PDF Oxu

Sosial

  • 12

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti qənaətbəxş deyil

ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyəti qənaətbəxş deyil
Azərbaycanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətindən narazı olması ilə əlaqədar həmsədrlər tərkibinin dəyişməsi məsələsinin yenidən gündəmə gəlməsi heç də təəccüb doğurmur. Bəzi millət vəkilləri və politoloqlar isə, vəziyyətin düzgün qiymətləndirilməsi zərurətini qeyd edirlər.
Milli Məclisin aqrar siyasət komitəsinin sədri, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Eldar İbrahimov Qarabağ məsələsinin daim diqqətdə olduğunu bildirdi: "Mən özüm şəxsən 1996-cı ildən bu yana 13 ildir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətində təmsil olunuram və hər dəfə bu məsələni gündəmə gətrməyə çalışıram. Eyni zamanda, bu illər ərzində Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin digər üzvləri də daim Qarabağ məsələsini Avroparlamentarilərin diqqətinə çatdırmağa çalışırlar. Ötən dövr ərzində ATƏT PA-nın, onun komitələrinin elə bir toplantısı, konfransı, sessiyası olmayıb ki, bu məsələni gündəmə gətirməyək, müzakirəyə çıxarmağa cəhd etməyək. Biz hər zaman bu məsələdə Azərbaycan dövlətinin birmənalı mövqeyini ortaya qoymağa çalışmışıq və elə hesab edirəm ki, buna da nail olmuşuq. Təəssüflər olsun ki, indiyə qədər ATƏT PA bu məsələyə öz obyektiv, real siyasi-hüquqi qiymətini verməyib. Təcavüzkarla təcavüzə məruz qalanı, işğalçı ilə işğala məruz qoyulanı, konkret olaraq öz rəsmi qərarlarında göstərməyib. Daha doğrusu, Ermənistanın işğalçı, təcavüzkar bir dövlət olduğunu rəsmən bəyan etməyib. Hər dəfə də məruzəçinin belə bir fikri olub ki, hazırladığı məruzəni yalnız o halda rəsmi müzakirəyə təqdim edə bilər ki, Qarabağ məsələsinin tənzimlənməsi ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz konkret fikirlərini bildirmiş olsunlar. Məruzəçi yalnız bu şərtlər daxilində Qarabağ məsələsi ilə bağlı hazırladığı məruzəni müzakirələrə təqdim etməsinin mümkünlüyünü bildirib. Hər halda, bu məqamda Qoran Lenmarkeri də bir o qədər də qınamaq olmur. Doğrudan da, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması missiyasını yerinə yetirməli olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, bu məsələdə indiyə qədər konkret mövqe ortaya qoymayıb. Onlar hər dəfə bu məsələyə ikili standartlar mövqeyindən yanaşmağa çalışıb və indi çalışırlar".
Millət vəkili Anar Məmmədxanlı isə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi, heç bir iş görmədiyini qeyd edib: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsini özü həll etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri heç nəyə nail ola bilməyiblər. Ona görə də, Minsk Qrupunun fəaliyyəti müsbət qiymətləndirilə bilməz".
Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə Minsk Qrupunun həmsədrlərinin ikili standarta uyğun fəaliyyət göstərdiyinin deyib: "Həmsədrlər münaqişənin həllində, hələ də, öz imkanlarından tam istifadə etmirlər. Dağlıq Qarabağ probleminin həllində həm sülh, həm də müharibə varinatından istifadə olunması eyni dərəcədə realdır. Ermənistanın müxtəlif bəhanələrlə Azərbaycan torpaqlarını işğal altında saxlaması, rəsmi Bakını müharibə variantını gündəmə gətirməyə məcbur edir. Azərbaycan müharibə variantını da ciddi şəkildə nəzərdən keçirir".
Millət vəkili Asim Mollazadə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həllində ciddi irəliləyiş əldə edə bilmədiklərini vurğulayıb: "Minsk Qrupu həmsədrləri münaqişə tərəflərinə ədalətli yanaşmırlar, hansı ölkənin işğalçı olduğunu və hansının işğala məruz qaldığını demirlər. Ona görə də, Minsk Qrupu həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirirəm. Dağlıq Qarabağ problemi yalnız beynəlxalq təşkilatların və güclü dövlətlərin dəstəyi ilə, beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll oluna bilər".
Millət vəkili Gülər Əhmədova da ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini mənfi qiymətləndirib: "Münaqişənin həllini yalnız sülh yolunda görürəm. Mən həmişə Minsk Qrupunun fəaliyyətini tənqid etmişəm. Münaqişə hələ də həll olunmadığına görə, Minsk Qrupunun fəaliyyətini bütövlükdə müsbət qiymətləndirmək olmaz. Müharibəni hər zaman başlamaq olar. İstəməzdim ki, Azərbaycan vətəndaşları, xüsusən də, gənclər müharibədə həlak olsunlar. Ona görə də Dağlıq Qarabağ probleminin həllini sülh yolunda görürəm".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bildirib ki, nə Azərbaycan, nə də Ermənistan həmsədrlər tərkibini müəyyən etmir. Bildirmək istərdim ki, Azərbaycan üçün Türkiyənin həmsədrliyə cəlb edilməsi yaxşı olarda. Lakin bu real deyil, belə ki, Ermənistana ziddir. Hazırkı həmsədrlərin Qafqazda xüsusi geosiyasi marağı olmayan Avropa ölkələri ilə əvəzlənməsi alternativ ola bilərdi. Baxmayaraq ki, artıq belə olub (İsveç, Finlandiya) və bu da nəticə verməyib. Ona görə də, həmsədr kimi ən iri dövlətləri təyin etmək qərara alınıb ki, onlar vəziyyətə daha çox təsir göstərə bilsin.
Hazırkı vəziyyətdə M.Əhmədoğlu ABŞ və Rusiyanı Minsk Qrupu həmsədri kimi saxlayaraq, Fransanın Avropa Birliyinin sədrlik edən ölkə ilə dəyişdirilməsini ağlabatan hesab edir. Amma müəyyən müddətlik Fransanın yerinə Almaniya həmsədrlik etsəydi, daha da yaxşı olardı. Fransanın rolunu kiçiltmək lazım deyil. Lakin Fransa və Almaniya arasında partnyorluq o qədər güclüdür ki, onlar Avrointeqrasiyanın lokomotividir. Və bu vəziyyətdə müəyyən vaxtlıq həmsədrliyi Almaniyanın üzərinə qoymaq olar. Bu artıq faktdır ki, Minsk Qrupunun həmsədri olan hər üç ölkə bu gün Azərbaycanın əleyhinə danışır. Bundan sonra Minsk Qrupun saxlanmasına ehtiyac yoxdur. Çünki onlar üçü də bu qətnamənin əleyhinə səs vermələri ilə Ermənistanı müdafiə ediblər. İndiyə qədər heç olmasa demirdilər, amma indi açıq şəkildə bildirirlər. Onlardan nə gözləmək olar ki?
"ATƏT-in Minsk Qrupunun fəaliyyəti münaqişənin həllinə yox, problemin saxlanılmasına xidmət edir" fikrini söyləyən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirdi. Onun fikrincə, Azərbaycan Dağlıq Qarabağ problemini həll etmək istəyirsə, həmsədr dövlətlərin sonucu hərəkətlərindən sonra Minsk Qrupundan imtina etməli, BMT üzvü kimi Ermənistana qarşı sanksiyaların tətbiq olunması üçün Təhlükəsizlik Şurasına müraciət olunmalıdır: "Bununla bərabər təcili olaraq Azərbaycan özünün iqtisadi gücünü ordunun gücləndirilməsinə yönəltməli, Ermənistandan 10 qat artıq güclü ordu qurulmalıdır. Bundan sonra güc tətbiq etməklə öz torpaqlarını qoruyub saxlamalıdır. Eyni zamanda, burada təkcə həmsədr dövlətlərin yox, İran kimi siyasi riyakarlıq nümayiş etdirmiş ölkə ilə bağlı da Azərbaycan öz səsini qaldırmalıdır. Azərbaycanla yaxından əməkdaşlıq edən Polşa, Rumuniya kimi dövlətlərin də ikili siyasətləri ifşa olunmalıdır".
Politoloq İlqar Məmmədov da hesab edir ki, həmsədr dövlətlər istəsəydi bu qətnamənin qəbul olunmasının qarşısını ala bilərdi: "Bu hadisənin dərin təhlil ehtimal yaradır ki, onların qətnamənin qəbuluna müqavimət göstərməməsi də Ermənistana təzyiqlərinin bir növüdür. Bu diplomatiya üçün yeni imkanlar açıb və siyasi kombinasiya prinsipi Azərbaycanın xeyrinədir".
İ.Məmmədov MQ-nun fəaliyyətinin dayandırılmasına ehtiyac görmür. Onun fikrincə, həmsədrlər Azərbaycana təzyiqlər edəcəyi halda, bu qrupun tərkibinin dəyişdirilməsi məsələsi düzgün addımdır: "İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20 faizi, yəni, Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır".

Digər xəbərlər