PDF Oxu

Sosial

  • 15

Beynəlxalq Muğam Festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Beynəlxalq Muğam Festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
Dünən Zeynalabdin Tağıyev adına Tarix Muzeyində "Muğam aləmi" Beynəlxalq Muğam festivalının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə və b. iştirak edirdi.  
Tədbiri giriş sözü ilə açan Misir Mərdanov "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı ətrafında fikirlərini ifadə edib, beynəlxalq mahiyyət kəsb edən tədbirin əhəmiyyətinə aydınlıq gətirdi. O, qeyd etdi ki, beynəlxalq muğam və muğama qohum musiqi ənənələrinə həsr olunmuş simpozium tarixi bir əhəmiyyət kəsb edir. Belə bir festival ilk dəfədir ki, Azərbaycanda keçirilir. Bu simpoziuma ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Niderland, Türkiyə, Macarıstan, Çin, Tunis, Rusiya, Özbəkistan, Tacikistan alimləri və musiqi xadimləri böyük maraq göstərmişlər: "Simpoziumun işində BBC radiosunun "Word Routes"("Dünya yolları") populyar musiqi proqramının aparıcıları, tanınmış musiqi xadimləri, professor Lyusi Düran və Ceyms Parkin, "Pan Rekords" kompaniyasının sahibi Bernard Kleykami, Şərq və Asiya musiqisinin Böyük Britaniyada və bütün dünyada yorulmaz təbliğçisi, "Azian Serkyüt" kimi nəhəng kompaniyanın meneceri Viram Casani və bir çox başqaları da böyük həvəs və maraqla iştirak edəcəklər. Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Muğam Festivalının açılışı martın 18-də Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəyovun "Koroğlu" operası ilə başlayacaq. Bir neçə mərhələdən ibarət olacaq beynəlxalq tədbirdə muğama dair elmi simpoziumlar da təşkil ediləcək. Simpoziumda 3 gün müddətində elmi əsaslarla muğamın mövcud vəziyyətinin, onun gələcək inkişaf yollarının, istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı addımlar atılacaq".
Misir Mərdanov onu da bildirdi ki, Beynəlxalq Muğam Müsabiqəsi 22 - 24 mart tarixlərində Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcəkdir. Müsabiqəyə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılır. Bu müsabiqədə 1 Qran-Pri və 3 mükafat var. Festivalda ölkəmizi Təyyar Bayramov, Vəfa Orucova, Babək Niftəliyev, Arzu Əliyeva və Səbuhi İbayev təmsil edəcəklər.
Konfransda çıxış edən Mahmud Kərimov "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının böyük dəyərə malik olduğunu vurğulayıb. O, bu müsabiqənin Bakıda keçirilməsinin təqdirəlayiq olduğunu bildirdi.  Festival Azərbaycanın dünya məkanında böyük mədəniyyətə malik olduğunu bir daha təsdiq edəcək. Simpoziumun bütün işləri müxtəlif dillərdə nəşr olunacaq. Bu festivalda həm YUNESKO, həm də İSESKO-nun, eyni zamanda, dünyada xalq yaradıcılığı ilə məşğul olan dairələrin ən tanınmış alimləri, ziyalıları iştirak edəcəklər. Mahmud Kərimov bildirdi ki, keçiriləcək tədbirlərin məqsədi dünyaya muğamın coğrafi tarixi vəziyyətini izah etmək, xarici qonaqları milli sərvətimiz olan muğamla tanış etməkdir. Bu konsertlərin özü də muğam dünyasının coğrafi məkanını göstərəcək.
Mətbuat konfransında çıxış edən Sevda Məmmədəliyeva bildirdi ki, festivala İran, İraq, Hindistan, Misir, Suriya, Çin və s.kimi 10-dan artıq Şərq ölkəsindən muğam ustaları təşrif buyuracaq: "Simpoziuma dəvət olunanlar arasında Avropa, Amerika və Asiyada ənənəvi Şərq musiqisini tədqiq edən 30-a yaxın alim, musiqi xadimi, tədqiqatçı vardır. Simpoziumda etnomusiqişünaslıq elminin məşhur simalarından Nyu-York şəhər Universitetinin professoru, YUNESKO-nun eksperti Stiven Blam, Nyu-Yorkun Kolumbiya Universitetinin fəxri professoru Diter Kristensen, Niderlanddan YUNESKO yanında ənənəvi musiqi sahəsi üzrə Beynəlxalq Şuranın vitse-prezidenti Uim van Zanten, Fransadan professor Jan Dyurinq, Berlindən Humbolt Universitetinin professoru Yurqen Elsner, Koliforniya Universitetinin fəxri professoru Hiromi Lüter Sakata, eləcə də, MDB ölkələrindən Özbəkistandan Rövşən Yunusov, Moskva Konservatoriyasının professoru Violetta Yunusova, Düşənbədən "Akademiya makoma"nın direktoru Abduvali Abduraşitov iştirak edəcəklər. Azərbaycanın, İranın, Türkiyənin, Pakistanın, Hindistanın, Tunisin, Özbəkistanın və Tacikistanın musiqi mədəniyyətinə həsr olunan məruzələr dinləniləcək. Festival çərçivəsində paytaxtın mədəniyyət ocaqlarında hər gün iki konsert təşkil ediləcək və bu konsertə geniş ictimaiyyətin daxil olması üçün imkan yaradılacaq. Festival konsertlərində 10 ölkədən - İraq, Mərakeş, İran, Suriya, İtaliya, Çin, Hindistan, Misir, Özbəkistan, Azərbaycandan musiqiçilər çıxış edəcəklər."
Konsertlər 5 gün ərzində Beynəlxalq Muğam Mərkəzində keçiriləcəkdir. Konsertlərdə Azərbaycan muğam ustalarının ifasında 7 əsas Azərbaycan muğamı ifa olunacaq. Muğamları Alim Qasımov, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Nuriyyə Hüseynova, Zabit Nəbizadə ifa edəcəklər.
Eyni zamanda, festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək konsertlərdə Fikrət Əmirovun "Şur", "Kürd Ovşarı", "Gülüstan", "Bayatı-Şiraz" simfonik muğamları, Niyazinin "Rast" simfonik muğamı, Aqşin Əlizadənin "Muğamvari" simfoniyası, Nazim Əliverdibəyovun "Bayatı-Şiraz" xor muğamı, Cahangir Cahangirovun "Füzuli" kantatası səslənəcək. Azərbaycan Dövlət Simfonik Orkestrinə bu konsertlərdə Silvio Sergio Barbato (İtaliya) və Fəxrəddin Kərimov (Azərbaycan) dirijorluq edəcəklər.
Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan bəstəkarlarının muğam operaları - Ü.Hacıbəyov "Leyli və Məcnun" operası, Z.Hacıbəyovun "Aşıq Qərib" operası nümayiş olunacaq.
Caz Mərkəzində etno-caz musiqisi axşamları keçiriləcək. Etno-caz musiqisi İsfar Sarabski, Emil Məmmədov, Salman Qəmbərov və "Bakustik-caz" qrupunun ifasında təqdim olunacaq.
Azərbaycan Dövlət Muğam Teatrında "Azərbaycan muğamının dostları" ilə görüş tədbirində Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, xarici ölkələrdən gəlmiş musiqiçilər iştirak edəcəklər.
Açılış mərasimi mart ayının 20-də Beynəlxalq Muğam Mərkəzində, bağlanışı isə mart ayının 25-də Heydər Əliyev Sarayında keçiriləcəkdir.
Martın 18-dən 25-dək respublikanın bütün mədəniyyət müəssisələrində muğam aləmi təqdim olunacaq.
Mətbuat konfransında KİV nümayəndələrini maraqlandıran suallar cavablandırıldı.

Digər xəbərlər