PDF Oxu

Sosial

  • 7

Böyük millətin böyük lideri

Böyük millətin böyük lideri

Respublikamızın şəhər və rayonlarında, müəssisə və təşkilatlarında ümummilli liderimiz Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilməkdədir. Xalqımız öz dahi liderinin 86-cı ildönümünü böyük təntənə ilə qeyd edir. Öz mənalı həyatını xalqımızın inkişafı üçün sərf edən bu böyük insan xalqı üçün gördüyü möhtəşəm və əzəmətli işləri ilə Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Hər bir azərbaycanlı bugünkü firavan həyatına görə ulu öndərimiz Heydər Əliyevə borcludur. Dahi şəxsiyyətin doğum günü ilə bağlı ictimaiyyət nümayəndələri, ölkə ziyalıları daha çox Onun siyasi irsinin öyrənilməsini və bugünkü gənc nəslə aşılanmasının vacibliyini bildirirlər.

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev:

- Böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ölkəmizin hər bir bölgəsində yüksək səviyyədə qeyd olunmaqdadır. Çünki Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, heyranlıq doğuran coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətubatında geniş işıqlandırılmışdır. Heç təsadüfi deyil ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi, ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Onun adı ilə əlaqədardır.
Onu da qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsi ilə, yenə özünün siyasi bacarığı hesabına ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib, onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirmişdir. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatını sədri Əmanət Əzizov:

- Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyevin doğum günü - 86-cı ildönümü, respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən, Masallıda da geniş şəkildə qeyd edilir. Çünki Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan, öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır.
Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Eyni zamanda, müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskar oğlu Heydər Əliyev çoxşaxəli siyasi fəaliyyətində daha bir tarixi missiyanı, dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi çətin, ancaq vacib bir missiyanı qiymətləndirərək dövlət əhəmiyyətli bir vəzifə kimi həmişə diqqətdə saxladı. Milli dövlətçilik tariximizdə ilk dəfə olaraq siyasi prinsiplər və milli-mənəvi dəyərlər əsasında soydaşlarımızın təşkilatlanmasına çalışan ulu öndər Heydər Əliyevin simasında bu məsələdə də vəhdət təşkil edildi. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafına xüsusi diqqət ayırırdı. Məhz əhalinin rifahının yaxşılaşdırılması Onun apardığı siyasətin əsasını təşkil edirdi.

Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov:

- Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsil dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Çünki Ulu Tanrı Ona - Heydər Əliyevə çox şey vermişdi - xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü, bəlağətli nitqi, tarix yaratmaq bacarığını. Onun xalqın rifahına yönələn, sona çatdıra bilmədiyi işlər indi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər prezident seçkilərində öz estafetini Azərbaycanın yeni lideri, davamçısı İlham Əliyevə verərkən, demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bəli, indi Azərbaycan dünyada söz sahibi olan, nüfuzlu bir dövlətdir. Ulu öndər Heydər Əliyevin ruhu isə bizimlədir, hər bir Azərbaycan vətəndaşının qəlbindədir. Onun Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində xalq və vətən üçün etdiklərini bəzən normal təfəkkürün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur. Böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha sıx birləşməklə nümayiş etdirir.

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov:

- Hər il olduğu kimi, bu il də xalqımız, bütün türk dünyası əsrin əfsanəyə çevrilmiş lideri ulu öndərimiz Heydər Əliyevin 86-cı ildönümü böyük ruh yüksəkliyi ilə qeyd edir. Neftçala ictimaiyyəti, həmişə olduğu kimi, bu tarixi gündə də ulu öndərin bizə miras qoyduğu müstəqil Azərbaycanın çiçəklənməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətə dəstək olur, Onun ətrafında daha sıx birlik nümayiş etdirirlər. Çünki ümummilli liderimiz Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev qoymuşdur.
O, görkəmli dövlət xadimi, ümummilli lider kimi bütün millət tərəfindən tərəddüdsüz qəbul edilən bir şəxsiyyətdir. Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hər bir Azərbaycan vətəndaşı üçün təsbit olunmuş hüquq və azadlıqların həyata keçirilməsinin qarantı kimi qarşıya qoyduğu həlli vacib məsələlərdən biri də mədəni hüquqların qorunması olub. Ümummilli liderimiz Heydər Əliyevin apardığı siyasət xətti ölkəmiz üçün çox uğurlu olub. Azərbaycan iqtisadiyyatında aparılan uğurlu islahatlar sosial - iqtisadi sahədən də yan keçməyib, daha doğrusu, dövlətimizin sosial siyasəti, ilk növbədə, yoxsulluğun aradan qaldırılması və xalqın maddi-rifah halının yüksəldilməsinə yönəldilmişdir. Əhalinin aztəminatlı təbəqəsi dövlətin daim diqqət mərkəzində olub. Pensiyaçıların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəfələrlə pensiya qanunvericiliyində artım müşahilə olunub. Azərbaycanda möhkəm iqtisadi bazanı ümummilli liderimiz yaradıb və bu kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, elə ona görə də, xalqımızın yaşayış tərzi durmadan yüksəlir.

Digər xəbərlər