PDF Oxu

Sosial

  • 14

Regionların inkişafı geniş xarakter daşıyır

Regionların inkişafı geniş xarakter daşıyır

Son illər ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı xeyli işlər görülür. Məlum olduğu kimi, ölkə Prezidenti də bu məsələyə xüsusi önəm verir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da bu məqsədə xidmət edir. Bu mənada, Biləsuvar rayonunun ötən ildə əldə etdiyi nəticələri və cari ilin birinci rübünün də uğurlu nailiyyətləri bir daha onu göstərir ki, regionlarımızın bundan sonrakı illərdə də nailiyyətləri davam edəcək. Biləsuvar rayonunda da sosial-iqtisadi inkişaf sahəsində ötən illərdə sanballı uğurlar əldə edilmiş, yeni-yeni istehsal və emal müəssisələri işə salınmış, müasir infrastrukturun formalaşmasına nail olunmuşdur.


Rayonun tarixi


...Biləsuvar orta əsr Azərbaycanının şəhər tipli yaşayış məntəqəsi olub. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünüb. Rusiya tərkibinə qatılan şimal hissəsinin əhalisi 1914-cü ildə sərhədlər möhkəmləndirildikdən sonra 20-40 kilometr aralıda ruslar üçün salınmış məntəqələrə köçürülüb. Nəticədə vaxtilə Rusiyadan sürgün edilmiş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla, 1930-cu ildə Biləsuvar rayonu təşkil edilib. Səkkiz il sonra rayonun adı dəyişdirilərək Puşkin olub. Sonradan bir il bu rayon Cəlilabadın tərkibinə qatılıb, 1964-cü ildə yenidən ayrılıb. SSRİ dağıldıqdan sonra, 1991-ci ildən onun tarixi adı özünə qaytarılıb. 80 minə yaxın əhalisi olan Biləsuvar rayonu Bakıdan 182 km məsafədə yerləşir. Biləsuvar rayonu qərbdən İranla həmsərhəddir.


Dövlət Proqramının uğurlu nəticələri


Ölkəmizin bütün regionlarında olduğu kimi, Biləsuvar rayonunda da Dövlət Proqramının həyata keçirilməsi sahəsində uğurlu nəticələr əldə olunmaqdadır. Belə ki, rayonda dolama yolunun çəkilməsini əsas inkişaf göstəricisi kimi dəyərləndirmək olar. 12 kilometr uzunluğu olan bu yolda 27 qurğu, 2 körpü və asfalt-beton örtük tikilərək istifadəyə verilib. Kənarlarına çoxlu ağac əkilib. Bu yolun istifadəyə verilməsi həm şəhər daxilində nəqliyyat sıxlığının qarşısını alıb, həm də cənub rayonlarına gedib-gələn yolçuların rahatlığını təmin edib. "Biləsuvar AQRO" MMC-nin yeni tikilmiş süd zavodu ən müasir avadanlıqla təmin edilib. Bu, regionda analoqu olmayan müəssisədir. Burada quru süd, kərə yağı istehsal olunur. Gözəl perspektivi olan zavod tikilən, böyüyən və gözəlləşən Biləsuvarın tərəqqi nümunəsidir.

Əzəmətli Heydər Əliyev Parkı, Ulu Öndərin möhtəşəm abidəsi, buradakı muzey, istirahət guşələri, Gənclik Mərkəzi yüksək zövqlə yaradılıb. Biləsuvar Olimpiya İdman Kompleksi müasirliyi və gözəlliyi ilə diqqət çəkir. Bu yeni kompleksin rayonda idmanın inkişafına güclü təkan verəcəyindən xəbər verir. Həmçinin, "Zirvə" istirahət mərkəzi biləsuvarlıların mədəni tədbirlərinin ünvanına çevrilib. Biləsuvarda il-ildən uğurlu gəlir. Ötən ilin yekunları da bunu aydın göstərir. Bütün sahələrdə irəliləyiş olub. Camaatın həyat şəraiti bir qədər də yaxşılaşıb. Statistik rəqəmlərin şərhi bu barədə dolğun təsəvvür yaradır.


Biləsuvarda cari ilin birinci rübündə sənaye məhsulunun ümumi həcmi 659,6 min manat olub


Dövlət Proqramının Biləsuvar rayonunda reallaşdığını cari ilin birinci rübünün nəticələrini təsdiq edən rəqəmlərdə görmək olar. Belə ki, cari ilin 3 ayı ərzində pərakəndə əmtəə dövriyyəsi 25 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon manat artıb. Əhalinin sosial rifah halının yaxşılaşması nəticəsində rayonda 14 fərdi ev tikilib. Son illərdə rayonda bir sıra sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində sənaye məhsulunun ümumi həcmi 659,6 min manat olub. Sənaye məhsulunun ümumi həcmində dövlət sektorunun payı 621,5 min manat olduğu halda qeyri-dövlət sektorunun payı 38,1 min manat olub. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,4 milyon manata yaxın olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 39,1 faiz artıb. Cari ilin 3 ayı ərzində heyvandarlıq sahəsində də müəyyən işlər görülübdür. Belə ki, birinci rübdə iri buynuzlu mal-qaranın baş sayı 39100 başa, xırda buynuzlu mal-qaranın baş sayı isə 134291 başa çatdırılıb. 1213 ton ət, 5868 ton süd, 2447 min ədəd yumurta istehsalı olub. İri buynuzlu mal-qara arasında cins tərkibinin yaxşılaşdırılması, xəstəliklərlə mübarizənin qarşısının alınmasında müstəsna əhəmiyyət kəsb edir. Birinci rübün yekunlarına görə 452 baş mal-qarada süni mayalanma işi aparılıb. Müvafiq dövr ərzində 328 baş sağlam buzov alınıb.


Aqrar sənayenin prioritet istiqamətləri


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında kənd təsərrüfatının inkişafında aqrar sənaye prioritet istiqamətlərdəndir. Bu baxımdan da, kənd təsərrüfatı rayonu olan Biləsuvarda təkcə ötən il hər bir ailə bu sahədən 4386 manat gəlir əldə edib. 5430 ton pambıq, 91514 ton dənli və dənli-paxlalı, 34585 ton tərəvəz, 3273 ton bostan bitkisi, 2939 ton kartof, 1007 ton günəbaxan, 25544 ton şəkər çuğunduru, 67908 ton quru yonca otu və digər məhsullar istehsal edilib. Rayonda taxıl istehsalını artırmaq üçün toxumçuluğun inkişafına diqqət artırılıb. Rayonunda ötən ilin payızında 2011-ci ilin məhsulu üçün 25439 hektar sahədə payızlıq taxıl əkilmişdir. Bunun 13261 hektarı buğda və 12178 hektarı arpa bitkisi təşkil edir. Yazlıq əkinlər üçün 6342 hektar sahədə şum işi görülmüşdür. Hazırda şumlama işi davam etdirilir. 2011-ci ilin birinci rübündə yazlıq bitkilərin əkini başlanıb. Hələlik, 17 hektar dənli paxlalılar, 16 hektar dənlik qarğıdalı, 420 hektar yonca, 590 hektar pambıq, 243 hektar günəbaxan, 273 hektar kartof, 526 hektar tərəvəz, 586 hektar şəkər çuğunduru və digər kənd təsərrüfatı bitkiləri əkilib. Yazlıq bitkilərin əkini davam etdirilir. Aparılmış araşdırmalara görə 2011-ci ildə 5000 hektar sahədə pambıq bitkisi əkiləcəkdir.


