PDF Oxu

Sosial

  • 11

“Azərbaycanda turizmin inkişafı və perspektivləri”

“Azərbaycanda turizmin inkişafı və perspektivləri”

Azərbaycanda turizm öz inkişaf dövrünü yaşayır. Dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olan turizmin dinamik inkişafı ölkənin, demək olar ki, bütün regionlarında öz təsirini göstərməkdədir. Son illər respublikamızda turizm sahəsində dövlət siyasətinə uyğun olaraq həyata keçirən tədbirlər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana səfərlərinin təşkili, turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Turizm sahəsinin inkişaf və problemləri ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün dəyirmi masaya bu sahənin mütəxəssisləri dəvət olunmuşdur. Dəyirmi masada Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm idarəsinin baş məsləhətçisi Rəhman Oruclu, Azərbaycan Turizm İnstitutunun "Turizmdə menecment və marketinq" kafedrasının müdiri Sənan Əliyev, "GEF" MMC-nin satış direktoru Cabir Dövlətzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin məsləhətçi-ovşünası Göyçə Musayev, Şirvanşahlar Muzeyinin əməkdaşı Cəmilə Əliyeva, Bakı Dövlət Universitetinin xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizmi kafedrasının mehmanxana təsərrüfatı fənni üzrə müəllimi Samir Balazadə, Azərbaycan Otel Kompleksləri Assosiasiyasının baş direktoru Əhməd Panayev iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin əməkdaşı:

- "Səs" qəzetinin dəyimi masasının bugünkü mövzusu da çox aktual bir məsələyə həsr olunub. Məlum olduğu kimi, bu günə qədər ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmişdir. Dövlət tərəfinidən hüquqi-normativ aktlar qəbul edilmişdir. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuş, respublikamıza gələn turistlərin sayı artmışdır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Sərəncamına əsasən sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülmüşdür. Eyni zamanda, "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Bu hüquqi sənədlər ölkəmizdə turizmin inkişafına müsbət təsirini göstərmişdir. Bildiyimiz kimi, Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit bir şərait yaradılmışdır. Bu mənada turizmin inkişafında sahibkarlığın rolunu qeyd etməliyik. Bu istiqamətdə diqqət cəlb edə biləcək işlər görülüb və sahibkarların bu sahəyə ayırdıqları vəsait Azərbaycan və xarici ölkə vətəndaşlarının ölkəmizin müxtəlif guşələrində istirahətinin təmin olunmasına təkan verir. Təbii ki, biz inkişafdan söz açırıqsa, bunların arxasında müəyyən problemlər və çətinliklər də dayanır. Azərbaycanda mövcud olan bazanın təqdimatı bu sferada görülən işlərin effektindən asılıdır. Azərbaycanın elə guşələri var ki, onları Avropanın bəzi zonaları ilə də müqayisə etmək mümkündür. Bu və ya digər məsələlərə aydınlıq gətirmək və bir mütəxəssis olaraq sizin fikirlərinizi öyrənmək maraqlı olardı.

VƏTƏNPƏRVƏR ŞƏXSLƏR AZƏRBAYCANA TURİST AXINININ ARTMASINA
ÇALIŞMALIDIR

Rəhman Oruclu:

