PDF Oxu

Sosial

  • 10

Azərbaycan elmi böyük inkişaf yolundadır

Azərbaycan elmi böyük inkişaf yolundadır
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. AMEA-nın Rəyasət Heyətinin foyesində akademiyanın ayrı-ayrı institutlarının elmi tədqiqat işlərinin nəticələrini əks etdirən sərgi təşkil olunub. Yığıncaqda, əvvəlcə, hesabat dövründə dünyasını dəyişmiş alimlərin xatirəsi yad edilib.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqovun da iştirak etdikləri ümumi yığıncağı açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov deyib ki, 2008-ci il xalqımız üçün Azərbaycan Prezidentinin seçkiləri ilə əlamətdar olub. Alimlər seçkiqabağı kampaniyada yüksək fəallıq göstərmiş, kütləvi informasiya vasitələrində çıxışlar etmiş, xalqı seçkidə fəal olmağa çağırıblar. Xalqımız müdrik seçim edərək ötən prezidentlik dövründə ona göstərilən etimadı öz əməli fəaliyyəti ilə tam doğrultmuş, zəngin bilik və bacarığını xalqın rifahı, dövlətimizin möhkəmlənməsinə həsr etmiş İlham Əliyevə səs vermiş, onu yenidən Azərbaycan Prezidenti seçmişdir. AMEA-nın prezidenti vurğulayıb ki, ölkəmizin həyatında digər mühüm hadisə 2009-cu il martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi məqsədi ilə keçirilən Referendum oldu. Referendumun nəticələri bir daha sübut etdi ki, Azərbaycanda xalqla iqtidar arasında birlik mövcuddur və xalq son illər ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi inkişaf xəttini dəstəkləyir.
Respublikamızda elmin inkişafını xalqımızın işıqlı gələcəyini təmin edən əsas amillərdən biri hesab edən və bu sahədə AMEA-nın rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev 2008-ci ildə də elm, təhsil, mədəniyyət sahəsinə göstərdiyi qayğını davam etdirmiş, elm sahəsi üçün mühüm olan 20-dən çox qərar qəbul etmişdir.
Dövlətimizin başçısının "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli Sərəncamına əsasən elmdə islahatların aparılması ilə bağlı Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası öz öhdəsinə düşən vəzifələri yerinə yetirmək üçün Akademiyanın və müvafiq nazirliklərin nümayəndələrindən ibarət İşçi Qrupu təşkil edibt. Bu qrup tərəfindən respublikamızdakı elmi-tədqiqat müəssisələrinin elmi-texniki potensialının ilkin qiymətləndirilməsi həyata keçirilmiş, müxtəlif nazirlik, idarə və təşkilatlardan daxil olmuş təkliflər əsasında "Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya (2009-2015-ci illər)" və "Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı (2009-2015-ci illər)" layihələri hazırlanmış, əlaqədar nazirliklərlə razılaşdırıldıqdan sonra dövlətimizin başçısına təqdim edilib. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının tapşırığına əsasən Akademiyanın Mərkəzi Elmi Kitabxanası üçün yeni binanın inşası ilə əlaqədar hazırlıq işlərinə başlanılmış, Milli Azərbaycan Tarixi Muzeyinin, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əsaslı yenidənqurma və təmir-bərpa işləri başa çatdırılmış, Rəyasət Heyətinin binasında və Akademiya şəhərciyinin əsas binasında isə təmir-bərpa işləri davam etdirilir. Bundan əlavə, dövlətimizin başçısının sərəncamlarına əsasən Milli Azərbaycan Tarixi Muzeyinin, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının yaxşılaşdırılması, Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən 2008-2009-cu illərdə aparılacaq arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi məqsədi ilə 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına ümumilikdə 7 milyon manat məbləğində vəsait ayrılmışdır. Dövlətimizin başçısının sərəncamlarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının bütün işçilərinin aylıq vəzifə maaşları 2008-ci il sentyabrın 1-dən orta hesabla 25 faiz artırılmış, aspirantlara 90 manat aylıq təqaüd müəyyən edilib.
AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev qurumun 2008-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Akademiya 2008-ci ildə bir sıra uğurlar əldə etmiş, öz elmi potensialı ilə respublikanın sosial-iqtisadi inkişafında yaxından iştirak etmişdir. Akademiyanın idarəetmə və təşkilati sistemi təkmilləşdirilmiş, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Hesabat ilində Akademiyanın elmi müəssisələrində 144 problemin 460 mövzusu üzrə tədqiqatlar aparılmış və 150-yə yaxın mühüm elmi nəticə əldə edilmiş, 35 elmi-tədqiqat işinin nəticələri tətbiq olunmuş, 53 patent alınmışdır. 300-dən artıq kitab, 2 ensiklopediya, 6000-dən yuxarı məqalə və tezis, o cümlədən 1200-dən çox məqalə xaricdə çap edilmişdir.
Qeyd olunub ki, AMEA-nın 63 həqiqi və 113 müxbir üzvü var.
Akademiyanın elmi müəssisələrində, idarə və təşkilatlarında 9714 əməkdaş çalışır. Elmi işçilərin sayı 4784 nəfərdir (529 elmlər doktoru, 2068 elmlər namizədi, 632 aspirant).
2008-cı ildə aspiranturaya 176 nəfər (154 əyani və 22 qiyabi) qəbul olunub. Hazırda aspiranturada 608 nəfər təhsil alır. Onlardan 507 nəfəri əyani, 101 nəfəri isə qiyabi aspirantdır.
Hesabat ilində 22 doktorluq və 127 namizədlik dissertasiyası müdafiə olunub. 2008-ci ilin əvvəlinə olan məlumata görə, AMEA-nın elmi müəssisələrində 1324 dissertant çalışır ki, onlardan 472 nəfəri xarici ölkələrin vətəndaşıdır. Akademiyanın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş, 560-a yaxın əməkdaş birgə elmi tədqiqatlar aparmaq, simpozium və elmi-praktik konfranslarda iştirak etmək məqsədi ilə xarici ölkələrdə elmi ezamiyyətdə olub. AMEA-nın təşəbbüsü ilə Azərbaycanda əcnəbi alimlərin iştirakı ilə bir neçə beynəlxalq elmi konfrans və simpozium keçirilib. YUNESKO ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində, Azərbaycan xalqının mənəvi irsinin və ümumbəşəri dəyərlərinin qorunmasında böyük xidmətlərinə görə YUNESKO-nun Baş direktoru Koişiro Matsuura Akademiyanın ümumi yığıncağının qərarına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının xarici üzvü seçilib. Bildirilib ki, xarici ölkələrin elmi müəssisələri ilə imzalanmış əməkdaşlıq haqqında ikitərəfli müqavilələr əsasında elmi layihələr hazırlanır və uğurla həyata keçirilir. Akademiya Avropa Nüvə Tədqiqatları Mərkəzinin "Böyük Adron Kollayderi" layihəsində iştirak edir. Dövlət büdcəsində elmi xərclərə ayrılan vəsaitin həcminin hər il artırıldığı xüsusi qeyd edilib. Əgər 2008-ci ildə Akademiyaya ayrılan vəsait 41 milyon manat idisə, 2009-cu ildə bu rəqəm 68 milyon manata yaxın olub. Məruzə ətrafında müzakirələrdə akademiklər Əli Abbasov, Abel Məhərrəmov, İsa Həbibbəyli, Teymur Bünyadov və Budaq Budaqov çıxış etmişlər. Onlar 2008-ci ildə AMEA-nın idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyini, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini vurğulamış, bu tədbirlərin alimləri ölkənin elmi-texniki potensialının inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına daha mütəşəkkil səfərbər etdiyini diqqətə çatdırıblar. Ölkənin elmi potensialının inkişaf etdirilməsi, dünya elminə inteqrasiyanın sürətləndirilməsi işinə alimlərin töhfəsini artırmaq üçün təkliflər irəli sürülüb.
Ümumi yığıncağın gündəliyinə uyğun olaraq Akademiyanın strukturunda yeni aqrar və tibb bölmələrinin yaradılması haqqında qərar qəbul olunub.
Yığıncaq iştirakçıları AMEA-nın 2008-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, qurumun nizamnaməsinə əlavələr və dəyişikliklər ediblər. AMEA-nın illik ümumi yığıncağına yekun vuran akademik Mahmud Kərimov əmin olduğunu bildirib ki, alimlərimiz bundan sonra da öz intellektual potensialını səfərbər edərək, dünyanın inkişaf etmiş ölkələrinin elmi-təşkilati təcrübəsindən yaradıcı şəkildə faydalanaraq qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışacaqlar.

Digər xəbərlər