PDF Oxu

Sosial

  • 15

Bakı-Tbilisi-Qarsın arxa plana keçməsi barədə yayılanlar təxribatdır

Bakı-Tbilisi-Qarsın arxa plana keçməsi barədə yayılanlar təxribatdır
Son zamanlar Azərbaycanın müəllifi olduğu enerji və nəqliyyat-kommunikasiya layihələrinin perspektivinin şübhə altına düşməsinə dair əsası olmayan, həqiqətdən uzaq məlumatlar yayılır, guya respublikamızın Türkiyədən keçən layihələrin işini məhdudlaşdıracağı barədə məntiqsiz şərhlər geniş yer alır. Azərbaycanla qardaş Türkiyənin ən yaxın müttəfiq olması və bu ölkələrin sıx münasibətlərinə sərinlik gətirmək istəyən bədxahlar belə iddialarla çıxış edirlər ki, guya artıq bir sıra kommunikasiya layihələrinin işinə məhdudiyyət qoyulub. Bakı-Tbilisi-Qarsı dəmir yolu xətti layihəsi ilə bağlı iftiralar yayan bu bədxahlar kəmərin tikintisinin dayandırılması haqqında da böhtanlar yaymaqdan çəkinmirlər. Ümumiyyətlə, son dövrlər bu layihə ilə bağlı daha çox şərhlər verilir, dəmir yolunun gələcəyini və rentabelliyinin sual altına düşəcəyinə dair heç bir məntiqə söykənməyən proqnozlar əsas yer alır.
Bu cür məlumatların və şərhlərin meydana çıxmasında erməni xislətinin olması isə açıq-aşkar hiss olunur. Ermənilərin sifarişi ilə Rusiya KİV-lərində yer alın həmin məlumatlar, təəssüf ki, ölkəmizin bəzi mətbu orqanlarında da geniş yer alır. Nəqliyyat Nazirliyində hesab edirlər ki, ermənilərin niyyətlərindən heç də fərqlənməyən bu cür xislət sahibləri ölkəmizin inkişafını, Türkiyə-Azərbaycan qardaşlığının dərinləşməsini istəməyən mənfurlardır. Onlar, buna görə də, təxribat xarakterli əməllərindən geri qalmayaraq nəhəng regional layihələrə gölgə salmağa çalışırlar. Bu qüvvələr əsaslandırmağa çalışırlar ki, Bakı-Tbilisi-Qars tranzit şəbəkəsi artıq tarixinə göndərilib və Rusiyanın müəllifi olduğu Şimal-Cənub dəhlizi alternativ layihə kimi işə düşdükdən sonra BTQ-nin geosiyasi və iqtisadi əhəmiyyəti aşağı düşəcək. Guya Bakı-Tbilisi-Qarsın bu layihənin təsiri altında regional mövqeyi azalacaq və yükdaşınmalarının həcmi azalacaq. Nazirlikdən bildirildiyinə görə, Bakı-Tbilisi-Qars Avropanın enerji təhlükəsizliyi sisteminin başlıca elementidir və Avropa Birliyi ölkələri ilə bərabər, Asiya və Afrika regionu dövlətləri bu dəhlizin əsas iştirakçıları olacaq. Azərbaycan, Türkiyə, Gürcüstan, Çin, Qazaxıstanla yanaşı, digər dövlətlər bu layihəyə qoşulduqlarını bəyan edib. Bu layihə iki müxtəlif sivilizasiyanın qovuşmasına da töhfə verəcək. Belə ki, Çinin timsalında Şərq sivilizasiyası ilə Avropa, yəni Qərb sivilizasiyası arasında gərginlik mövcuddur. BTQ bu sivilizasiyaların bir-birinə yaxınlaşmasında həlledici rol oynaya bilər. BTQ regionda Qarsdan Şanxaya qədər təhlükəsiz nəqliyyat dəhlizinə yol açacaq. Avropa və Asiya regionunda yeni iqtisadi və siyasi hadisə kimi şərh olunan bu marşrutun işə düşməsi hər üç ölkə ilə bərabər, dəmir yolunun keçdiyi ərazilərdə yerləşən dövlətlərin Avropaya inteqrasiyasını sıx tellərlə möhkəmləndirəcək. İş ondadır ki, Bakı-Tbilisi-Qars bölgədə digər layihələr üçün lokomotivə çevriləcək. Belə ki, Türkiyənin təşəbbüsü ilə Bosfor boğazının altından keçən dəmir yolunun çəkilişi tamam olduqdan sonra Mərmərə layihəsi reallaşacaq ki, bunu da yaxın perspektivdə BTQ-nin məntiqi davamı kimi görmək olacaq. Beləliklə, Pekindən Böyük Britaniyaya qədər uzanan geniş ərazi miqyasına malik dəmir yolu şəbəkəsi mövcud olacaq. Bu dəmir yolu ilə ildə 25 milyon tondan artıq yük daşınması nəzərdə tutulur. Azərbaycanın 50 mln dol-dan çox gəlir götürəcəyi Bakı-Tbilisi-Qars dəmir yolu, ümumilikdə, bütün bölgənin simasını dəyişəcək.