- Turizmin inkişafında bu və ya digər problemlər özünü büruzə verir. Bu problemlər sırasında, deyərdim ki, aviabiletlərin qiymətinin yüksək olması turistlərin Azərbaycana axınında müəyyən fəsadlar doğurur. Bunu açıq şəkildə etiraf etməliyik ki, bu işlə məşğul olan şəxslər qeyd olunan iradlardan müəyyən nəticə çıxarsınlar. Vətənpərvərlik hissi böyük olan şəxslər Azərbaycana turist axınının artmasına çalışmalıdırlar ki, ölkənin büdcəsinə daxil olan valyutanın həcmi artsın. Müəyyən ziddiyyətlər bunun müsbət nəticə verməsinə təsirini göstərir. Bir faktı nəzərinizə çatdırmaq istərdim. Bildiyimiz kimi, Türkiyə müasir dövrmüzdə Azərbaycan vətəndaşları üçün mövcud olan rüsumu aradan qaldırmışdır. Azərbaycanda isə Türkiyə vətəndaşları üçün rüsum mövcuddur. İndi gəlin görək iş turizmi ilə deyil, ailəvi istirahət üçün nəzərdə tutulan turizm məqsədilə hansı türk vətəndaşı ölkəmizə səyahət etmək arzusunda ola bilər? Etiraf edək ki, Türkiyəyə gedən Azərbaycan vətəndaşlarının sayı Türkiyədən Azərbaycana səfər edən vətəndaşların sayı ilə müqayisədə çoxdur. Bəs nəyə görə Türkiyə bu addımı atır, Azərbaycanda isə bununla bağlı heç bir tədbir görülməyib? Buradan Türkiyəyə gələn turistlərin sayı ilə bağlı statistik məlumat qeyd olundu. Təkcə onu deyə bilərəm ki, 2008-ci ilin 11 ayı ərzində Türkiyənin İstanbul şəhərinə 6 milyon 600 min turist gəlmişdir. Hələ Türkiyənin digər şəhərlərini nəzərə almıram. Bu, onunla əlaqədardır ki, burada turistlər üçün əlverişli şərait vardır. Həm maddi, həm də mənəvi tərəfdən. 1990-cı ildən Türkiyədə turist səfərində olmuşdum. Yaxın illərdə orada olarkən daxili turizmin nə qədər inkişafda olduğunu gördüm. Mən deyərdim ki, Azərbaycanda turizm səviyyəsinin Türkiyə ilə müqayisədə zəif olması bizim özəl şirkətlərdə çalışanların günahları səbəbindən. Türkiyədə 50-60 yaşından yuxarı təqaüdçülər həftə sonları Türkiyənin böyük şəhərlərinə üz tutaraq istirahətlərini təşkil edirlər. Orada xarici və yerli əhali üçün turizm xidmətləri artıq təkmilləşdirilmiş formadadır. Mən istərdim ki, Azərbaycanda yaxın illər ərzində məhz Türkiyədə olan turizmin inkişafını görüm, xarici və daxili turizm vasitəsilə Azərbaycanın büdcəsinə gələn gəlirin əsasını turizm sahəsində təşkili hər birimiz üçün vacibdir. Daxili turizm vasitəsinə gəlincə isə, onu da qeyd edim ki, bizim vətəndaşlar kortəbii şəkildə səyahətə çıxırlar. Tutaq ki, bir ailə Şamaxının Pirqulu bölgəsində istirahət etmək üçün öz maliyyə imkanını müəyyənləşdirib yola çıxır. Müəyyən səbəblərdən Pirquluda və yaxud da digər istirahət zonasında yer olmur. Məcbur olur ki, bu və ya digər istirahət zonalarına üz tutsun. Bu da, təbii ki, əlavə xərc tələb edir. Turizm şirkətlərinin xidmətindən faydalanmaq lazımdır ki, çətinliklərlə üzləşməyək və əlavə xərclərə yol verməyək. Dünya praktikasına əsaslanıb deyərdim ki, istirahət etmək istəyən şəxs turizm şirkətlərinin xidmətindən istifadə etməlidir. Turizm şirkətləri arasında müqavilə olmalıdır və bu müqavilənin də müəyyən şərtləri mövcuddur. Azərbaycan vətəndaşı turizm şirkətləri ilə əlaqə saxlayıb, dünyanın bütün turizm obyektləri ilə əlaqə saxlayıb, özünə uyğun olan bir məkan seçə bilər. Təbii ki, turizm şirkətlərində bütün obyektlərin şəkilləri, servisləri və qiymətləri var. Bütün bunlardan istifadə edərək, istirahət etmək istəyən şəxsləri seçim qarşısında qoya bilər.

Samir Balazadə:

