PDF Oxu

Sosial

  • 15

Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün olmayacaq

Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün olmayacaq
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif ideya və təkliflər irəli sürürlər. Bu təkliflərin əksəriyyəti qeyri-məqbul təkliflər olsa da, "yol xəritəsi" adlı ideyanın irəli sürülməsi, bəzi ekspertləri düşünməyi və təklif ətrafında müzakirələr qurmağı zərurətə çevirib.
Politoloq Rüstəm Məmmədov bildirdi ki, "yol xəritəsi"ndəki bütün məsələlər Ermənistanın blokadadan çıxmasına yönəlib. Onun sözlərinə görə, Ermənistanın blokadadan çıxmasının yalnız bir şərti var, o da Dağlıq Qarabağ torpaqlarının azad edilməsidir: "Sənədə torpaqların azad edilməsi ilə bağlı müddəa da salınmalı idi. Ona görə də, hazırkı "yol xəritəsi" əhəmiyyətsiz bir layihədir. Ermənistan Türkiyənin ərazi bütövlüyünü bu vaxta qədər tanımayıbsa, bundan sonra tanıması inanılası iş deyil".
Politoloq Elman Nəsirov vurğuladı ki, aprel ayının 22-dən 23-nə keçən gecə İsveçrədə, adıçəkilən ölkənin xarici siyasət departamenti, Türkiyə və Ermənistanın xarici işlər nazirliyi siyasi bəyannamə imzalayıb. Həmin siyasi bəyannamədə Türkiyə və Ermənistan arasında münasibətləri normallaşdırmasını özündə ehtifa edən "yol xəritəsi" deyilən sənəd hazırlanıb: "Məlumata görə "yol xəritəsi" deyilən bu sənəd 5 bənddən ibarətdir. Sənəddə 1921-ci ildə Türkiyə ilə Rusiya arasında imzalanmış "Qars müqaviləsi"nin Ermənistan tərəfindən tanıması məsələsi öz əksini tapıb. Həmin müqaviləyə görə, Ermənistan Türkiyəyə olan ərazi iddalarından imtina etməlidir. Eyni zamanda, Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısı rolunda çıxış etməlidir. Bundan başqa, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması, ticarət, iqtisadi sahələrdə əməkdaşlığı özündə ehtifa edən müvafiq sazişlərin imzalanması, hər iki ölkə arasındakı ziddiyyətli məsələlərin, xüsusilə, qondarma genosidlə bağlı məsələnin araşdırılması üçün ikitərəfli komissiyanın təşkil edilməsi, bu komissiyaya üçüncü tərəflərin qoşulmasının mümkün sayılması öz əksini tapıb. Nəhayət, bu sənəddə iki dövlət arasında münasibətlərin normallaşdırılması ilə bağlı müəyyən məsələlərin parlament səviyyəsində müzakirəsi, müvafiq qərarların qəbul edilməsi kimi məqamlar da "yol xəritəsi"ndə öz əksini tapıb".
Politoloq bildirdi ki, Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi 5 bənd çərçivəsində mümkün ola bilməz. Çünki burada Türkiyənin mövqeyi aydınlaşıb: "Həmin mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ problemi həllini tapmadan, Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkün deyil. Hətta bu təqdirdə də, sənəddə verilənlər tam reallığı əks etdirmir. Tam reallıq, mənə elə gəlir ki, gizlin saxlanılır, onun nüansları açıqlanmır. Əldə olunan 5 bənddən ibarət fikirlər, tam şəkildə sənədin mahiyyətini özündə əks etdirmir. Türkiyə rəsmləri açıq şəkildə qeyd edir ki, heç bir zaman Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan, Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası mümkün olmayacaq. "Yol xəritəsi" kimi sənədlər indiki reallığa adekvat deyil".
Politoloq Rasim Musabəyov iki dövlət arasında problemlərin müzakirələr nəticəsində aradan qaldırılmasının müsbət hal olduğunu qeyd edib. Bildirib ki, məsələ "yol xəritəsi"ndəki əksini tapan müddəalarla məhdudlaşmır: "Türkiyənin baş naziri bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan sərhədlər açılmayacaq. Əgər ermənilər "Qars müqaviləsi"ni qəbul etsələr, dövlətlər arasında problemlər bir qədər azalar. Hər halda, iki tərəfdən də maraq olarsa, bu məsələlər kompromis əsasında nizamlana bilər".

Digər xəbərlər