Milli Məclisin növbəti iclası keçirildi
Dünən Milli Məclisin növbəti iclasında əvvəlcə cari məsələlərə baxıldı. Bəzi millət vəkillərinin araqarışdırıcı fikirlərinə spiker Oqtay Əsədov aydınlıq gətirdi: "Heç kim sensasiya axtarmasın. Azərbaycan və Türkiyə xalqlarının arasına heç kim girə bilməz". O.Əsədov, həmçinin, deputatların qaldırdıqları digər məsələlərə də münasibətini bildirdi. Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsi oldu. İlk öncə, Azərbaycan Respublikası hökuməti ilə Küveyt Dövləti və İran İslam Respublikası hökumətləri arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, eləcə də, iqtisadiyyat və ticarət üzrə əhatəli əməkdaşlığa dair sazişlər təsdiqləndi.
İclasda, həmçinin, "Azərbaycan Respublikası hökuməti və Avropa Birlikləri Komissiyası arasında Çərçivə Sazişi"nə, "Rumıniya və Bolqarıstan Respublikasının Avropa Birliyinə qəbul olunması ilə əlaqədar, bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa Birliyi və onların üzvü olan dövlətlər arasında bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq haqqında" Sazişə Protokolun təsdiq edilməsi barədə" qanun layihəsinə baxıldı.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Abbasov layihələr barədə məlumat verərək, bu sənədlərin Azərbaycanın milli maraqlarına xidmət etdiyini bildirdilər. Millət vəkillərinin səs çoxluğu ilə sənədlər təsdiq olundu.
Növbəti məsələ ilə - "Yanğın təhlükəsizliyi haqqında" Qanununa təklif olunan dəyişikliklər və əlavələr barədə Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verərək, bildirdi ki, bu Qanun 1997-ci ildə qəbul edilib: "Aradan ötən müddətdə bu sahədə yeni münasibətlər yaranmış və bu münasibətlərin tənzimlənməsi üçün sözügedən qanuna əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranmışdır". Məsələyə millət vəkilləri münasibət bildirdikdən sonra qanun qəbul edildi.
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə "Milli Arxiv Fondu haqqında" Qanununa edilən əlavə barədə məlumat verdi. N.Cəfərov qeyd etdi ki, bu günədək milli təhlükəsizlik, sərhəd xidməti, penitensiar xidmət, daxili işlər və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi, həmin orqanların özləri tərəfindən həyata keçirilir. Qanunla Xarici İşlər Nazirliyi də bu siyahıya daxil olunacaqdır.
N.Cəfrov "Şəhərsalmanın əsasları haqqında" Qanuna edilən dəyişikliklər və əlavələr barədə məlumat verərək, dedi ki, məqsəd tikinti normalarının pozulmasının qarşısını almaq üçün qanunvericiliyi daha da təkmilləşdirməkdir.
Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr və dəyişiklikləri diqqətə çatdırdı. Ə.Hüseynov bildirdi ki, əlavələr və dəyişikliklərə, əsasən, ticarət qaydaları ilə bağlı cərimə sanksiyalarının artırılmasını özündə əks etdirir.
Ə.Hüseynov daha sonra "Dövlət qulluğu haqqında" Qanuna təklif olunan dəyişikliklər və əlavələr barədə məlumat verərək, qeyd etdi ki, hazırda dövlət qulluğuna qəbul müsahibə və müsabiqə yolu ilə həyata keçirilir: "Qanun layihəsində isə dövlət qulluğunda inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibənin keçirilməsi təklif olunur. Digər bəndə əsasən, bu müsahibə nəticəsində inzibati vəzifə tutulmadıqda digər şəxslərin iştirakını nəzərdə tutan müsahibə və ya müsabiqə keçirilə bilər".
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanun layihəsində isə Əmək Məcəlləsinə, "Polis haqqında", "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluqkeçmə haqqında", "Diplomatik xidmət haqqında", "Dövlət qulluqçularının icbari sığortası haqqında", "Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında", "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında", "Əmək pensiyaları haqqında", "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunlarda, "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də və "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə"də əlavələrin və dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul olundu.
İclasda son olaraq Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənildi.
Hesablama Palatasının sədri Heydər Əsədov qeyd etdi ki, 2008-ci ilin sosial-iqtisadi yekunları ölkə iqtisadiyyatının möhkəm təməllər üzərində qurulduğunu sübut edir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət proqramları uzunmüddətli strategiyaya söykənir. Hesabat ilində 23 audit yoxlamasının və 20 analitik təhlil işi başa çatdırılıb. Təhlillər və yoxlamalar nəticəsində müxtəlif nöqsanlar müəyyən olunmuşdur. Auditlər zamanı kassaya 569 min manat nəqd vəsait ödənilərək, 1 milyon 18 min manat vəsait isə köçürmə yolu ilə banka qaytarılmışdır. 434 min manat dəyərində verilməmiş avadanlıq və inventarlar nəqd qaydada anbarlara mədaxil olunmuş və istifadəyə verilmişdir. Minlərlə vətəndaş sosial sığortaya cəlb olunmuşdur. Ümumilikdə, 7 milyondan artıq vəsaitin təyinatı üzrə xərclənməsi təmin edilmişdir".
Hesablama Palatasının sədri onu da bildirdi ki, görülmüş tədbirlər nəticəsində aşkar olunmuş nöqsanlara əsasən tərtib olunmuş iki akt Azərbaycan Respublikası Prokurorluğuna göndərilmiş, 87 nəfər barəsində inzibati tədbirlər həyata keçirilmiş, 12 şəxs isə işdən azad edilmişdir. Cari ildə yoxlamaların sayının ötən illə müqayisədə 2 dəfə artırılması nəzərdə tutulmuşdur.
Sonra hesabat məruzəsi millət vəkilləri tərəfindən geniş müzakirə olundu. Deputatlar Hesablama Palatasının ötən il fəaliyyətində bir sıra uğurlara nail olduğunu qeyd etdilər. Qurumun beynəlxalq əlaqələrinin genişləndirilməsi, eyni zamanda, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyi yüksək qiymətləndirildi.
Müzakirələrin sonunda hesabat nəzərə alındı.