Nəqliyyat Nazirliyindən onu da bildiriblər ki, Bakı-Tbilisi-Qarsın Rusiya və İranın Azərbaycan vasitəsilə Avropa ölkələrinə çıxışını təmin edən Şimal-Cənub layihəsinə alternativ kimi yaradılması barədə fikirlər ciddi əhəmiyyət daşımır. Qlobalaşmanın dərinləşdiyi və dünyada çoxşaxəli nəqliyyat vasitələrinin yaradılması uğrunda rəqabətin xarakterin genişləndiyi dövrdə ticarət bazarlarına çıxış üçün ölkələrin əsas marağı daha sərfəli dəhlizlərdə kəsişir. Əslində, dünyada nəqliyyat marşrutlarının sayının çox olması bütün dövlətlər üçün əlverişli sayılmalıdır. Çünki daşınmalarla məşğul olan dövlətlər və onların şirkətləri hansı marşrutun iqtisadi baxımdan sərfəli olmasını nəzərə alaraq, həmin layihəyə üstünlük verirlər. Bütün layihələrin iqtisadi əhəmiyyətini nəzərə alsaq Azərbaycan Şərq-Qərb və Şimal-Cənub layihələrinin qovuşuğunda yerləşməklə böyük nəqliyyat şəbəkələrinin mərkəzinə çevrilmiş olur. Azərbaycan iki beynəlxalq kommunikasiya qovşaqlarının mərkəzi olmaqla bütünlüklə Avrasiya regionunda öz geostrateji əhəmiyyətini gücləndirəcək.
Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması da, təbii ki, Azərbaycanın marağındadır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi də iqtisadi cəhətdən səmərəli ola bilər. Bu layihə ölkəmizin İran vasitəsilə Asiya bazarlarına çıxışına yol açır. İranın şərq və şimal bölgələri ilə cənub bölgələri arasında yük daşınmalarını yerinə yetirəcək yeni dəhliz Saraxs və Bəndərabas limanlarını əhatə edəcək və Mərkəzi Asiya ölkələrinə çıxış qapısı rolunu oynayacaq. Həmçinin, Fars körfəzi və Cənub-Şərqi Asiya dövlətlərinə yükdaşınmalarında həmin dəmir yolu xəttinin imkanlarından istifadə olunacaq.
Mərkəzi Asiya, Fars körfəzi və regionun digər strateji coğrafi nöqtələrini özündə birləşdirəcək Bafq-Məşhəd dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizi ilə birləşəcək. Bu isə regionda mühüm beynəlxalq və ümumdünya əhəmiyyətli, böyük iqtisadi-coğrafi zonanı əhatə etməklə strateji nəqliyyat məkanının yaradılması deməkdir. Ümumiyyətlə, Azərbaycan istər enerji, istərsə də nəqliyyat layihələrinin diversifikasiyasına, yəni şaxələndiriliməsinə üstünlük verir. Bakı-Tbilisi-Qars isə regionun strateji nəqliyyat mərkəzidir. Yeri gəlmişkən, Bakı-Tbilisi-Qars xətti layihəsi ilə bağlı iftiralar yayan bədxahlar dəmir yolunun Gürcüstan hissəsində işlərin yayılmasını iddia etsələr də, qonşu ölkədə işlər əvvəlki templə gedir. Mayın əvvəllərində isə Bakı-Tbilisi-Qars ilə bağlı işlərin ikinci mərhələsinə start vermək məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirlərinin toplantısı olacaq. Göründüyü kimi, nə qədər iftiralar, böhtanlar, təxribat cəhdləri olsa da Azərbaycan və Türkiyənin birgə layihələri bu ölkələrin qardaşlığı və birliyi kimi əbədi olacaq.

Digər xəbərlər