2003-2010-cu illər ərzində Azərbaycanın ÜDM-i real ifadədə 3 dəfə, o cümlədən, qeyri-neft sektoru üzrə 2 dəfə, xarici mal dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin "2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı" hesabatında deyilir.
SAM: Son 7 ildə əhalinin gəlirləri real ifadədə 2,3 dəfə artıb
"Adambaşına düşən ÜDM-in həcmi 2003-cü ilin göstəricisi ilə (872,7 manat) müqayisədə nominal ifadədə 5,3 dəfə, real ifadədə isə 2,7 dəfə artaraq 2010-cu ilə 4653,3 manat təşkil edib", - mərkəzin hesabatında deyilir.
Hesabata görə, ölkə üzrə işsizlik səviyyəsi 1,6 dəfə, yoxsulluq səviyyəsi isə 4,9 dəfə azalıb. Son 7 ildə əhali gəlirlərinin artımı (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə) qabaqlayaraq əhalinin gəlirlərinin real ifadədə 2,3 dəfə artmasını təmin edib.
2011-ci ilin birinci rübünün yekunları üzrə strateji valyuta ehtiyatlarının həcmi 34,2 milyard dollara bərabər olub ki, bu vəsaitlərin 25798 milyard dolları Dövlət Neft Fondunun, 6718 milyard dolları isə Mərkəzi Bankın vəsaitləridir.
ÜDM-də xüsusi çəkisi 50 faizdən yüksək olan sənaye sahəsində son 8 il ərzində davamlı inkişaf müşahidə olunub, məhsul istehsalının real artım tempi orta hesabla 14,7 faizə çatıb.
2011-ci ilin birinci rübünün yekunlarına görə ölkə üzrə orta aylıq əməkhaqqı 430, orta pensiya isə 150 dollar həddində olub. Qeyd edək ki, cari il ərzində reallaşacaq maaş və pensiya pensiya artımlarından sonra bu rəqəmlər xeyli artacaq.
Göründüyü kimi, son illərdə ölkəmizin iqtisadi və sosial sferalarında müsbətə doğru ciddi dəyişikliklər baş verib. Ümumiyyətlə, Azərbaycanın inkişafının nə qədər davamlı, tarazlı və geniş miqyasda olduğunu dərk etmək üçün bəzi rəqəmlərə nəzər salmaq lazım gələcək.
2003-2010-cu illərdəki inkişaf tendensiyası
Həmin dövrdə ümumi daxili məhsulun həcmi 3 dəfə, o cümlədən, qeyri-neft sektorunda 2 dəfə, sənaye məhsulu istehsalı 2,8 dəfə, əsas kapitala qoyulan investisiyalar 2,9 dəfə, o cümlədən, qeyri-neft sahələrinə 8,2 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, banklardakı əmanətlər 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əməkhaqqı 4,2 dəfə, minimum əməkhaqqı 7,1 dəfə, pensiyaların orta məbləği isə 4,7 dəfə artıb. Yoxsulluğun səviyyəsi 5 dəfə azaldılıb, 913 min yeni iş yeri yaradılıb.
Məlum olduğu kimi, 2010-cu ildə dünyanın əksər ölkələrində böhranın təsiri hiss olunsa da, Azərbaycanda daxili potensiala söykənən milli inkişaf strategiyası uğurla davam etdirilib, yüksək iqtisadi və sosial artım templəri əldə edilib.
Həmin müddətdə dövlət büdcəsinin gəlirləri 9,3, xərcləri isə 9,5 dəfə yüksəlib. Ölkənin strateji valyuta ehtiyatları il ərzində sürətlə artaraq təxminən 30 milyard ABŞ dollarına çatıb. Hökumət sosial problemlərin həlli, regionların tarazlı inkişafı, sahibkarların işgüzar fəallığının artırılması, işsizliyin azaldılmasını da daim gündəmdə saxlayıb.
Ötən il ölkədə 41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun real həcmi 5 faiz artıb. Qeyri-neft sektoru üzrə isə bu, artım 8 faizə yaxın olub. İl ərzində Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələrindən 14 milyard manata yaxın (ötən ildəkindən 32,4 faiz çox) investisiya yatırılıb.
Əsas kapitala yönəldilmiş investisiyaların məbləği isə 21,2 faiz artaraq 9,7 milyard manata çatıb, onun da 75,2 faizi daxili investisiyalar olub. Sərmayələrin 70 faizindən qeyri-neft və infrastruktur sahələrinin inkişafında istifadə edilib. Bu fakt qeyri-neft sektorunun gələcək illərdə daha böyük inkişaf tendensiyasının əsasını qoyur.
Neft-qaz sektorunda
gəlirlər artır
2010-cu ildə neft hasilatı təxminən 51 milyon tona, qaz hasilatı isə 26,2 milyard kubmetrə çatıb. Xüsusi qeyd etmək lazımdır ki, ötən il 6,2 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da əvvəlki ildəkindən 2,4 dəfə çoxdur. Neftin emal dərinliyi 93 faizə çatdırılıb, nəticədə mazut istehsalı 10 dəfə azalıb.
Dövlət Neft Şirkəti son 20 ildə ilk dəfə olaraq öz imkanları hesabına "Ümid" yatağının kəşfiyyatını başa çatdırıb və burada böyük qaz ehtiyatının olduğu təsdiqlənib. Ən son məlumatlara görə, "Ümid"də 200, "Babək"də isə 400 mlrd kubm qaz ehtiyatı var.
