Ölkəmizin həyatında baş verən mühüm ictimai-siyasi və sosial proseslərin gedişini, bu istiqamətdə qarşıya çıxan məsələlərin geniş ictimai rəyə təqdim olunmasında "Səs" qəzetinin və "Səs" İnformasiya Agentliyinin davamlı şəkildə keçirdiyi dəyirmi masalar cəmiyyətdə böyük maraqla qarşılanır. Bütün dünya ictimaiyyətinin böyük narahatçılıq və diqqətlə izlədiyi maliyyə böhranı ilə bağlı müxtəlif müzakirələr və təkliflər irəli sürülməkdədir. Azərbaycanın da dünyada baş verən proseslərdən kənarda qalmadığını və hər bir sahədə qarşılıqlı inteqrasiya prosesinin getdiyini nəzərə alaraq, dünyada baş verən maliyyə böhranının nəticələrinin ölkəmizə təsiri və bunun qarşısının alınması istiqamətində atılan addımlar təqdirəlayiqdir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin irəli sürdüyü, "Səs" İnformasiya Agentliyinin təşkilati dəstək verdiyi "Azərbaycan Respublikasının antiböhran konsepsiyası layihəsi" bu qəbildən növbəti addım kimi dəyərləndirilir. Bu konsepsiyanın geniş ictimaiyyətə təqdim olunması ilə bağlı "Səs" qəzetində dəyirmi masa keçirildi. Dəyirmi masada "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin direktoru Bəhruz Quliyev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov, İqtisadi Tədqiqatlar Mərkəzinin sədr əvəzi Vüsal Qasımlı, Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, iqtisad elmləri doktoru, prof. Əli Əlirzayev, YAP Siyasi Şurasının üzvü, iqtisadçı-ekspert Aydın Hüseynov, Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı, müstəqil iqtisadçı, ekspert Elşad Mənsimov iştirak edirdi.
Dəyirmi masanı giriş sözü ilə Bəhruz Quliyev açaraq qeyd etdi ki, SİA-nın dəstəyi ilə "Antiböhran konsepsiyası layihəsi" hazırlanıb. O, ölkəmizdə aparılan balanslı iqtisadyönümlü siyasətin nəticəsində qlobal maliyyə böhranının güclü təsirlərinin Azərbaycanda hiss olunmadığını, bu sahədə dövlət tərəfindən tədbirlər görüldüyünü və antiböhran proqramının hazırlandığını dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı. "Səs" İnformasiya Agentliyi, İqtisadi və Sosial İnkişaf Mərkəzi ilə birgə hazırlanan layihənin də məhz həmin Dövlət Poqramında istifadə olunacağına ümidvar olduğunu söyləyən baş redaktor müzakirə iştirakçılarına dünyada baş verən maliyyə böhranı və onun təzahürləri ilə bağlı fikir mübadiləsi aparılmasını təklif etdi.
Vüqar Bayramov:
- Qeyd edim ki, bu konsepsiya layihə deyil. Biz bunu bir təklif olaraq hökumətə və eləcə də, parlamentə təqdim etmək niyyətindəyik. Güman edirik ki, konsepsiya vətəndaş cəmiyyətinin və o cümlədən, ekspertlərin məhz qlobal maliyyə böhranının təsirlərinin azadılması ilə bağlı rolunun gücləndirilməsinə ehtiyac vardır. Bu baxımdan, qlobal maliyyə böhranının təsirlərinin azaldılması ilə bağlı antiböhran konsepsiyası bizim mərkəz tərəfindən hazırlanmışdır. Bu konsepsiyada müxtəlif istiqamətlər üzrə bir çox sahələr əhatə olunub. Həmin təkliflər praktik olaraq, ölkənin qlobal maliyyə böhranının təsirlərinin minimuma endirilməsinə xidmət edən təkliflərdir. Konsepsiyada nəzərdə tutulan əsas məqam qlobal maliyyə böhranı dövründə Azərbaycan iqtisadiyyatının daha çox sığorta olunmasına nail olmaqdır.
Nəzərə almaq lazımdır ki, bu böhran qlobal xarakter daşıyır və əksər dünya dövlətlərinə öz təsirini göstərib. Bu baxımdan, bu konsepsiyanın yaranması ideyası ortaya çıxdı. Konsepsiyada qısa da olsa, deyə bilərəm ki, müxtəlif sahələri əhatə edə biləcək təkliflər hazırlanıb. Həmin təkliflərdə məhz yaxın bir ildə və qlobal maliyyə böhranının davam etdiyi dövrdə bu böhranın təsirlərinin azaldılması ilə bağlı irəli sürülən təkliflər öz əksini tapıb. Konkret olaraq, həmin təkliflərin əksəriyyəti, Azərbaycanla yanaşı, bir sıra ölkələrin, o cümlədən, Avropa Birliyinin, MDB-nin bəzi ölkələrinin antiböhran proqramı və anti-böhran konsepsiyaları öyrənilib. Qeyd etmək lazımdır ki, böhranın təsirlərinin azaldılması istiqamətində bütün ölkələrin həyata keçirdiyi antiböhran proqramları daha çox dövlətin müdafiəsinin artırılmasına xidmət edən konsepsiyalardır.
