Gənclər dövlətin diqqət və qayğısını yüksək qiymətləndirirlər
Artıq 13 ildir ki, Azərbaycanda 2 Fevral Gənclər Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində ümummilli liderimiz Heydər Əliyevin mühüm və danılmaz rolu olmuşdur. Ulu öndər hakimiyyətdə olduğu illərdə hər zaman Azərbaycan gənclərinin qayğısına qalmış, onun problemlərini həll etməyə çalışmışdır. Dövlətimizin gənclərə olan diqqəti qəbul olunan müxtəlif sərəncam və proqramlarda öz əksini tapmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin də gənclərə olan diqqəti, qayğısı hər gün, hər saat hiss olunur. Məhz bunun nəticəsi olaraq, 2 Fevral Gənclər Günü Azərbaycanda yüksək səviyyədə qeyd olunur, bu münasibətlə tədbirlər keçirilir. Biz də "Səs" qəzeti olaraq bu gün münasibətilə bəzi gənclərin fikirlərini öyrəndik:
ADPU Gənclər Təşkilatının sədri Ramin Alıyev:
- Gənclər günü təsis olunduqdan bu günə kimi ölkəmizdə çox böyük dəyişikliklər olmuş, siyasi-iqtisadi islahatlar aparılmışdır. Demokratik proseslərin gedişində gənclərin də rolu böyük olmuşdur. Ölkəmizin bütün sahələrində gənclər fəal iştirak edir. Ölkəmiz inkişaf etdikcə, hiss olunur ki, ölkənin idarə olunmasında gənclər mühüm rol oynamağa başlayır. Onların yüksək potensialı var, gənclər daha çox enerjilidirlər. Gənclər onlara tapşırılan işlərin, vəzifənin öhdəsində gəlməyə qadirdilər. Gənclərimiz dövlətimizin onlara olan qayğısını hiss etdikdə daha böyük şövqlə işləməyə başlayırlar. Ümummilli liderimiz Heydər Əliyev hər zaman gənclərə böyük qayğı göstərmişdir. Onların problemləri ilə şəxsən yaxından tanış olmuşdur. Bu problemlərin həlli istiqamətində hər zaman öz tapşırıqlarını vermişdir. Bu gün də onun gənclər barəsində siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
ADPU-nun tələbəsi Aytən Məmmədova:
- Biz gənclər, ilk növbədə, dövlətmizə təşəkkür edirik ki, bizim üçün belə bir gün təsis edib. Ümumiyyətlə, biz hər zaman ölkə başçısı Prezident İlham Əliyevin qayğısını öz üzərimizdə hiss edirik. Biz də Azərbaycan gəncləri olaraq, öz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanın gələcəyi biz gənclərin əlindədir və hər zaman öz çıxışlarında bizə arxalandığını bildirir. Biz də Onun apardığı siyasətin layiqli davamçıları olmağa çalışırıq.
Bakı şəhər sakini Nuran Mikayılova:
- Biz çox şadıq ki, dövlətimiz tərəfindən ilin bir günü, xüsusilə bizim üçün ayrılıb. Dövlətimizin gənclərə olan qayğısı, diqqəti tək bununla bitmir. Belə ki, tələbə-gənclərə onların biliklərini, itellektual səviyyələrini yüksəltmək üçün geniş imkanlar açılır. Onların xarici ölkələrdə öz təhsillərini davam etdirmək üçün ən yüksək səviyyədə şərait yaradılır. Ali məktəblərə yüksək balla qəbul olunmuş gənclər və ümumiyyətlə, xüsusi istedadı olan gənclər üçün Prezident təqaüdünün ayrılması da gənclərə öz işlərində uğurlar əldə etməyə kömək edir. Mən də şəxsən bir gənc tələbə olaraq dövlətimizin gənclərə olan qayğısını hər zaman, hər yerdə hiss edirəm və buna görə Prezidentimiz İlham Əliyevə minnədaram.
Şuşa şəhər sakini Ziyafət Şükürov:
- Mən gənc tələbə olaraq, hər zaman dövlətimizin gənclərə olan diqqət və qayğısını hiss edirəm. Dövlətimiz ölkə gənclərini diqqətində saxlayır və onlara qayğı ilə yanaşır. Məhz bunların nəticəsidir ki, idmançı gənclərimiz beynəlxalq yarışlarda, olimpiadalarda Azərbaycanı layiqincə təmsil edirlər. Bu, Azərbaycan gəncliyinin uğuru deməkdir. Həmçinin, ölkəmizdə yeni iş yerlərinin yaradılması və yaradılan bu iş yerlərində gənclərin işlə təmin edilməsi çox müsbət haldır.
2 Fevral Gənclər Gününün təsis edilməsi də Azərbaycan dövlətinin, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin ölkə gənclərinə qayığısının bariz nümunəsidir.
Zəngilan rayon sakini Elçin Abdinli:
- Bildiyiniz kimi, dövlət gənclər siyasətini həyata keçirmək məqsədilə 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Gənclər və İdman Nazirliyi yaradıldı. Bundan əlavə ulu öndərin davamçısı ölkə Prezidenti İlham Əliyev cənabları 2007-ci ili Gənclər İli elan etdi. Bu da, onu deməyə əsas verir ki, istər ulu öndərin, istərsə də Onun layiqli davamçısı cənab İlham Əliyevin dövründə gənclərimiz dövlətimizin qayğısını hiss edir. Bu gün digər sahələrlə yanaşı Azərbaycan təhsilinə də böyük diqqət və qayğı var. Xaric ölkələrdə yüzlərlə Azərbaycan gənci təhsil alır ki, bu da Azərbaycan gənclərinin itellektual səviyyəsinin, dünyagörüşünün yüksəlməsinə xidmət edir. Çox yaxşı haldır ki, 2 Fevral Gənclər Günü ölkəmizdə yüksək səviyyədə qeyd olur. Mən də bir Azərbaycan gənci olaraq bunlara görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm.