Azərbaycan enerji təhlükəsiziliyi baxımından özünü tam təmin edir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən ənənəvi mətbuat konfransında "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev ötən il və bu ilin 3 ayı ərzində görülən işlərdən danışdı.
E.Pirverdiyev ötən il ərzində Azərbaycan elektroenergetikləri üçün uğurlu il olduğunu bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin ölkəmizin elektrik enerji təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyənləşdirdiyi sosial-inkişaf strategiyası, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Elə bu məqsədlə də, ölkənin energetika sisteminin yeniləşdirilməsi, gücünün artırılması üçün zəruri tədbirlər görülür, irimiqyaslı yeni layihələr həyata keçirilir.
E.Pirverdiyev yeni genorasiya güclərinin işə salınması ilə bağlı məlumat verərək onu da vurğuladı ki, 2008-ci ildə ən uğurlu layihə dekabrın 24-də istifadəyə verilmiş Bakının Qaradağ rayonu ərazisində tikilmiş "Səngəçal" elektrik stansiyasıdır. Stansiyanın olduqca unikal olduğunu söyləyən E.Pirverdiyev, onu da bildirdi ki, 300 meqavatlıq "Səngəçal" elektrik stansiyasının tikintisinə 2007-ci ilin fevralında başlanmışdır.
"Azərenerji"nin prezidenti iqtisadi cəhətdən sürətlə inkişaf edən Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində bu stansiyanın mühüm rolu olduğunu vurğuladı. Həmçinin, qeyd etdi ki, stansiyada əsas yanacaq kimi, qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilir: "Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator və 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür. Elektrik stansiyasına təbii qazın verilməsi üçün 4 km uzunluğunda kəmər çəkilmiş, qazpaylayıcı stansiya, ərazidə yanacaq çənləri, mazutun və dizel yanacağının təmizlənməsi qurğuları, suyun kimyəvi təmizlənməsi qurğuları tikilmiş, yanğınsöndürmə sistemi yaradılmışdır".
E.Pirverdiyev stansiyanın açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyin və ölkə rəhbərinin bu hadisəni böyük nailiyyət kimi dəyərləndirdiyini dedi.
"Azərenerji"nin prezidenti Azərbaycan dövlətinin elektroenergetika sahəsinə göstərdiyi diqqətdən danışaraq, onu da vurğuladı ki, son illər ərzində bu sahədə görülən işlər ölkəmizin iqtisadi baxımdan inkişafı üçün çox müsbət rol oynamışdır: "Səngəçal" elektrik stansiyası son dörd ildə Azərbaycanda tikilən altıncı modul tipli stansiyadır. Birinci stansiya Astarada tikilmişdir. Ondan sonrakı illərdə Xaçmazda, Şəkidə, Naxçıvanda, Bakıda modul tipli stansiyalar tikilib. Generasiya güclərindən danışarkən, hazırda Sumqayıtda 525 meqavat gücündə buxar qaz qurğusunda işlər tam başa çatdırılıb. Elektrik stansiyası bu il istifadəyə veriləcək.
Bununla yanaşı Qubada gücü 104 meqavat olan yeni stansiya tikilir. Artıq bu stansiyada da elektromexaniki quraşdırma işləri aparılır. Stansiyanın ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda köhnə stansiya Şirvan şəhərində olan stansiyadır. Faydalı iş əmsalı çox aşağı olan stansiyadır. Yeni müasir, 800 meqavat gücündə stansiya tikilir. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, Azərbaycan enerji təhlükəsizliyi baxımından özünü tam təmin edir. Azərbaycanın bölgələrinə sutka ərzində elektrik enerjisi vermək üçün bütün texniki imkanlar mövcuddur. Hər bir ölkənin inkişafı üçün ən başlıca rol oynayan sahə, təbii ki, energetikadır".
Ötürmə xətləri ilə bağlı görülən işlər barədə açıqlama verən E.Pirverdiyev qeyd etdi ki, hazırda İran İslam Respublikası ilə əlaqə xətləri qurulur. I və II Mingəçevir xətlərinin yenidən qurulması həyata keçirilir. Həmçinin, paylayıcı elektrik şəbəkələrlə bağlı məlumatında E.Pirverdiyev onu da vurğuladı ki, MDB məkanında Azərbaycanda ilk dəfə kart tipli sayğacların quraşdırılmasına başlandı. Bu proses ilk dəfə Gəncədə həyata keçirildi. Artıq Gəncədə kart tipli sayğaclar tam quraşdırılıb. Hazırda isə bu işlər Şirvanda, Sabirabadda, Hacıqabulda, Yevlaxda, Şəmkirdə aparılır. Kart tipli sayğaclaşmanın müsbət nəticəsi göz qabağındadır. Kart tipli sayğacların quraşdırıldığı ərazilərdə yığım 100 faizdir.
E.Pirverdiyev Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü barədə də ətraflı məlumat verdi. Bildirdi ki, bu məsələ ilə bağlı uzun müddətdir müzakirələr aparılır. Üç beynəlxalq təşkilat tərəfindən müxtəlif vaxtlarda texniki iqtisadi əsaslandırmalar hazırlanıb. Layihə olduqca önəmli, iqtisadi cəhətdən səmərəlidir.
Azərbaycanın enerji ixracatçısına çevrildiyini xüsusi vurğulayan E.Pirverdiyev, bunu əsaslı şəkildə diqqətə çatdırdı: "Bir neçə il bundan öncə Azərbaycan elektrik enerjisini idxal edən ölkə idi. Elektrik enerjisini ixrac edən ölkəyə çevrilmək üçün, ilk növbədə, enerjini idxal edən statusdan azad olmaq lazımdır. Azərbaycan bu statusdan azad olub. Ölkəmiz enerji idxal etmir. Respublikamız Rusiyaya, İrana daha çox enerji ixrac edib. Hətta nəinki Azərbaycanın, ayrılıqda götürdükdə Naxçıvan Muxtar Respublikasının enerji sistemi Türkiyəyə enerji ixrac edir. Bu gün Naxçıvanın köhnə borclarına görə 17-20 meqavat elektrik enerjisini Türkiyə ixrac edir".
Tədbirin sonunda "Azəreneji" ASC-nin prezidenti E.Pirverdiyev media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.