(Əvvəli ötən sayımızda)
Dünyanı ən nadir flora və faunası ilə zəngin olan Azərbaycan istirahət guşəsi kimi bütün imkanları özündə birləşdirir. Burada on bir iqlimdən doqquzunun mövcudluğu Azərbaycanın, həqiqətən də, cənnət beşiyi olduğunu əsaslandıran amildir. Bu ərazi ta qədimdən bu günə kimi tarixi sərvətləri ilə ölkəmizin qonağı olan insanların marağına səbəb olmuşdur. Ermənistan tərəfindən işğal olunmuş ərazidə Azərbaycanın tarixini yaşadan saysız nümunələr dağıdılaraq məhv edilir.
Azərbaycanın səfalı, turizm üçün əlverişli rayonlarından olan Cəbrayıl rayonunda təbii sərvətlər qəddarlıqla dağıdılaraq tarmar edilir. İşğal altında olan ərazidə ermənilər bütün sahələrdə erməniləşdirmə siyasətini həyata keçirərək, tarixi saxtalaşdırma, eləcə də, dağıdıcı missiyanı reallaşdırırlar. Onun kəndlərində mövcud olan tarixiliyə, əlverişli şəraitə ermənilər xam mal olaraq sahib çıxmış, istifadəçisinə çevrilmişlər. Amma bir həqiqəti də etiraf edək ki, hazırın naziri olan ermənilər əsrlər boyu xalqın yığdıqları varidatı bir neçə dəqiqəyə belə talan etməkdə "məharətlidirlər". Görəsən, öz torpaqlarında necə, bu işi belə işıq surəti ilə etmək qüdrətinə malikdirlərmi? Azərbaycanın 20 faizin işğal edən qəsbkarlar flora və faunanı məhv edirlər. Torpaqlarımız erməni işğalından azad olduqdan sonra Azərbaycanın Qarabağ hissəsində və təcavüzə məruz qalmış digər bölgələrində fauna və floraya xas bir sıra növlərin kökünün tamamilə kəsildiyinin şahidi olacağıq. Sözsüz, erməni işğalçı qüvvələri Azərbaycanın təbii sərvətlərini bacardıqca tükəndirməyi qarşılarına ən ali məqsəd kimi qoymuşlar. Onlar bilir ki, əvvəl - axır o sərvətlər öz sahibinə qaytarılacaq.
Təəssüf ki, heyrətdoğurucu qaməti, qədimliyi, qiymətli xüsusiyyətləri ilə seçilən çinar ağaclarımız hər an təhlükə qarşısındadır. Cəbrayıl - Zəngilan ərazisində əsrlərdən bu günümüzədək yaşayan nəhəng çinar ağaclarını bir necə gündə məhv etmək, onu adi mebel parçasına çevirmək ən böyük ekoloji cinayət kimi dəyrləndirilir. Erməni işğalı altında olan bu çinarlar fəlakətlə üz-üzə dayanıb, erməni vəhşiliyi bütün vəhşilikləri üstələyibdir. Cəbrayıl rayonunun Karxulu kəndi tamamilə dağıdılmış və demək olar ki, oradakı yaşıllıqlardan əsər-əlamət qalmamışdır. Hətta vaxtı ilə yaşıllığa bürünmüş Karxulu qəbiristanlığının dağıdılması və qəbirüstü qiymətli daşların da sökülüb aparılması faktı aşkarlanıb. Cəbrayıl rayonunun Çaxırlı kənd sakini Ələsgərov Fazilin Füzuli Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə verdiyi məlumatda bildirilir ki, 1998-ci ildə İran İslam Respublikasına səfər etdiyi zaman İranla Cəbrayıl rayonu arasındakı sərhəddən işğal altında olan ərazilərimizi müşahidə etdiyi zaman Maralyan, Mərcanlı, Mehdili, Çaxırlı, Mahmudlu stansiyalarının yerlə yeksan edildiyinin şahidi olmuşdur. Burada bütün evlər hamısı dağıdılıb və həyətlərdə, yol kənarlarında olan qiymətli qoz ağaclarının hamısı kəsib məhv edilib. Erməni işğalçıları hər yay Araz çayının vadisindəki ağacları yandırırlar ki, ərazidə hər şey aydın görünsün. Rayon ərazisində uzunömürlü ağaclar, xüsusilə, ən yaşlı çinar ağacları erməni işğalçıları tərəfindən tamamilə məhv edilmişdir. Təbii ki, bu işlərin görülməsində bir prinsip dayanır. Öz tarixlərini yenidən yazmaq iddiası. Saxtalaşdırdıqları ərazidə erməniyə məxsus hansısa bir ştrixi əlavə edə bilirlərsə, o zaman həmin məkanlar üzərində "yenidənqurma" işləri aparırlar. Əks təqdirdə qarşılarına çıxan hər bir şeyi "güclü insan" olaraq məhv edir, yandırırlar. Xudafərin körpüsü onlar üçün əhəmiyyətli strateji obyekt olduğuna görə ona toxunmayıblar. Araz çayı üzərində biri 11, digəri 15 aşırımlı Xudafərin körpüləri Azərbaycan memarlığının əvəzedilməz incilərindəndir. Birinci körpünün uzunluğu 130, eni 6, hündürlüyü 12 metrdir. İkinci körpünün uzunluğu 200, eni 4,5 , hündürlüyü 10 metrdir. Körpülər bir-birindən 800 metr aralıdır. Min illərin təbii təsirinə sinə gərmiş müstəsna mühəndislik qabiliyyətini özündə əks etdirən işğaladək öz bütövlüyünü saxlayan bu körpülər də müharibə gedişində bir sıra uçuntulara məruz qalmışdır.
