Milli Məclisin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatına görə, deputat Adil Əliyev MDB-də terrorizm, cinayətkarlıq və narkobizneslə mübarizə sahəsində qanunvericiliyin uyğunlaşdırılması üzrə birgə komissiyanın işində iştirak etmək üçün Sankt-Peterburqa səfər edib.
Görüşdə "Dövlət sərhədləri haqqında", "Sərhəd təhlükəsizliyi haqqında", "Terrorizmlə mübarizə haqqında" model qanun layihələrinin, kimyəvi və bioloji təhlükəsizliyin təmin olunması sahəsində MDB iştirakçısı olan dövlətlərin Antidopinq Məcəlləsinin və milli qanunvericiliklərin uyğunlaşdırılması layihələrinin müzakirəsi keçiriləcək. Millət vəkili A.Əliyev də həmin görüşdə çıxış edəcək və müzakirə olunan məsələlərə münasibətini bildirəcək.
Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Piter Semneb ilə görüşü zamanı təşkilatla Azərbaycan arasında əlaqələrin daha da genişlənməsi istiqamətindəki böyük işlər görüləcəyinə inandığını deyib. Qeyd edib ki, Avratlantik məkana inteqrasiya yolu tutmuş Azərbaycan Avropa Birliyi və onun strukturları ilə əməkdaşlığın dərinləşməsinə böyük önəm verir.
Milli Məclisin sədri "Avropa Birliyi ilə qonşuluq siyasəti" proqramı çərçivəsində xeyli işlər görüldüyünü diqqətə çatdıraraq, Avropa Parlamenti ilə ölkənin qanunvericilik orqanı arasında yaxşı münasibətlərin yarandığını vurğulayıb. Bildirib ki, 2002-ci ildən Avropa Parlamenti ilə Milli Məclisin Əməkdaşlıq Komitəsinin bir sıra iclasları keçirilib və bu sahədə əlaqələr dərinləşməkdədir. Görüşdə, eyni zamanda, "Şərq tərəfdaşlığı" proqramının əhəmiyyəti də bu layihə çərçivəsində tərəflərin öz üzərilərinə bir sıra öhdəliklər götürdüyü qeyd edilib. O.Əsədov onu da vurğulayıb ki, ölkələrin suverenliyi və sərhədlərin toxunulmazlığı əməkdaşlığımızın əsas prinsiplərindəndir. Sədr söhbət əsnasında Cənubi Qafqazdakı ictimai-siyasi vəziyyətdən danışaraq bölgədəki münaqişələrin regionun inkişafına və Avratlantik məkana inteqrasiya işinə böyük maneçilik törətdiyini xüsusi qeyd edib. Bildirib ki, bu gün sürətlə inkişaf edən və Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yer tutan Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir. Problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasının və Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Ötən ilin avqustunda bölgədə cərəyan edən hadisələr bu cür münaqişələrin həllinin yubadılmasının necə təhlükəli olduğunu bir daha göstərdi. Azərbaycan bu problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır.
Görüşdə Piter Semnebi Azərbaycana səfərinin məqsədini açıqlayaraq, bu cür görüşlərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmli olduğunu qeyd edib. O, "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində təmsil etdiyi qurumla ölkəmiz arasında əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edib.