PDF Oxu

Sosial

  • 10

Naxçıvan MR - 85 Naxçıvan abidələrində qədim tariximiz var

Naxçıvan MR - 85 Naxçıvan abidələrində qədim tariximiz var

Qədim Naxçıvan torpağı öz tarixi və abidələri ilə, yüksək inkişaf etmiş mədəniyyəti ilə bu gün dünyada tanınır. Bu yaxınlarda beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyətini yüksək qiymətləndirməkdə yanılmayıblar. Bu yüksək qiymətdə elə Naxçıvan abidələrinin mədəniyyətinin də xüsusi payı var.
Bu gün düşmənimizə çevrilən və bizə qənim kəsilən, daim düşmənçilik mövqeyində dayanan ermənilər əsrlər boyu Azərbaycanın incisi olan Naxçıvan torpaqlarına, onun tarixi abidələrinə hədsiz və yersiz iddialar irəli sürür, beynəlxalq ictimaiyyətə başdan-ayağa yalan, qeyri-obyektiv məlumatlar yayırlar. Lakin bu qədim diyarda aparılan tədqiqatlar bir daha sübut edir ki, Naxçıvan torpağı bütün tarixlərdə Azərbaycan türklərinin və onların əcdadlarının vətəni olmuşdur. Ulularımız özləri dünyadan köç etsələr də, bizə miras qoyub getdikləri tarixi və mədəniyyət abidələrinə bu qədim diyarın azərbaycançılıq möhürünü vurmuşlar. Engels deyir: "Biz tarixə riyaziyyat gözü ilə baxmalıyıq, çünki orada ayna var. O aynada nə varsa görsənər". Tarixdə öz isti qoynunda nə yazılıbsa, nə tikilibsə, nə yaradılıbsa, o da hər dövrdə yaşayan insanlara yadigardır və insanlar onlardan səmərəli istifadə edərək nəsildən-nəsilə ötürməlidirlər.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan MR ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli sərəncamından sonra AMEA-nın Naxçıvan bölgəsi tədqiqatçı işçi qrupu yaradılmış və ərazidə olan bütün tarixi və mədəniyyət abidələri tədqiq edilmiş, hər bir abidəyə pasport yazılmışdır.
2006-2007-ci illərdə aparılan tədqiqatlar nəticəsində Naxçıvan MR ərazisində 1162 abidə qeydə alınmışdır ki, bunun 788-i ilk dəfə olaraq alimlərimiz tərəfindən aşkar edilmişdir. Müəyyən edilmiş abidələrdən 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələridir. Bu tədqiqatların məhsulu olaraq Naxçıvan MR-də 2008-ci ildə bir qrup tarixçi alimin rəhbərliyi və iştirakı ilə "Naxçıvan abidələri ensiklopediyası" adlı qiymətli ensiklopediya nəfis şəkildə nəşr edilmişdir. Bu münasibətlə biz ziyalılar da ürəkdən sevindik və həmin ensiklopediyanın yazılıb ərsəyə gətirilməsində şəxsən iştirak etmiş AMEA-nın Naxçıvan bölgəsinin sədri akademik İsmayıl Hacıyevlə görüşdük və ona suallarla müraciət etdik.

- İsmayıl müəllim, siz ensiklopediyanın müəlliflərindən birisiniz. Ensiklopediyanın ərsəyə gətirilməsi barədə ətraflı məlumat vermənizi xahiş edirik.

- Məmnuniyyətlə, Azərbaycanın incisi olan Naxçıvan MR son illərdə sosial-iqtisadi, siyasi və mədəni cəhətdən çox sürətlə inkişaf edir. MR-də həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq, yenidənqurma işləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adı ilə sıx bağlıdır. Azərbaycanın incisi olan Naxçıvanın hərtərəfli inkişafı tarixin heç bir mərhələsində indiki səviyyədə olmamışdır.
Qədim Naxçıvan ərazisi ilk insan məskənlərindən biridir. Qədim daş dövründən başlayaraq insanlar bu vilayətdə yaşamış və zəngin, çox qiymətli mədəniyyət yaratmışlar. Bu torpaqda xalqımızın tarixi, elmi və mədəni irsi formalaşmışdır. Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Qədim Naxçıvan diyarı əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi statusunu qoruyub saxlamışdır. Naxçıvan, həm də Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutmuşdur.

- Məlumdur ki, eramızdan əvvəl III və II minillikdə Naxçıvanda şəhər məntəqələri yaranmışdır. Bax, həmin o mərkəzlər barədə məlumat verin.