Nəzərə almaq lazımdır ki, böhran xarici amil kimi məhz ölkədə fəaliyyət göstərən biznes və ya maliyyə orqanlarına təsir göstərir. Bu baxımdan, dövlətin rolunun artırılmasına və müdaxiləsinin daha da gücləndirilməsinə ehtiyac vardır. Ona görə ki, Azərbaycanda fəaliyyət göstərən bank və maliyyə qurumaları qlobal maliyyə böhranının təsirlərindən əziyyət çəkməsin. Vergi sferası ilə bağlı bizim hazırladığımız təkliflərdə dövlətin bu sahəyə müdaxiləsini daha da artıraq. Eyni zamanda, əlavə təkliflər olmalıdır ki, bu büdcə gəlirlərinin formalaşmasında problemlər yaratmasın. Bu səbəbdən vergi təkliflərinin azaldılmasının tərəfdarı deyilik. Çünki bütün hallarda vergi təkliflərinin azaldılması dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşması ilə bağlı problemlər yaradacaq. Ona görə də, biz təklif edirik ki, məhz növbəti bir ildə mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, əlavə dəyər vergisinin dərəcəsi 18 faizdən 16 faizə endirilsin. Eyni zamanda, fiziki şəxslərin vergidən azad edilən hissəsi 75 man-dan 100 man-a qədər artırılsın. Digər vergi dərəcələri də uyğun formada yerinə yetirilsin. Sadələşdirilmiş vergi subyektlərində fiziki və hüquqi şəxslərin ayrılması daha münasib olardı. Çünki bu gün mövcud qanunvericiliyə əsasən, 22500 man olan sahibkarlıq subyektləri sadələşdirilmiş verginin subyekti hesab olunur. Həmin sahibkarlıq subyektləri isə həm fiziki, həm də, hüquqi şəxslər ola bilər.
Biz təklif edirik ki, fiziki şəxslər üçün məhz sadələşdirilmiş verginin subyekti olması baxımından bir-birindən fərqləndirilsin. Buna əsasən də, 2008-ci ilə də "Bir pəncərə" sisteminin tətbiqi ilə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayında kəskin artım qeyd alındı. Eyni zamanda, 2008-ci ilə qeydiyyatdan keçən fiziki şəxslərin sayı hüquqi şəxslərin sayından 6 dəfə çox idi.
Düşünürük ki, sadələşdirilmiş vergi sistemində belə bir dəyişikliyin olması, eləcə də, hüquqi şəxslər üçün sadələşdirilmiş vergi limitinin 22500 man-dan 75000 man-a qaldırılması fizi şəxslər üçün isə vergi limitinin 22500 man-dan 36000 man-a qədər qaldırılması və fiziki və hüquqi şəxslər üçün fərdi müəyyənləşdirilməsi sahibkarlıq subyektlərinin daha stimullaşdırılan hüquqi şəxs kimi qeydiyyatadan keçməsinə, fəaliyyət göstərməsinə imkan yaradacaq.
İnvestisiya vergi sisteminin tətbiqinin tərəfdarları artıq çoxdur. Rusiyada belə bir vergi sistemi tətbiq olunmaqdadır. Biz, eləcə də, xarici bankların kreditlər almış Azərbaycan maliyyə qurumlarına tətbiq olunan 10 faiz vergi rüsumunun bir il müddətinə təhvil verilməsinin tərəfdarıyıq ki, bütün hallarda nəzərə alınmalıdır ki, qlobal maliyyə böhranı nəticəsinə xarici maliyyə mənbələrinin tükənməsi artıq adi hal alır. Belə olan halda isə dünyada maliyyə resurslarının qıtlığı müşahidə olunur. Bu baxımdan, Azərbaycan kommersiya bankları üçün məhz xaricdən vəsaitləri cəlb etmək olduqca vacibdir.
Bəhruz Quliyev:
- Bu layihələr hazırlanarkən ekspertlərin rəyləri də burada öz əksini tapıb. Bununla bağlı aidiyyatı orqanlarla da qarşılıqlı fikir mübadiləsi edilib. İstərdik ki, Vüsal Qasımlı da bu layihə ilə bağlı öz rəy və təkliflərini bildirsin.
