PDF Oxu

Sosial

  • 10

Sosial proqramlar əhalinin həyat səviyyəsini yüksəldir

Sosial proqramlar əhalinin həyat səviyyəsini yüksəldir

Ölkənin bütün regionlarında gedən sosial-iqtisadi inkişafı Xətai rayonunun da timsalında görmək mümkündür. Belə ki, ötən ili uğurla başa vuran Xətai rayonu cari ilə də nailiyyətlər əldə etməklə başlayıb.

Xətai: sosial-iqtisadi inkişafın yeni mərhələsi
Bu gün dövlət proqramlarının uğurla icrası nəticəsində, respublikamızın bütün regionlarında olduğu kimi, Xətai rayonunun da siması dəyişib, insanların rifah halı yüksəlib. Xüsusilə də, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədi ilə hazırlanıb və təsdiq edilib. Ötən müddət ərzində proqramda nəzərdə tutulmuş bütün tədbirlər uğurla həyata keçirilib. Bakının bütün rayonlarında olduğu kimi, Xətai rayonunda da infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilib, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.
Bu inkişafın müsbət nəticəsidir ki, ölkənin bütün regionlarımız və Bakımızda quruculuq və abadlıq işləri aparılır, yeni magistral yollar çəkilir, qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış massivləri tikilir, parklar, xiyabanlar salınır, bir sözlə, Bakımız günbəgün gözəlləşir. Elə bu inkişafın davamı olaraq "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Xətai rayonunda reallaşdığını görmək olar.

Ötən il 3250, cari ilin 3 ayı ərzində 792 yeni iş yeri yaradılıb

Bu gün Xətai rayonunun iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilir. Ötən il ərzində xidmətlər də daxil olmaqla 871,8 milyon manatlıq məhsul istehsal olunub. Sənaye istehsalının 36,2 faizi məhsul istehsalının, 63,8 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənaye müəssisələrində çalışanların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,5 faiz artaraq 390,3 manat, tikinti kompleksində 0,8 faiz artaraq 473,5 manat olub, nəqliyyat sahəsində çalışanların orta aylıq əmək haqqı isə 582,7 manat təşkil edib. Eyni zamanda, sahibkarlığın inkişaf etdirilməsi və göstərilən dövlət dəstəyinin artması nəticəsində onlar tərəfindən yeni müəssisələr yaradılıb. Yeni müəssisələrin yaradılması və mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 2003-cü ildən indiyə kimi 19308 iş yeri yaradılıb ki, bunun da 19102-si daimi iş yerləridir. Hesabat dövründə isə 3250 yeni iş yeri yaradılıb.
Cari ilin birinci rübündə rayonun iqtisadiyyatı dinamik inkişaf edib, rayon əhalisinin həyat səviyyəsinin yüksəlməsini təmin edən gəlirlər və əməkhaqqı artıb. Eyni zamanda, iqtisadiyyatın başqa sahələrində olduğu kimi, istehlak bazarında da müsbət irəliləyişlər əldə edilib. Bu müddətdə rayon əhalisinə 290 milyon 287 min manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 35,6 faiz çox geniş çeşidli istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Ötən 3 ayda rayonun iqtisadi və sosial sahələrində əsas kapitala bütün maliyyə mənbələrindən keçən ilin eyni dövründəkindən 2,1 faiz çox, 46 milyon 812 min manatlıq investisiya yönəldilib, 25 milyon manatlıq əsas fondlar istifadəyə verilib. İstifadə olunmuş vəsaitin 41 milyon 54 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib, tikinti təşkilatlarının öz gücləri ilə gördükləri podrat işlərin həcmi də 1,7 faiz çox olub. Sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 9,0 faiz artaraq 382,5 manatdan 417,1, nəqliyyatda 8,2 faiz artaraq 620,3, tikintidə 9,9 faiz artaraq 477,7 manata çatıb, rabitədə isə bu göstərici 2,3 dəfə çoxalıb. 2003-cü ildən indiyədək rayonda 20100 iş yeri açılıb. Hesabat dövründə isə yeni yaradılan iş yerlərinin sayı 792-yə bərabər olub.

Cari ilin 3 ayı ərzində rayonda 36020 nəfər əmək pensiyaçılarının maliyyələşdirilməsi 4 milyon 795 min manat təşkil edib

Ötən il Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən hesabat dövrü ərzində 36381 nəfər pensiyaçıya xidmət göstərilib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan 2520 nəfər ilə əmək müqaviləsi bağlanıb. Sosial sığorta ayırmalarının yığılması nəzərdə tutulmuş 1,5 milyon manat proqnoza qarşı 1 milyon 380 min manat sosial sığorta haqqı yığılıb. İlin əvvəlinə 34868 nəfər pensiyaçıya pensiya ödənişi ilə bağlı aylıq tələbat 4 milyon 34 min manat olduğu halda, ilin 12 ayı üzrə müvafiq pensiya artımlarını və yeni təyinatları nəzərə alaraq bu rəqəm orta hesabla 36381 nəfər pensiyaçıya ödənilməklə 4 milyon 606 min manat olub. Bir nəfərə düşən orta aylıq pensiya məbləği 126,6 manat təşkil edib. Cari ilin birinci rübü ərzində 152 nəfərlə bağlı yeni pensiya təyinatı aparılıb. "Əmək pensiyaçılarının ümumi sayı 36020 nəfər olub, pensiyaların maliyyələşdirilməsi 4 milyon 795 min manat təşkil edib.

Sosial problemlərin müsbət nəticələri

Xətai rayonunda sosial problemlərin həlli istiqamətində də mühüm işlər görülür. RİH-in məlumatına görə, ötən il ərzində rayonda müxtəlif təyinatlı yeni inzibati binalar, sosial obyektlər inşa olunub. Dövlət Sərhəd Xidməti Akademiyasının və Yəhudi Məktəbinin inzibati binaları, Dəniz Yük Limanı, Y.Səfərov küçəsindəki yeraltı keçid hesabat ilinin buraxılış obyektlərindən olub. Eyni zamanda, əhali tərəfindən təbii qazın dəyərinin ödənilməsi 107,2 faiz, sayğaclaşma 99,6 faiz olub. İl ərzində 842 mexaniki sayğac "smartkart" tipli sayğacla əvəz edilib, 927 abonentə qaz sayğacı quraşdırılıb.
Bununla yanaşı, 2010-cu il "Ekologiya İli" çərçivəsində rayonda çox mühüm işlər görülüb, rayon ərazisində 20 min şam, küknar, çinar, palıd və s. ağac və 50 mindən artıq xaricdən gətirilmiş gül kolu əkilib, yaşıllaşdırma zolaqları salınıb ki, bu da həmin əraziləri, küçə və prospektləri daha da gözəlləşdirib. Əkilmiş ağaclara, salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilib, inkişafdan qalmış ağaclar yenisi ilə əvəz olunub, ehtiyac olan yerlərdə 4 minə yaxın yeni ağac əkilib. Həmçinin, cari ildə rayonun Əhmədli qəsəbəsində xəstəxana-klinika binasının tikintisi, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, kommunal sahənin (qaz, su, elektrik enerjisi təchizatının) yaxşılaşdırılması, yeni kanalizasiya şəbəkəsinin yaradılması, yolların, küçələrin əsaslı təmiri, asfaltlanması və yeni yolların tikintisi də nəzərdə tutulur.
Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Sərəncamı Xətai rayonunda da böyük uğurla reallaşır.

Digər xəbərlər