- Rəhman müəllimin fikrinə istinadən deyərdim ki, Türkiyənin həm daxili, həm də xarici turizmi inkişaf edib. Türkiyəyə gələn turistlərin sayı ildən-ilə artır və onların istirahəti tənzimlənir. Burada həm təhlükəsizlik, həm də sərhəd məsələləri diqqətdə dayanır. İdeoloji məsələlərə xüsusi diqqət yetirilir. Turizm sahəsində çalışan insanlar bu və ya digər işlərlə ciddi şəkildə məşğul olmalıdırlar. Özümüz üçün bir qədər illüziya qurub düşünməyək ki, xaricdən il ərzində Azərbaycana 6-7 milyon turist gətirəcəyik. Biz buna hazır deyilik. Biz xarici turistləri üçulduzlu mehmanxanalarda qəbul etməyə hazır deyilik. Turist paytaxtımızda fəaliyyətdə olan 190 manatlıq otellərdə qalmayacaqlar. Bu qiymət qrup şəklində gələn turistləri qane etməyəcək. Bizim ekanom səviyyədə olan iki-üç ulduzlu mehmanxanalarımızın sayı çox azdır və bunlar öz səviyyələrinə uyğun tariflər, qiymətlər tərtib etmirlər. Yəqin ki, turizm bazarında çalışan şəxslər mənim fikirlərimlə razılaşarlar. Digər tərəfdən isə turizmin inkişafı mehmanxana ilə kifayətlənmir. Turizm dörd stol üzərində dayanıbsa, onlardan biri mehmanxanadır. İkincisi nəqliyyat, üçüncüsü yemək, dördüncüsü isə əlavə xidmət növləridir. Əlavə xidmətlərə, ilk növbədə, ekskursiyalar daxildir. Bələdçilər xarici dili mükəmməl bilib, Azərbaycanın tarixi, mədəniyyəti, siyasəti, maddi abidələri, Qarabağla bağlı onlara kifayət qədər məlumat vermək iqtidarında olmalıdırlar. Qeyd olunan fikirlərin reallaşması üçün heç bir turizm şirkəti məşğul deyil. Əgər bir eksperiment keçirib, turizm şirkətlərinə müraciət etsək, sözsüz ki, ərəb, fars, ingilis, fransız və digər dilləri bilən bələdçi tapa bilməyəcəyik. Bu, turizmin inkişafında ən böyük problemlərdən biridir. Bələdçilər böyük ideoloji işlərin daşıyıcılarıdır. Bu baxımdan ki, bizim dövlətimizə təşrif buyuran xarici ölkə vətəndaşları ilə təmasda olan, ilk növbədə, bələdçilərdir.

Göyçə Musayev:

- Ekoturizmin inkişafında almaniyalı mütəxəssislərlə milli parklarda fəaliyyətimizi davam etdiririk. Altıağac istirahət mərkəzində ekoturizm üzrə müavin Suzanna adlı bir xanımdır. Əslən alman olan bu xanım turistlərin buraya cəlb olunmasında mühüm rol oynayır. Salyandakı Milli Parkın da direktoru almaniyalıdır. Ekoturizmin inkişafında müasir dövrümüzdə rol oynayan almanlardır. Ekoturizmin inkişafında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, almanlar da öz təsirini göstərir.

Qəzetin əməkdaşı:

- Burada paketlərin verilməsi ilə bağlı müəyyən fikirlər söylənildi. Paketlərdə müəyyən güzəştlər olur, amma aviabiletlərlə bağlı güzəştlər həmin paketə daxil edilmir. Buna səbəb nədir?

XARİCİ TURİSTLƏRİN AZƏRBAYCANA AZ GƏLMƏSİNİN SƏBƏBİ AVİABİLETLƏRİN QİYMƏTİNİN YÜKSƏK OLMASIDIR

Rəhman Oruclu:

- Bugünkü dəyirmi masada otel kompleksləri assosiasiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Turizm İnstitutunun, özəl sektorların və digər təşkilatların mövqeləri ortaya qoyuldu. Hər kəs öz təşkilatını təmsil edərək prinsipial mövqedən çıxış etdi. Xarici ölkə turistlərinin Azərbaycana az gəlməsinin başlıca səbəbi, qeyd etdiyim kimi, aviabiletlərin yüksək olmasıdır. Eyni zamanda, Azərbaycanın paytaxtı ilə digər dövlətlərin paytaxtı arasında aviareysin mövcud olmamasıdır. Mədəniyyət və Turizm Nazirliyi olaraq rəsmi şəkildə bildirirəm ki, bizim xarici ölkələrdə keçirilən tədbirlərin hər birində konfrans, simpozium və digərlərində bizim əməkdaşlara bildirilən iradlar məhz bununla bağlıdır. Onlar Azərbaycanı çox gözəl tanıdıqlarını bildirir, turizm imkanlarından xəbərdar olduqlarını bildirirlər. "Seym", "Evroneus" kimi aparıcı telekanallarda gedən reklam çarxlarından bələddirlər. Aviareyslərlə yanaşı, Qarabağla bağlı məsələ də onlarda sual doğurur. Həmin ölkə ilə birbaşa Bakı arasında aivareysin olmaması çətinlik yaradır və biz hansı yolla Azərbaycana turist kimi gələ bilərik, deyə soruşurlar. Yerləşdiyimiz coğrafi mövqeyi nəzərə alaraq, konkret aeroport adı bildirilir. Dubay, İstanbul kimi daha yaxın ola biləcək aviareysləri təqdim edərkən biletlərin pulu ilə maraqlanırlar. Qiyməti həmin şəxsə bildirərkən geriçəkilmə baş verir. Bizim turistlərin Azərbaycana cəlb olunmasında həm siyasi məsələ, həm Azərbaycana valyutanın cəlb olunması, həm də Azərbaycan vətəndaşlarının maddi rifah halının yüksəlməsi məsələləri dayanır. Çox təəssüflər olsun ki, bu sahədə çalışanlar qeyd olunan məsələ haqqında düşünmürlər.