Qaz istehsalı artdıqca əhalinin qazla təminatı da artır. Ötən il respublikanın şəhər və kəndlərində 6 min kilometr qaz kəmərləri çəkilib və əsaslı təmir edilib, şəbəkəyə 76 mindən çox yeni abonent qoşulub. Qaradağ yeraltı qaz anbarındakı genişləndirmə işlərinin birinci mərhələsi başa çatıb, ölkə tarixində ilk dəfə olaraq, anbarlara 3 milyard kubmetrdən çox qaz vurulub.
Son illərdə elektroenergetika sisteminin qabaqcıl texnologiyalar əsasında inkişafı istiqamətində aparılan irimiqyaslı işlər ötən il də davam etdirilib və ölkənin enerji təhlükəsizliyi təmin olunub. Hazırda enerji sisteminin ümumi gücü 6400 meqavat təşkil edir ki, bu da daxili tələbatı ödəməklə bərabər, elektrik enerjisinin ixracını da mümkün edib.
Naxçıvan Muxtar Respublikasında "Biləv" su-elektrik stansiyası tikilib istismara verilib. Qobustan rayonunda hibrid tipli elektrik stansiyasının və poliqonun inşasında son tamamlama işləri görülür. Ölkənin müxtəlif bölgələrində 10 kiçik su-elektrik stansiyasının tikintisi ilə bağlı işlərə başlanılıb.
Aqrar sahədə innovativ metodların tətbiqi öz nəticəsini verir
Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində aqrar sahədə müsbət irəliləyişlər əldə olunub. Kənd təsərrüfatı məhsulları istehsalçılarına vergi güzəştlərinin tətbiqi, subsidiyaların və kreditlərin verilməsi ilə dövlət dəstəyi davam etdirilib, lizinq xidmətləri genişləndirilib. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə 1430 sahibkarlıq subyektinə 115 milyon manat məbləğində güzəştli kreditlər verilib.
Məlumdur ki, uzun illər yetişdirilmiş və idxal olunmuş taxılın saxlanılmasında və istehsalçıların yüksək keyfiyyətli toxumla təmin olunmasında ciddi problemlər mövcud idi. Bunların aradan qaldırılması məqsədilə müasir texnologiyalar əsasında Dövlət Taxıl Fondu tərəfindən tutumu 160 min ton olan 2 elevator, SKMF-nin xətti ilə ümumi tutumu 140 min ton olan 13 taxıl anbarı tikilib. Taxıl istehsalçılarını yüksək keyfiyyətli toxumla təmin etmək məqsədilə Yevlax rayonunda müasir tələblərə cavab verən "Azərtoxum" təsərrüfatı yaradılıb.
Dünya taxıl bazarlarında yaranmış gərginliyi nəzərə alaraq, idxal edilən buğda və un əlavə dəyər vergisindən azad olunub. Əhalini çörək və çörək məmulatı ilə etibarlı təmin etmək üçün Dövlət Taxıl Fondu tərəfindən alınan buğdanın həcmi 2 dəfədən çox artırılaraq, 500 min ton həddində müəyyən edilib.
Bununla yanaşı, kənd təsərrüfatı infrastrukturunun genişləndirilməsi məqsədilə rayonlarda soyuducu anbarlar və istixana kompleksləri istifadəyə verilib. Bütün bunlar aqrar sektorda məhsul bolluğuna və yeni iş yerlərinin açılmasına gətirib çıxarıb. Bu il isə ölkənin kənd təsərrüfatında böyük irəliləyiş gözlənilir.
Aslan Aslanov: "Bu il bitkiçilik və heyvandarlıqda bol məhsul gözlənilir"
Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun "Səs"ə verdiyi məlumata görə, 2011-ci ilin məhsulu üçün 975 min hektar dənli və dənli-paxlalıların əkini proqnozlaşdırılır. 2 mln 535 min ton məhsul istehsalı, ondan 1 mln 700 min ton ərzaq buğdası istehsalı gözlənilir. Nazir müavininin sözlərinə görə, bitkiçilik və heyvandarlıqda da bol məhsul gözlənilir.
Beləliklə, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün potensialın olduğu və bundan səmərəli istifadə edildiyi ortaya çıxır. Bu da ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması ilə bərabər, həm də Azərbaycanın dünyada öz keyfiyyətli ərzaq məhsulları ilə tanınmasına gətirib çıxarır.
Bir neçə ay öncə "Mir" TV-yə müsahibəsində Prezident İlham Əliyevin dediyi bu sözlər ölkədə aparılan iqtisadi siyasəti daha aydın ifadə edir: "Bizim külli miqdarda neft və qaz ehtiyatlarımızın olmasına, çoxlu gəlirimizin olmasına baxmayaraq, istəyirik ki, Azərbaycanın davamlı inkişafı neftin qiymətindən və yaxud hasilatımızın həcmindən asılı olmasın. "Qara qızıl"ın insan kapitalına çevrilməsi bizim təcrübəmizdə, sadəcə, şüar deyil, real vəziyyətdir".
Ümumiyyətlə, Azərbaycanda əldə olunmuş uğurlar qlobal böhran fonunda daha böyük önəm kəsb edir. Bu uğurlar ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyasının nə qədər doğru olduğunu bir daha əyani surətdə göstərir.