PDF Oxu

Sosial

  • 6

“Qadın və kişi bərabərliyi əsasında qurulan ailələr davamlı cəmiyyətlərin yaranmasına səbəb olur”

“Qadın və kişi bərabərliyi əsasında qurulan ailələr davamlı cəmiyyətlərin yaranmasına səbəb olur”
15 may - Beynəlxalq Ailə Günüdür. Birləşmiş Millətlər Təşkilatının Bakı ofisinin İctimai İnformasiya Departamentindən "Səs" qəzetinə verilən məlumata görə, builki Ailə Gününün mövzusu "Analar və ailələr: dəyişməkdə olan dünyanın problemləri"nə həsr edilib. BMT-nin Baş katibi Pan Ki Mun bu əlamətdar günlə bağlı dünya ölkələrinə müraciət ünvanlayıb. Mövzuya əsasən, bütün dünyada ailə və cəmiyyət üçün anaların vacib rolu önə çəkiləcək.
Müraciətdə qeyd olunur ki, analar cəmiyyətlərin daha sıx birləşməsi və inteqrasiyasının təkanverici qüvvəsi olan ailədə zəruri rol oynayırlar. Ana-övlad münasibəti uşağın sağlam inkişafı üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, analar yalnız qayğı göstərməklə kifayətlənmir, onlar, həm də öz ailələrini dolandırırlar. Bununla belə, qadınlar hələ də analıq baxımından çətin və bəzən həyatlarını təhlükədə qoyan problemlərlə qarşılaşırlar. Bayrama səbəb olan uşağın dünyaya gətirilməsi, inkişaf etməkdə olan ölkələrdə bir çox qadının həyatını təhlükə altına qoyur.
Ana sağlamlığının yaxşılaşdırılması ən az irəliləyiş əldə edilmiş Minilliyin İnkişaf Məqsədidir. İnkişaf etmiş ölkələrlə müqayisədə ən az inkişaf etmiş ölkələrdəki qadınların doğuş və hamiləliklə əlaqədar ağırlaşmalardan vəfatetmə ehtimalı 300 dəfə çoxdur. Biz səhiyyə sistemində ailə planlaşdırılması xidmətlərini, doğuşlarda peşəkar tibb işçilərinin iştirakını və təcili mamalıq xidmətlərini təmin etməklə, hamiləlik və doğuşu daha təhlükəsiz etməliyik. Qadınlara və onların içərisində çoxluq təşkil edən analara qarşı zorakılıq günümüzdə ən geniş yayılmış insan hüquqları pozuntusudur. Bunun olduqca ağır nəticələri var - qadın və qızların həyatlarını təhlükəyə atır, onların ailələrinə və cəmiyyətə zərbə vurur və cəmiyyətin strukturunu zədələyir. Qadınlara qarşı zorakılığın qarşısını almaq və ona son qoymaq bütün ölkələr üçün əsas prioritet olmalıdır.
Biz, həmçinin, bütün dünyada təhsilin əldə edilmə imkanlarını təmin etməliyik. Qadın və qızların təhsillə təmin edilməsi nəticəsində yalnız ayrı-ayrı ailələr deyil, bütövlükdə, ölkələr faydalanır, beləliklə, qadınlar öz potensialı ilə daha geniş inkişafa töhfə vermiş olurlar. Statistika, eyni zamanda, göstərir ki, uşaqların davamlı olaraq məktəbə getməsini təmin edən analar, əsasən, təhsil almış analardır, deməli, təhsilin faydası nəsildən-nəslə ötürülür. Bir halda ki, anaları onların qayğı göstərmək işində dəstəkləmək məqsədilə çalışırıq, biz ailələrə gərəkli ola biləcək qanun və xidmətləri genişləndirməli və inkişaf etdirməliyik. Məsələn, qadınların üzərinə düşən iş yükünü bir qədər azalda biləcək uşaq qayğı mərkəzlərinin yaradılması buna nümunə ola bilər. İş və ailə öhdəliklərini öz aralarında bərabər bölüşdürmək üçün həm qadının, həm də kişinin ictimai dəstəyə ehtiyacı var. Qadın və kişi bərabərliyi əsasında qurulan ailələr daha məhsuldar və davamlı cəmiyyətlərin yaranmasına səbəb olacaq.
Dəyişməkdə olan dünyamızda biz bir çox problemlərlə üzləşirik, lakin hər hansı vaxt ölçüsündən asılı olmayaraq, gələcək nəsillərin yetişdirilməsində anaların əvəzedilməz rolu dəyişməz bir amil olaraq qalır. Onların əməyini qiymətləndirməklə və həyat şəraitlərini yaxşılaşdırmaqla biz hamı üçün daha firavan gələcəyi təmin edə bilərik.

Digər xəbərlər