Son günlər Avropa ölkələrində yetişdirilən kənd təsərrüfatı məhsullarının Rusiya bazarında məhdudiyyətlərlə qarşılaşması Azərbaycanın qonşu dövlətdə öz mövqelərini möhkəmləndirməsi üçün münbit şərait yaradıb. Daha dəqiq desək, İspaniyada baş qaldıran "tərəvəz xaosu" nəticəsində oradan dünya bazarına çıxarılan məhsulların tərkibində zəhərli kimyəvi məhlulların aşkar olunması, nəticədə bütün bunların insan ölümü ilə sonuclanması, ümumi olaraq, Avropada vəziyyəti daha da qəlizləşdirdi.
Məlum oldu ki, belə tərəvəzlər təkcə İspaniyada deyil, digər Avropa ölkələrində də aşkar edilib. Belə ki, Almaniyada ölümcül infeksion xəstəliyin baş qaldırmasından sonra, bir çox MDB dövlətləri, eləcə də, Rusiya Avropa tərəvəzinə qadağa qoydu. Beləliklə də bu ölkədə kənd təsərrüfatı məhsullarına tələbatın artması barədə müxtəlif proqnozlar səsləndirildi. Bu isə, onu deməyə əsas verir ki, Rusiyanın Azərbaycanda yetişdirilən tərəvəz məhsullarına da ehtiyacı ola bilər.
Azərbaycan Avropa bazarını üstələməyə malikdirmi?
Hazırda diqqət yetirsək görərik ki, Rusiyanın öz daxilinə idxal etdiyi tərəvəzlərin 15 faizə qədəri məhz Avropa dövlətlərinin payındadır. Yəni, tam illik dövriyyəsi 22 milyard dollara yaxın olan Rusiya bazarında bir il müddətində Avropa ölkələrindən 4 milyard dollara yaxın tərəvəz ixrac edilir. Bu dövlətin kənd təsərrüfatı statistikasına müraciət etsək görərik ki, Rusiya təkcə 2010-cu ildə 200 min tona qədər xiyar idxal edib ki, bunun da 11 min tonu, yəni 5 faizi Avropadan ixrac olunub. Eyni zamanda, idxal olunan digər tərəvəz məhsullarının, məsələn 700 min ton pomidorun 90 mini və ya 11 faizi də Avropa Birliyi ölkələrindən daxil olub və bunun 5 faizi İspaniya, Portuqaliya və Polşa kimi dövlətlərin öhdəsinə düşüb. Bütövlükdə isə, ötən il Rusiyaya 664 min ton kartof idxal edilib ki, bunun 415 mini Avropadan ixrac edilib.
Ölkəmizdən isə qonşu dövlətə 2010-cu ildə 54 min ton tərəvəz ixrac edilib. Eləcə də, 63 min tondan çox kartof və 42 min ton pomidor da bu ixraca əlavə olunub. Əslində, bu amil onu da sübut edir ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya bazarında önəmli yer tutmağa qadirdir. Rəsmi statistikya görə, Azərbaycanda tələb olunandan 1,9 dəfə daha artıq meyvə və tərəvəz istehsal edilir ki, bunun yarısını ixracata istiqamətləndirmək olar. Ekspertlərin də fikirləri bunu deməyə əsas verir. Belə ki, Azərbaycan təxmini olaraq, hər il 600 min tondan artıq pomidor və xiyar istehsal edir ki, bunun 250 min tonunu Rusiyaya ixrac etmək mümkün olar. Təbii ki, daxili tələbat ödənildikdən sonra.
Ölkəmiz bazar rəqabətində üstünlüklər əldə edib
Lakin Rusiya bazarında boşalmış yerləri yalnız Azərbaycan tutmayacaq. Yəni ortada MDB ölkələri, eyni zamanda, Türkiyə, İran və Çin kimi dövlətlər də mövcuddur. Ancaq cərəyan edən başqa faktor da mövcuddur ki, bu da Azərbaycanın meyvə və tərəvəzinə rəqib sayılacaq qardaş Türkiyənin yetişdirdiyi kənd təsərrüfatı məhsullarıdır. Bütün bunlara baxmayaraq, ölkəmizin Rusiya bazarındakı mövqeyini, yerini gücləndirməsi adıçəkilən dövlətlərdən daha asan başa gələ bilər. Bunun isə bir neçə əsası var. İlk öncə, qonşuluq və məsafə baxımdan Azərbaycan Rusiyaya daha yaxın sayılan ölkədir. Digər əsas isə odur ki, Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsulları başqa ölkələrdən fərqli olaraq, keyfiyyətcə daha üstündür. Məsələn, rusiya alıcısı Türkiyədən ixrac edilən pomidorun bir kiloqramına 80 rubl ödəyirsə, Azərbaycanda yetişdirilən həmin məhsula rahatlıqla 150 rublu ödəyir. Bu isə rusiyalı alıcının keyfiyyətə daha çox üstünlük verməsinin göstəricisidir. Çin məhsullarının da keyfiyyətcə nə qədər aşağı olması, o cümlədən, məsafə uzaqlığı bu ölkənin bazar rəqabətində irəli gedə bilməyəcəyindən xəbər verir.
Bir çox analaitiklər onu da hesab edirlər ki, Azərbaycandan Rusiyaya məhsul ixrac edənlər heç bir problemlərlə qarşılaşmayacaqlar. Məsələ ondadır ki, rusiyalı rəsmilər qadağa səbəbindən ölkədəki qiymətlərin artacağından çəkinirlər. Rusiya hökuməti ölkələrində gedən inflyasiyanın daha da sürətlənəcəyini bildiklərindən Azərbaycan məhsullarının Rusiya sərhədindən manesiz keçidi təmin etməyə öhdəlik götürəcəklər.
Onu da proqnozlaşdırmaq mümkündür ki, Rusiyanın Avropaya qoyduğu meyvə-tərəvəz embarqosu az çəkməyəcək. Hətta Rusiyada müəyyən müddətdən sonra qoyulan qadağa ləğv edilsə belə, ölkə istehlakçıları Avropa qitəsindən ixrac edilən malları almaq istəməyəcəklər. Çünki yayılmış xəstəliyin mənbəyi kənd təsərrüfatı məhsulları olmasa belə, bu hadisə zamanı avropalı fermerlərin məhsul yetişdirməsində insan mənşəli çirkab tullantılardan istifadə etməsi məsələsi ortaya çıxdı və bu da rusiyalı alıcıları ehtiyatlı seçim etməyə məcbur edir.
Bu və bu kimi digər amillər isə ölkəmiz üçün həm də uzun müddətli bazar əldə etmək anlamını daşıyır.
R.RƏSULOV