“Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir - Cənubi Qafqazda əməkdaşlıq”
"Səs"in verdiyi məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev "Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir - Cənubi Qafqazda əməkdaşlıq" mövzusunda keçirilən konfransda iştirak etmək üçün iyunun 8-dən 11-dək Berlində səfərdə olacaq.
Konfransda hüquqi müstəvidə əməkdaşlıq imkanları və təcrübə, Avropa Birliyinin qonşuluq siyasəti, məhkəmələrin müstəqilliyi, mülkiyyət hüququnun qorunması, investisiya mühitinin yaxşılaşdırılması və digər məsələlər müzakirə ediləcək.
Millət vəkili müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcək.
Həmçinin, Milli Məclisin deputatı Fəzail Ağamalı da iyunun 8-dən 10-dək Qırğızıstanın Bişkek şəhərində səfərdə olacaq, MDB Parlament Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak edəcək.
Tədbirdə yerli özünüidarəetmə orqanlarının ümumi prinsiplərinə dair tövsiyənin layihəsi müzakirə olunacaq, MDB ölkələrinin sərhədyanı əməkdaşlığına dair Konvensiyaya əlavələr paketinin razılaşdırılmasının gedişatı barədə məruzələr dinləniləcək, quruma üzv dövlətlərin qanunvericilik fəaliyyətində MDB PA-nın qəbul etdiyi model qanunlardan necə istifadə olunduğuna dair fikir mübadiləsi aparılacaq.