Qəzetin əməkdaşı:

- Yaxşı olardı ki, Azərbaycan turizmini Qafqaz ölkələri ilə müqayisədə edək.

QAFQAZ ÖLKƏLƏRİ İLƏ MÜQAYİSƏDƏ AZƏRBAYCAN QABAQCIL BİR DÖVLƏTDİR

Samir Balazadə:

- Təbii ki, bu şəkildə müqayisələr aparırıq. Bakı Dövlət Universitetinin müəllimi olaraq, deyərdim ki, kafedramızda bu sahə üzrə müəllimlər bir araya gəlib, müəyyən dəyirmi masalar keçir və sonra nəticələri müzakirə edirik. Qafqaz ölkələri ilə müqayisədə Azərbaycan turistləri qəbul edən qabaqcıl bir dövlətdir. Regionda ekanom səviyyədə qeyd etdiyimiz otellərin sayı Tbilisi şəhərində daha çoxdur. Azərbaycan qonşu dövlətlərlə müqayisədə çox inkişaf etmiş bir turizm dövlətidir. Mən onu Ermənistan turizmi ilə müqayisə etmək belə istəmirəm. Demək olar ki, qonşu dövlətlərdə turizm heç mövcud deyil.

AZƏRBAYCAN TƏHLÜKƏLİ ZONA KİMİ TƏQDİM OLUNUR

Sənan Əliyev:

- Biz otel deyərkən gözümüzün qarşısına bir bina gəlir. Amma bu, çox mürəkkəb mexanizmi olan bir müəssisədir. Bütövlükdə bunları öyrənmək, mənimsək üçün tədris prosesində gələcək mütəxəssisləri mükəmməl şəkildə hazırlamağa çalışırıq. Turizm sahəsi elə bir mexanizmdir ki, nə nazirlik, nə institut, nə də digər təşkilatlar təkbaşına bunun öhdəsindən gələ bilməz. Bütövlükdə bu proses əhatəli bir şəkildə aparılmalıdır. Bir məqamı da diqqətinizə çatdırım ki, Azərbaycanla bağlı internet saytlarında müxtəlif xəbərlər yayılır. Məsələn, quş qripi ilə bağlı yayılan xəbərlər Azərbaycana turistlərin gəlməsinə müəyyən təsirini göstərir. Azərbaycan təhlükəli zona kimi təqdim olunur. Bu məsələni ortadan qaldırmaq üçün Xarici İşlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərməlidir. Kompleks şəklində fəaliyyət turizmin inkişafına təsirini göstərəcək. Dövlət bizim arxamızda dayanıb. Biz hər cür köməklə təmin olunmuşuq.

TƏDBİRLƏRİN KEÇİRİLMƏSİ YERLİ TURİZMİ CƏLB ETMƏYİN BİR NÖVÜDÜR

Cəmilə Əliyeva:

- Bizim kompleksdə daxili turizmlə bağlı tədbirlər keçirilir. Ötən il, bildiyiniz kimi, "Muğam axşamı" təşkil olunmuşdur. Bu yerli turizmi cəlb etməyin bir növü idi. Həmin müddətdə çoxlu sayda insan axınının şahidi olduq. Muğama qulaq asmağa gələn şəxslər, eyni zamanda, Şirvanşahlar sarayı ilə də tanış olurdular. Mütəmadi olaraq, belə tədbirlər keçiririk. Hazırda şəxsi kolleksiyaçı Şahid Abdullayevin sərgisini açmışıq. Sərgidə onun 999 ədəd samavarı təqdim olunur. Bu, dünyanın müxtəlif ölkələrindən əldə edilmiş samavarlardır. Muzeyimizə xarici ölkə turistlərinin axını isə zəifləmişdir. Azərbaycan tarixinin elə məqamları var ki, birbaşa dövlətçiliyimizlə bağlı məsələlərdir. Əyani şəkildə Şirvanşahların tarixinin öyrənilməsində bu muzey kompleksinin rolu danılmazdır. Mən deyərdim ki, daxili və xarici turizmin inkişafı Azərbaycanın tarixinin öyrənilməsidir.

Digər xəbərlər