan, Qazaxıstan, İran, İraq, Əlcəzair kimi neft-qazla zəngin dövlətlərin iştirakını nəzərdə tutan bu layihə coğrafiyasına və əhatə etdiyi dövlətlərin sayına görə də önəmlidir. Diqqəti bir məqama yönəltməklə Azərbaycanın enerji layihələrində tutduğu mövqeyə aydınlıq gətirmək mümkündür. NABUCCO-da iştirakı nəzərdə tutulan digər dövlətlərdən əvvəl layihə ilə əlaqədar Azərbaycanla danışıqların aparılması, rəy və təklifələrinin öyrənilməsi bir daha göstərir ki, ölkəmiz bütün beynəlxalq layihələrin reallaşmasında aparıcı tərəfdir. Təbii ki, bu uğurların əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır".
Millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında bildirdi ki, Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanın memarı və qurucusu olan Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürür duyurdusa, bizlər, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Onunla fəxr edirik: "Ulu öndərin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri, Azərbaycanda sıçrayışlı inkişafın təmin edilməsi ilə yanaşı, milli dəyərlərin, qədim ənənələrimizin, mentalitetimizin, milli-mənəvi sərvətlərimizin qorunub saxlanılmasında göstərdiyi əvəzsiz xidmətlərlə bağlıdır. Heydər Əliyev bütün məsələlərdə milliliyə, tarixi ənənələrə daha çox diqqət göstərirdi. Heydər Əliyev sübut etdi ki, tarixi keçmişi, gözəl ənənələri olan Azərbaycan xalqı, həm də yaradıcı xalqdır. Özünün nüfuzedici fəaliyyəti ilə ümumxalq yüksəlişinə təkan verən Heydər Əliyev xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli ruhun, milli qürur hissinin, mənəvi dəyərlərin güclənməsi üçün möhkəm zəmin yaratdı. Əməli fəaliyyəti ilə içində olan xalq sevgisini ifadə etdi".
Millət vəkili ümummilli liderin qurduğu müstəqil Azərbaycanın artıq dünyanın inkişaf etmiş dövlətlərindən biri kimi regionda söz sahibinə çevrildiyini bildirdi. Qeyd etdi ki, respublikamızın dinamik inkişafını və siyasi üstünlüklərini şərtləndirən əsas amil, məhz Heydər Əliyevin müstəqil Azərbaycanı etibarlı əllərə tapşırmasıdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu, əməli fəaliyyəti ilə ötən dövrdə tam sübuta yetirdi.
Millət vəkili, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov konfransda çıxış edərək, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən, bugünkü yeniliklərin, islahatların təməlinin ulu öndərin məhz Naxçıvanda yaşadığı illərdə qoyulduğunu qeyd etdi: "Gənc yaşlarından dövlət strukturlarında çalışmaqla zəngin təcrübə qazanan ulu öndər istər keçmiş sovetlər dönəmində, istərsə də 1993- cü ildən sonra ölkənin iqtisadi, sosial inkişafı naminə həyatını belə qurban verməyə hazır olduğunu dəfələrlə bildirmişdir. Arzusu, amalı Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş müstəqil, dünya birliyində tanınan bütöv bir dövlət kimi görmək idi. 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin rəhbərliyi ilə keçirilən bütün yığıncaqlar tarixi hadisə kimi hər zaman üçün aktual idi. Ölkədə mövcud olan ağır şəraitin Ermənistanın blokadasında olan Naxçıvana təsirini azaltmaq üçün gecə-gündüz çalışaraq, bütün səylərini problemlərin aradan qaldırılmasına yönəldərək taleyüklü məsələləri gündəliyə çıxarıb, həllinə nail oldu. Naxçıvan MR Ali Məclisinin Sədri kimi Onun həyata keçirdiyi islahatlar haqqında geniş danışmağa ehtiyac olmasa da, o illərdə baş verən hadisələrin xronikasına nəzər salmaqla müdrik insanın xidmətləri barədə aydın təsəvvür yaratmaq mümkündür".
E.İbrahimov ulu öndərin Azərbaycanın gələcəyini müəyyənləşdirən perspektivlərin reallaşması illərindən danışdı: "1993-cü ildən, Heydər Əliyev Bakıya döndükdən sonra başlanan Böyük qayıdışla mümkün oldu. Nəticəni isə bu gün hər birimiz gündəlik həyatımızda hiss edirik. Ümummilli lider Heydər Əliyev məqsədyönlü və düşünülmüş siyasəti ilə Azərbaycanı bir dövlət kimi dünyada tanıtdı. O, müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında bir sıra həlli vacib məsələlərin dayandığını bildirirdi. Ölkədə sabitliyin yaradılması, düzgün iqtisadi siyasətin həyata keçirilməsi, iki və çoxtərəfli istiqamətlərdə münasibətlərin qurulması, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və s başlıca amillər kimi önə çəkilirdi. Daxili və xarici siyasətin vəhdətliyi ölkənin tərəqqisinə geniş imkanlar yaradır. Ulu öndər Heydər Əliyev Azərbaycanı sabitlik diyarına çevirməklə iqtisadi, siyasi, xarici siyasət sahəsində mühüm uğurların əldə olunmasına zəmin yaratdı".
Ümummilli liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətinə də diqqət yönəldən E.İbrahimov vurğuladı ki, YAP o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və çətin vəziyyətdə olan ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranan partiyadır. Çox çətin və şərəfli yol keçmiş YAP-ın bu gün cəmiyyətdə özünəməxsus yeri var. E.İbrahimov 16 ildir iqtidar partiyası olan YAP-ın sıralarının həm kəmiyyət, həm də keyfiyyət baxımından möhkəmləndiyini qeyd edərək, bunun ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsi kimi dəyərləndirdi.
Sonda YAP Sədrinin müavini Ə.Əhmədov bir daha qeyd etdi ki, ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərindən günlərlə, aylarla danışmaq olar. Çünki Heydər Əliyevin adı Azərbaycan tarixinə əbədi yazılıb. Qurtuluş sözün həqiqi mənasında ciddi elmi araşdırmalar predmetinə çevrilib. Azərbaycan inkişaf etdikcə Qurtuluş məfkurəsi yaşayır və bundan sonra da yaşayacaqdır.
Tədbirdə dinlənilən çıxışlardan "Qurtuluş Azərbaycana nə bəxş etdi" sualına qısa, məzmunlu cavab belə oldu: "Yeni, müstəqil, müasir Azərbaycan." Prezident İlham Əliyevin bu fikrini bir daha önə çəkən natiqlər, Azərbaycanın uğurlu gələcəyinə böyük inamın olduğunu bildirdilər: "Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm, çox nikbin görürəm. Bizim uzunmüddətli inkişaf strtategiyamız var və biz fəaliyyətimizi bu strategiya əsasında qururuq. Mən şübhə etmirəm ki, ölkəmiz növbəti illərdə də sürətlə inkişaf edəcək, Azərbaycan xalqının rifah halı daha da yaxşılaşacaq, Azərbaycanın dünyadakı mövqeləri gəldikcə möhkəmlənəcəkdir."