Cəbrayıl rayonunun tarixi memarlıq abidələri, təbii sərvətləri və bitki örtüyünün erməni işğalçıları tərəfindən qəddarlıqla dağıdılması da bir fakt olaraq bizlərə bəllidir. Rəsmi sənədlərdə qeyd olunur ki, Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək qədim tariximizi özündə əks etdirən tarixi memarlıq abidələri, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, əhalinin uzun illər faydalandığı yerli tikinti materialları, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus ekosisteminin işğaladək qoruyub saxladığı əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin əvəzedilməz içməli su mənbələri erməni işğalçıları tərəfindən dağıdılmış və məhv edilmişdir. Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Tariyel Abbaslı da rəsmi olaraq bu məlumatları təsdiqləyib.
Turistləri heyrətə sala biləcək Cəbrayıl şəhərinin şimalında Alpaşa dağında yerləşən "Cəbrayıl Ata" türbəsi keçmiş Cəbrayıl kəndinin təməlini qoymuş Cəbrayıl atanın qəbiri üzərində tikilmişdir. İşğala qədər tikildiyi formada qalmışdı. İşğaldan sonra dağıdılması haqda heç bir mənbədə məlumata təsadüf olunmur. Müşahidə və düşmən hücumundan uzun müddət müdafiə olunmaq məqsədi ilə Araz çayının sol sahilində, Diridağın üzərində XII-XIII əsrlərdə tikilmiş "Qız qalası" və V- VI əsrə aid edilən, 500 kvadratmetr ərazini əhatə edən, "Sirik qalası" da mənfur erməni siyasətinin qurbanı olmuşdur.
Cəbrayıl rayonunun Çələbilər kəndi ərazisində XVI əsrə aid olan Məhəmməd İbn-Hacı Qaraman Əhmədli tərəfindən 1678-ci ildə tikilmiş əzəmətli bir məscid - mədrəsə var idi. Bu mədrəsədə böyük alimlər, din xadimləri, o cümlədən, XVIII əsr Azərbaycan şairi Molla Vəli Vidadi dərs demişdir. Məscid xüsusi hücrələrdən, dərs otaqlarından ibarət olmaqla özünəməxsus kompleks təşkil edirdi. Müharibədən əvvəl tam bərpa olunmuş və dövlət tərəfindən xüsusi mühafizəyə alınmışdır. İşğaldan sonra bu kompleks dağıdılmış, bərbad vəziyyətə salınmışdır.
Cəbrayıl rayonunda təbiət abidəsi kimi qorunan 800 il yaşı olan məşhur çinar ağacının ermənilər tərəfindən kəsilməsi nəticəsində həmin sahədə yerləşən sərin sulu kəhrizin məhv olduğu bildirilir. Cəbrayıl rayonunda çoxyaşlı qoz bağlarının, həmçinin, ayrı-ayrı kəndlərdə meyvəsinə görə becərilmiş iri diametrli qoz ağaclarının material kimi doğranaraq Ermənistana daşınması faktı da erməni xislətindən söz açan amildir.
Nəinki belə tarixi adbdələr hətta bu rayonun kəndlərinin özündən belə əsər əlamət qalmayıb. Yaşıllıqlara qərq olan kəndlər xarabalığa bənzəyir. Müharibə dövründə belə abidələrin toxunulmazlığı ilə bağlı beynəlxalq təşkilatların bəyanat və qərarları olsa da erməni işğalçıları buna məhəl belə qoymurlar.
Rayonun təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması faktları Ermənistanın həyata keçirdiyi sivil vəhşilik siyasətidir.
Füzuli rayonunun işğal olunmuş ərazilərində təbii sərvətlər qəddarlıqla dağıdılır
Füzuli rayonunda işğal olunmuş ərazilərdə təbiətin ermənilər tərəfindən güclü ekoloji dağıntıya məruz qalması hər kəsə bəllidir. Rayon ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Azıx poliolit düşərgəsində aşkar olunmuş maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Parisin İnsan Muzeyində "Avropanın ilk sakinləri" adlı beynəlxalq sərgidə nümayiş etdirilib. Təəssüf ki, erməni vandalizmi nəticəsində Azıx, Tağlar, Qaraköpəktəpə, Meynətəpə və başqa tarixi abidələr bu gün yararsız hala salınıb.
Rayonun ən böyük meşələridən olan Ərgünəş meşəsində ermənilər yanğın törətmişdilər. Təxminən 500 hektara yaxın ərazi məhv olub. Yanğın nəticəsində ərazidə olan qiymətli ağac və kollar məhv olmuş, təbiətə xeyli ziyan vurulmuşdur. Belə yanğınlar ekoloji mühitin pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olur. Ermənilər Ərgünəş meşəsinin içərisi ilə Məlihcan kəndi istiqamətinə maşın yolunu çəkiblər. Həmin yol Hoğa, Xaxulu kəndlərinin yaxınlığından keçməklə Qırmızıbazar istiqamətinə gedir. Yol çəkilən zaman ağaclar qırılıb məhv edilmiş, qazılmış torpaq qatı yolun aşağı hissəsinə tökülmüşdür. Bunun nəticəsində həmin hissədə ağaclar torpaq altında qalmış, pöhrələr məhv olmuşdur. Həmin meşədə havadan müdafiə və piyadalar əleyhinə hərbi texnikalar yerləşdirilibdir. Çəkilən yol müharibəyə xidmət etməklə Azərbaycan təbiətinin məhvinə səbəb olmuşdur.
Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan ərazidə Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılmışdır. Baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.
(Ardı var)
NƏZAKƏT ƏLƏDDİNQIZI