İqtisadçı-ekspert Cümşüd Nuriyev:
- Azərbaycan Konstitusiyası MDB məkanında insan hüquq və azadlıqlarının yer aldığı konstitusiyalardan birincisidir. Çünki bizdə maddələrdən hardasa 30-dan çoxu insan hüquq və azadlıqları ilə bağlıdır. Bu maddələrin içərisində bu və ya digər formada referendumda əlavə və dəyişiklər edilməsi təbiidir. Hətta ABŞ konstitusiyası qəbul olunandan sonra hüquq və azadlıqlarla bağlı maddələrində 20-dən çox dəyişikliklər aparılıb.
12-ci maddənin insan və hüquq azadlıqlarının əlavə olunmasında əsas məqsəd odur ki, indiyə qədər Azərbaycanın 30-dan çox beynəlxalq konvensiyaya qoşulub. Həmin konvesiyalardan irəli gələn müddəaları həyata keçirməkdən ötrü Azərbaycan qanunvericiliyində boşluq olmasın deyə, 12-ci maddənin I hissəsinə həmin əlavə olunmalıdır. Yəni, bu Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında, daha doğrusu, qoşulduğu beynəlxalq konvesiyalar qarşısında götürdüyü öhdəlikdən irəli gəlir. Eyni zamanda, Azərbaycan xalqının hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına xidmət edir.
15-ci maddənin II bəndi isə, daha çox iqtisadi azadlıqla bağlıdır. Çünki ilkin variantda dövlət Azərbaycan Konstitusiyasının 15-ci maddəsinin II bəndinə görə, azad sahibkarlığa təminat verir. Yəni, indiyə qədər bu şəkildə davam edirdi. Amma Azərbaycan, hələlik, iqtisadi cəhətdən o qədər inkişaf etməmişdi. Sosial dövlətin yaranması mərhələsinə Azərbaycan indi qədəm qoyur. Çünki cənab Prezident İlham Əliyevin qəbul etdiyi çoxsaylı dövlət proqramları bunu deməyə bizə əsas verir. Amma Azərbaycan Konstitusiyasında bu, öz əksini tapmamışdı. Artıq Azərbaycan iqtisadi cəhətdən kifayət qədər inkişaf etdiyinə görə, sosial dövlətin formalaşması, yəni Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən dövlətin qurulmasını gündəmə gətirir. Buna dövlət təminatı verilməsi o deməkdir ki, Azərbaycan vətəndaşları artıq doğulduğu gündən ölənə qədər Azərbaycan dövlətinin bütün maddi imkanlarından istifadə edə bilər. Dövlət bir qurum kimi öz vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını üzərinə öhdəlik kimi götürür. Konstitusiyada belə bir boşluq var idi. Ona görə də 15-ci maddəsinin II bəndinə məhz "sosial yönümlü" sözünün atırılması Azərbaycanın artıq keçid mərhələsindən yeni iqtisadi fazaya sürətlə, inkişaf etmiş dövlət mərhələsinə keçidi ilə bağlıdır. Çünki əgər əvvələr Azərbaycanda BMT-nin qərarlarına görə adambaşına düşən ÜDM 1000 ABŞ dolları altında idisə, artıq 2009-cu ildə 6000 dollardan söhbət gedir. Yaxın müddət ərzində 9000-ə çatanda artıq Azərbaycan inkişaf etmiş dövlət hesab olunacaq. Ona görə də Azərbaycanın ən əsas məqsədi odur ki, Konstitusiyaya dəyişiklik etməklə perespektiv planını gündəmə gətirir. Eyni zamanda, Azərbaycan xalqına tam zəmanət verir. Çünki Konstitusiyanın I bəndinə görə, Azərbaycan dövlətinin mənbəyi Azərbaycan xalqıdır. Dövlət də xalq qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyi özünə borc bilir. Dəyişiklikdə hüquqi cəhətdən normativ hüquqi baza yaratmağa xidmət edən əlavədir.
İqtisadçı-ekspert Vüsal Qasımlı:
- Bu dəyişikliklər bilavasitə əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı dövlətin üzərinə götürdüyü öhdəliklərin konstitusion tətbiqidir. Bu baxımdan, əgər nəzərə alsaq ki, digər qanunlar da məhz Konstitusiyaya əsaslanacaqlar, bu, çox mühüm əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Azərbaycan neft, qaz ölkəsidir. Ölkəmizin yaxın 10-15 il ərzində ən azı 200-300 mlrd dollar neftin qiymətindən asılı olaraq təbii sərvətlərin satışından gəlir əldə etməsi gözlənilir. Bu gəlirlərin indiki və gələcək nəsillər arasında bölgüsü və eyni zamanda, əhalinin sosial rifahı istiqamətində xərclənməsinə çox böyüük ehtiyac var. Çünki Norveçi çıxmaq şərti ilə Cənubi Amerika, ərəb ölkələrində bəzən bu resurslardan əldə olunan gəlirlər heç də əhalinin sosial rifah halının yaxşılaşmasına gətirib çıxara bilmir. Məsələn, Nigeriya 100 mln t-dan artıq neft hasil edir, amma əhalinin üçdə ikisi yoxsulluq həddindədir. Dövlətin konstitusion əsaslara söykənərək əhalinin layiqli həyat səviyyəsini və sosial rifahının qanunvericilikdə təsbit etməsinin mühüm hüquqi əhəmiyyəti var. Nəzərə almaq lazımdır ki, ölkə başçısı 2005-ci ildə neft gəlirlərinin uzunmüddətli istifadə strategiyası ilə bağlı strategiya qəbul etmişdi. Orada 8 istiqamət göstərilmişdi ki, həmin istiqamətlərdən biri məhz sosial rifah halının yaxşılaşdırılması ilə bağlı idi. Bu dəyişikliklərdən sonra Azərbaycan qanunvericiliyi məhz bu Konstitusiyanın yeni maddələrinə uyğun olaraq yenidən işlənəcək. Çünki orada qanunverici aktlar qəbul edildi. Respublikanın təbii resurslardan və digər mənbələrdən əldə etdiyi gəlirlərin əhalinin qrupları arasında daha ədalətli bölgüsü və xüsusilə də, aztəminatlı təbəqlərin nəzərə alınması məsələləri həll ediləcək. Nəzərə almaq lazımdır ki, həm ölkənin ərzaq təhlükəsizliyi, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişaf proqramı və bu tipli proqramlar da daha yüksək statusa malik olan Konstitusiyaya əsaslanaraq həyata keçiriləcək. Bütün hallarda Konstitusiyanın maddələri imkan verəcək ki, Azərbaycan hökumətinin sosial siyasəti daha geniş çalarlar əldə etsin, hüquqi əsaslandırılmış şəkildə həyata keçirilsin.