- Siz dərin bilən bir tarixçi kimi çox haqlı və vacib məsələyə toxundunuz. Naxçıvan torpağı maddi-mədəniyyət abidələri ilə çox zəngindir. Burada hər addımda ilk insanların yaşadığı mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyət qalıqlarına, qoç heykəllərinə, türbələrə, nadir mədəniyyət abidələrinə rast gəlmək mümkündür. Naxçıvanda Qazma, Əshabi-Kəhf və Kilit mağaraları daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır.
Eramızdan əvvəl III və II minilliyin əvvəllərində III və II ərazisində Oğlanqala, Çalxanqala, Gövurqala kimi şəhər məntəqələri yaranmışdır. Burada hələ I minillikdə xalqımızın bədii təfəkküründə adət-ənənələrini, dini-ideoloji təsəvvürlərini əks etdirən qiymətli təsvirlər vardır. Memar Əcəmi Naxçıvaninin fəaliyyəti XII əsrdə Naxçıvanda elmin tükənməz imkanlarını nümayiş etdirərək, xalqımıza Yusif Küseyir oğlu və Mömünəxatın türbələri kimi möhtəşəm sənət nümunələri qoyub getmişdir. Həm orta əsrdə, həm də sonrakı dövrlərdə Naxçıvanda yüzlərlə belə abidə ucaldılmışdır. Ulu öndərimiz demişdir: "Naxçıvan Azərbaycanın incisi olmaqla, Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır".

- Naxçıvanın tarixinin öyrənilməsi və abidələrinin MR-də bərpası nə yerdədir?

- Xatırladım ki, son illər Naxçıvanın tarixinin hərtərəfli öyrənilməsinə, tarixi-memarlıq abidələrinin bərpasına ciddi fikir verilir. Naxçıvan MR Ali Məclisi sədrinin rəhbərliyi ilə keçirilən "Uluslararası qaynaqlarda Naxçıvan (1996) beynəlxalq simpoziumu Naxçıvan diyarının tarixinin xalqın milli-mənafeyi baxımından, obyektiv şəkildə araşdırılmasında mühüm rol oynamışdır. Naxçıvan mövzusunda, onun tarixi, mədəniyyəti, abidələri, təbii sərvətləri, iqtisadi inkişafı ilə əlaqədar 350-yə yaxın kitab və monoqrafiya çap olunmuşdur, 40-a yaxın konfrans və simpoziumlar keçirilmişdir. "Naxçıvan ensiklopediyası" (ikicildlik) və "Naxçıvan tarixi abidələri" kitabları xüsusi əhəmiyyət kəsb etmiş və diqqəti cəlb etmişdir.

- Bəs Naxçıvan MR-də olan tarixi abidələr mühafizə olunurmu?

- MR-dəki ərazilərdə olan tarixi abidələr həm qorunur, həm də mühafizə olunur. Mömünəxatın, Qarabağlar memarlıq kompleksləri konservasiya edilmiş, Əshabi-Kəhf, İmamzadə, Buzxana abidələri, Zəviyə mədrəsəsi, Came məscidi, İsmayılxan hamamı, Yusif Kuseyir oğlu türbəsi, Xan sarayı, Ordubadda Aza körpüsü, qədim Zorxana abidələri, Bulfada Xanəgah kompleksi əsaslı bərpa olunmuşdur. Bunlardan başqa, qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədilə açıq səma altında muzey yaradılmışdır. Gəmiqaya qayaüstü təsvirlərini tədqiq etmək məqsədilə elmi ekspedisiyalar yaradılmış, Naxçıvan abidələrinin sistemli şəkildə öyrənilməsinə başlanılmışdır.

- "Naxçıvan abidələri" ensiklopediyasının əhəmiyyəti nədən ibarətdir?

- Bu ensiklopediya həm dünya, həm də ölkə əhəmiyyətlidir. Çünki bu ensiklopediyada Naxçıvan MR ərazisində olan tarixi, arxeoloji, mədəniyyət, memarlıq, təbiət abidələri, körpü, qala, ziyarətgah və qədim yaşayış məskənlərindən bəhs edilir.
Ensiklopediyada 600-ə yaxın məqalə dərc edilmiş, 806 şəkilli sxem, 5 maddi - mədəniyyət nümunələri verilmişdir. Naxçıvan abidələri ensiklopediyası dünya ictimaiyyətinə Naxçıvan abidələri barədə əsil həqiqətləri çatdırmağa xidmət edir, erməni kimi düşmənlərə layiqli cavab verir.
Bu ensiklopediya həm Azərbaycan, həm də xaricilərin oxunması üçün ingilis dilində nəfis şəkildə çap olunub. Ümidvarıq ki, bu qiymətli kitab - ensiklopediya ziyalılarımız və xarici dostlarımız üçün yaxşı hədiyyədir, qədim tariximizdir.

Digər xəbərlər