Vüsal Qasımlı:
- Əvvəla, "Səs" qəzeti əməkdaşlarına belə bir vacib məsələ ilə bağlı keçirdiyi dəyirma masaya görə, dərin minnətdarlığımı bildirirəm. Bu konsepsiya ilə bağlı, ilk növbədə, təklifimiz ondan ibarətdir ki, vergilərin aşağı salınması, Milli Bankın siyasətində müəyyən dəyişikliklərin edilməsi və yaxud da aqrar sektora subsidyaların ayrılması, vergilərlə bağlı müəyyən korrektələrin edilməsi nəzərdə tutulub. Sadəcə olaraq, bütün bu təkliflərin hamısı bir makroiqtisadi tarazlıq modelində yığılmalıdır. Çünki iqtisadiyyat sanki bir hörümçək toruna bənzəyir ki, onun hansısa bir hissəsində dəyişikliyin baş verməsi sürətlə onun digər istiqamətlərinə də təsir göstərir. Bu təsirlər isə həm mənfi, həm də müsbət ola bilir. Konkret söhbət ondan gedir ki, bizim artıq bir makroiqtisadi tarazlıq modelimiz vardır. Bu modelin də mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda əmtəə və maliyyə bazarının arasında bir tarazlıq modeli yaradılıb. Həmin tarazlıq modelinə əsasən artıq müəyyənləşir ki, ölkədə vergi dərəcələri, Milli Bankın uçot dərəcələri hansı səviyyədə olmalı, dövlətin xərcləri, şəxsi istehlak səviyyəsi və əhalinin gəlirləri necə tənzimlənməlidir. Eksportla bağlı bizimi hansı işlərimiz olmalıdır. Yəni, bununla bağlı makroiqtisadi göstəricilərin rasionallaşdırılmış bir kombinasiyası ortalıqda mövcuddur. Bu kombinasiyanın əsasında biz artıq hansı verginin artırılıb-azaldılması ilə bağlı konkret təklif verə bilərik.
Qeyd edim ki, Azərbaycanda bu gün maliyyə sektoru ilə bağlı manatın real effektiv məzənnə indeksinin yüksəlməsidir. Milli Bank bunu sübut etməyə çalışır ki, manatın real effektiv məzənnə indeksinin bahalaşması Azərbaycanın iqtisadi maraqlarına bir o qədər də zidd deyil. Dəfələrlə bu məsələ müzakirə olunub. Fikrimizcə, bütün iqtisadi ədəbiyyatlarda real effektiv məzənnə indeksinin yüksəlməsi ölkənin xarici ticarət səviyyəsinə mənfi təsir göstərən bir amildir.
Əli Əlirzayev:
- Burada səslənən təkliflərin hər biri düzgün istiqamətə yönəlib. Bu konsepsiya araşdırmaların nəticəsidir. Bundan dövlət konsepsiyasının hazırlanmasında istifadə oluna bilər. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun ləğvi, ölkədə işsizliyin ləğv edilməsi ilə bağlı olan prinsiplər dövlət konsepsiyasıdır. Bunun həyata keçirilməsinin də ayrı-ayrı yolları vardır. Biz təklif edirik ki, banklarda faiz dərəcələrini azaldaq ki, büdcədən kənara ayrılan vəsaitlər müəyyənləşsin. Bu saat bir iqtisadçı kimi ölkəmizə tarazlı bir iqtisadi siyasətin gərəkli olduğunu vacib hesab edirəm.
Fəzail Ağamalı:
- Belə bir tədbirin keçirilməsini alqışlayıram. Azərbaycanda vətəndaş cəmiyyəti bərqərar olub. Ona görə də, bu və digər məsələlərə cəmiyyətin bütün tərəflərinin cəlb olunması və qlobal xarakter daşıyan bu problemin ətrafında müzakirələr apararaq antiböhran proqramına təkliflər vermək müsbət haldır. Burada çıxış edənlərdən fərqli olaraq düşünürəm ki, bu cür müzakirələr effektivdir. Bu, cəmiyyət üçün də vacibdir. Bu təşəbbüslər hər bir mərkəz tərəfindən hazırlanmalı və dövlətə təqdim olunmalıdır. Böhranla bağlı Milli Məclisdə fikirlərimi ifadə etmişəm. Bu gün bəzi məqamların üzərində dayanmaq istəyirəm. Maliyyənin özü iqtisadi anlayışdan ayrıca müəyyən qədər suallar doğurur. Bunun bir çox beynəlxalq xarakterli şərhçilər 1930-cu illərin depressiyası ilə müqayisə edirlər. 1928-1933-cü illərdə dünyanı bürüyən irqtisadi böhran, sözün həqiqi mənasında, çox ağır nəticələr verdi və hətta II Dünya müharibəsinə gətirib çıxartdı. Həmin dövrdə bir neçə dövlət, xüsusilə, ABŞ və Almaniya bu vəziyyətdən çıxa bildi və öz ölkələrini ağır böhrandan yan keçməyə nail oldular. Həmin ölkələrdə ağır nəticələr olmadı. Əgər bu ciddi xarakter daşıyan məsələ deyilsə, dünyanın 20 inkişaf etmiş ölkəsi bir yerə yığışır və bundan çıxış yollarını axtarır. Dünyanı bürüyən dərin iqtisadi böhrandır. Bu maliyyə ilə başlayıb, sonrakı mərhələləri davam etməkdədir. Azərbaycan üçün ən təhlükəli cəhəti böhranın ikinci mərhələsi, yəni, iqtisadi böhranın dərinləşməsindən doğan işsizlik və işsizliyin yarada biləcəyi sosial problemlərdir. Yəni, işsizlik yaranarsa, cəmiyyətdə sosial kataklizmilər başlaya bilər.
(Ardı var)