Biləsuvarda sahibkarlığın inkişafı üçün münbit şərait mövcuddur

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Biləsuvar rayonunda yeni iş yerlərinin açılması ardıcıl olaraq davam edir. Son illərdə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə onlara dövlət dəstəyi artırılır. Son altı ildə Biləsuvarda işləyən vətəndaşların aylıq əməkhaqqı dinamik şəkildə artıb. Əgər 2004-cü ildə bu göstərici 51,5 manat idisə, ötən il 189,1 manat olub. Rayonda sahibkarlar təbəqəsi sürətlə formalaşır. Hazırda 3124 sahibkarlıq subyekti fəaliyyət göstərir. Onlardan 51-i sənaye, qalanı isə xidmət və kənd təsərrüfatı yönümlüdür. Rayonda 2010-cu ildə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə dövlət dəstəyi olaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlər verilib.

"Azərsun-Holdinq" şirkətlər qrupu Biləsuvarın ərazisində 3400 hektar torpağı icarəyə götürərək, müasir texnologiyanın tətbiqi ilə yüksək məhsuldarlığa nail olub. Şirkətin konserv zavodunda buraxılan kənd təsərrüfatı məhsulları yerli və xarici ölkə bazarlarına ixrac edilir. Burada 1000-dən çox adamın məşğulluğu təmin olunub.


Rayonda abadlıq-quruculuq işləri geniş vüsət alır


Onu da vurğulayaq ki, əvvəlki illərdə olduğu kimi, ötən ildə də tikinti-abadlıq və quruculuq işləri geniş vüsət alıbdır. Belə ki, regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən proqramlar Biləsuvarda abadlıq-quruculuq işlərinin daha da genişlənməsini təmin edir. 2009-2013-cü illəri əhatə edən cari proqrama görə, rayonun elektrik şəbəkələri yenidən qurulur, hava elektrik xətləri izolyasiyalı naqillərlə əvəz olunur. Proqram üzrə qarşıdakı üç ildə, hazırda 7 kəndin qaz təsərrüfatı bərpa edilməkdədir. 2012-ci ilə qədər rabitə sistemi də bütünlüklə elektronlaşdırılacaq. Ötən il Ələt-Astara və Biləsuvar-Bəhrəmtəpə magistral yolunda təmir işləri aparılıb. Şəhər ərazisində 2,5 kilometr, Xırmandalı, Bəydili, Əliabad, Bağbanlar, Dərvişli kəndlərində 5 kilometr asfalt-beton örtüklü yol çəkilib. Şəhərdə 30 kilometr, kəndlərdə isə 50 kilometr yola qum-çınqıl səpilib. Kənd təsərrüfatı bitkilərinin suvarılması əsas işlərdən olduğu üçün bu sahədə müəyyən işlər görülüb. Belə ki, rayonun kəndlərində 142,9 km uzunluğunda təsərrüfatdaxili suvarma kanalı çəkilib. 8200 hektar sahədə bitkilər suvarılmışdır ki, bunun da 4200 hektarı taxıl əkinləridir. Suvarma işləri davam etdirilir. Cari ilin birinci rübündə Əzizbəyov adına Kanal İstismar idarəsi Bəhrəmtəpə hidroqovşağından 58,6 milyon kubmetr su götürüb. Ondan 30,6 milyon kubmetri Biləsuvar rayonuna, 10,6 milyon kubmetri İmişli rayonuna, 5 milyon kubmetri qaçqın şəhərciklərinə verilib. Bütün bunlara idarə üzrə 3604,6 min kvtsaat nasos stansiyasına elektrik enerjisi sərf olunub.

Dövlət Proqramının işığında Biləsuvar daha aydın, daha gözəl və daha perspektivli görünür. Rayonda həyata keçirilən bütün tədbirlərdə insan amilinə böyük önəm verilir, əhalinin rifahı günbəgün yaxşılaşır. Başlıcası isə rayonda işgüzar mühit formalaşıb. Deməli, Biləsuvar rayonunun uğurlu inkişaf mərhələsi növbəti illərdə də davamlı olacaq.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər