İngiltərədə yaşayan soydaşlarımız referendumda aktiv iştirak edəcək
Azərbaycanın İngiltərədəki Səfirliyindən "Səs" qəzetinə verilən məlumata görə, səfirlik tərəfindən cari ilin martın 18-də keçiriləcək Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referenduma hazırlıq işləri yekunlaşmaq üzrədir.
Referenduma hazırlıq çərçivəsində Britaniyada müvəqqəti yaşayan və səfirlikdə konsul qeydiyyatına alınmış seçki hüququna malik vətəndaşların siyahısı tərtib edilib və referendumla bağlı müvafiq məlumatlandırma işləri aparılıb.
Referendumda iştirakla bağlı bildirişlər və nəzərdə tutulan dəyişikliklərlə bağlı ətraflı məlumat konsul siyahısında olan 350-yə yaxın Azərbaycan vətəndaşına göndərilib.
Səfirlikdə referendumun həyata keçirilməsi ilə bağlı seçki komissiyası formalaşdırılıb və komissiya referendumun yüksək səviyyədə keçirilməsi istiqamətində müvafiq tədbirlər görməkdədir.
Qeyd edək ki, referendum günü vətəndaşlar səfirlikdə yaradılan seçki məntəqəsində saat 8-dən axşam 19-a qədər səs verə biləcəklər.