“Binə” və “Dübəndi” yarımstansiyalarının dayanıqlığı təmin olunur
"Azərenerji" ASC-nin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatında bildirilir ki, hazırda "Abşeron Yüksək Gərginlikli Elektrik Şəbəkəsi"nin Əzizbəyov şəbəkə rayonunun xidməti ərazisinə aid olan bütün yarımstansiyalarda və elektrikötürücü xətlərdə avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılır. Şəbəkə rayonuna daxil olan obyektlər arasında 110/10 kilovoltluq "Binə" yarımstansiyasının da ayrıca yeri var. Bakı kəndlərinin, xüsusən də, Binə qəsəbəsinin elektrik təchizatının dayanıqlığının təmin olunması və daha da yaxşılaşdırılmasına xidmət edən bu yarımstansiya 2007-ci ildən fasiləsiz istismar olunur. Hazırda "Binə" yarımstansiyası normal istismar olunur və avadanlıqlar saz vəziyyətdədir. Digər enerji obyektlərində olduğu kimi burada da avadanlıqlara texniki qulluq daim diqqət mərkəzindədir.
"Dübəndi" yarımstansiyasında da 2008-ci ildə aparılan əsaslı və cari təmir işləri öz effektini göstərməkdədir. Hazırda burada da istismarın aparılması istiqamətində heç bir problem yoxdur və enerjinin ötürülməsi yüksək səviyyədə davam etdirilir.