PDF Oxu

Sosial

  • 10

Erməni işğalı altında olan Azərbaycan təbiəti ekoloji terrora məruz qalıb

Erməni işğalı altında olan Azərbaycan təbiəti ekoloji terrora məruz qalıb

Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğal altında olan Azərbaycan əraziləri bu gün olduqca acınacaqlı bir vəziyyətdədir. Bu ərazilərdə ermənilər tərəfindən aparılan şumlama əməliyyatı neçə əsrlik tarixi olan ölkənin yeraltı və yerüstü sərvətlərinə qarşı yeridilən siyasi taktikadır. Bunun arxasında ermənilərin utopiyaları, eləcə də, xalqın tarixinə qarşı təcavüz planı dayanır.

(Əvvəli ötən sayımızda)

Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu. İşğalda olan ərazilərdə müxtəlif tərkibli mineral su yataqları olan Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular Azərbaycanın dünya miqyasına çıxara biləcək yeraltı sərvətləridir. Bu gün qeyd olunan ərazilərdə ermənilər bu nemətin bəzilərindən istifadə edir, bəziləri tamamilə baxımsız haldadır, bəziləri isə təcavüz nəticəsində sıradan çıxmışdır.

Dağlıq Qarabağ iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri erməni liderlərinin diqqətində olmuşdur. Əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqədə inkişaf etdirmişdir.

Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan Azərbaycan-İran və Azərbaycan-Ermənistan dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı "ustalıqla" həyata keçirilir. İşğal altında olan bu ərazidə ekoloji baxımdan istismar geniş şəkildə reallaşmışdır. Ərazinin meşələrindən kəsilmiş ağaclar tikinti materialı kimi istifadə üçün qonşu dövlətə daşınır. Zəngilan rayonunda təbii sərvətlərin qəddarlıqla dağıdılması faktları bir daha təsdiqləyir ki, Azərbaycanın təbiəti erməni qəsbkarlarının əlində qalaraq heç bir məntiqə sığmadan məhv edilir. Təbiətə qarşı zorakılığı ən azından varlığın digər canlıya qarşı amansızlığı və ruhsuz bədənin törətdiyi əməl kimi qiymətləndirmək olar.

Bəsitçay Dövlət Təbiət Qoruğu dünyada ikinci, Avropada birinci təbii çinar meşəsidir

Zəngilan rayonu özünəməxsus təbiəti ilə fərqlənən təbii landşafta malik ərazidir. Azərbaycanın ən iri çaylarından olan Arazın sol qolu Oxçuçay öz mənbəyini Ermənistandan götürür və Zəngilan rayonu ərazisində 43 km-dək axaraq Araza qovuşur. Ermənistan tərəfindən Oxçuçayın ən ağır formada çirkləndirilməsi - böyük ekoloji terrordur. 1993-cü ildə Zəngilanın işğalından sonra nəzarətdən kənarda qalan həmin ərazi bu gün təəssüflə də olsa deyək ki, "ölü zona"ya çevrilib. Sutəmizləyici qurğuların istismar müddətini artırmaq məqsədilə yığıntılar fasiləsiz olaraq Oxçuçaya buraxılır, çay qara-boz lil axınına çevrilir və bu da Araz vasitəsi ilə bütün Azərbaycana qarşı uzunmüddətli təsirə malik olan böyük ekoloji terrordur.

Ermənilər nəinki həmin ərazilərdən qəddarcasına istifadə edir, hətta sərhəd boyu yasaqlıq ərazilərində tez-tez yanğınlar törədirlər. Zəngilan rayonunda olan Bəsitçay Dövlət Təbiət Qoruğu Ermənistanın Sav və Hənd kəndləri ilə sərhəddə yerləşir. Bu qoruq dünyada ikinci, Avropada birinci təbii çinar meşəsidir. Burada olan Şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar ermənilər tərəfindən qəddarlıqla məhv edilir. Ermənistanın Sav kəndindən olan mənbədən əldə edilən məlumatda göstərilir ki, Bəşitçay qoruğu yerləşən Rəzdərə kəndində ermənilər mebel materialı üçün sex açıb işlədirlər və ətrafda olan çinar, qoz ağaclarını tamamilə qırıb məhv edirlər. Erməninin dediyinə görə, sex fasiləsiz olaraq işləyir. Qırılan ağacların izini itirmək üçün kökünə partlayıcı maddə qoyub dağıdır, sonra isə yandırır və yerini də əkirlər.

İstirahət üçün böyük məkan olan və ekoloji cəhətdən əhəmiyyət daşıyan "Daş-başı" və "Leşkar" meşələrində ermənilərin yanğın törətməsi də bir faktdır. "Leşkar" meşə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. "Leşkar" meşə sahəsində sovet dövründə qoz meşəsi salınmışdır ki, orada olan 40-50 illik qoz ağacları da ermənilər tərəfindən qırılıb aparılır. Tikinti materialı kimi Ermənistan Yunanıstana və İrana ixrac etdiyi ağac materialını istehsal etmək imkanında deyil. Bu, yalnız işğalda olan Azərbaycanın meşələri hesabına mümkün olur.

Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsinin məlumatında göstərilir ki, erməni yaraqlıları kiçik Qafqazın aşağı hissəsində, əsasən, Zəngəzur silsiləsində Mehri, Zəngilan və Qubadlı rayonları ərazisində böyük ovçu dəstələri ilə dağ keçisi, cüyür, qaban və s. vəhşi heyvanları kütləvi şəkildə qırırlar. Azərbaycanda öz tədqiqat fəaliyyətini genişləndirən Vəhşi Təbiətin Mühafizəsi üzrə ümumdünya Fondu Zəngilan - Qubadlı zonasında bəbirin (panthera pardus) yaşadığını sübut etmişdir. Bəbir Azərbaycan faunasının nəsli kəsilməkdə olan nümayəndələrindəndir. Zəngəzur silsiləsində, Qarabağ yaylasında, Talış dağlarında cəmi 13-15 fərd yaşayır. Bəbir 1967-ci ildən qorunan növ elan edilmiş, 1989-cu ildən Azərbaycanın "Qırmızı kitab"ına daxil edilmişdir. O, nəsli kəsilmək təhlükəsində olan növ kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının siyahısına və "Fauna və flora növlərinin beynəlxalq ticarətinə dair konvensiya"nın birinci əlavəsinə daxil edilmişdir. Bəbirlərin qidasını əsasən dağ keçiləri və qoyunları, cüyürlər, qabanlar və s. təşkil edir. Qanunsuz ovlanma nəticəsində yem bazasının tükənməsi, yaşayış yerlərinin ermənilər tərəfindən dağıdılması, yandırılması Zəngilan dağlarında qalmış 2-3 fərd bəbiri məhv olmaq təhlükəsi qarşısında qoymuşdur. Təbiətimizin bu nadir incisini, onun yaşayış yerlərini tezliklə geri qaytarmaq və qida obyektlərini qorumaq hər kəsin müqəddəs borcudur.

Dünyada yalnız Zəngilanda bitən Araz palıdının kütləvi şəkildə doğranması ekoloji genosid kimi qiymətləndirilir

Zəngilan rayonun Yeməzli kəndi ermənilərə ən yaxın məsafədə yerləşdiyi üçün hər erməni-müsəlman münaqişəsində əhali Zəngilan rayonunun nisbətən aşağı hissədə yerləşən yaşayış məntəqələrinə müvəqqəti olaraq məcburən köçürdü. XX əsrin əvvəllərində kəndin qarşısında "Bataqlı" deyilən yerin yuxarısından çox gur sulu bulaq qaynayırmış. Onun suyu ilə hətta su dəyirmanı işləmiş və dərə kənarındakı bağları suvarmışlar. Kənd köçən zaman ermənilər həmin təbii bulağın gözünü tıxamış və üzərinə daş yığmışlar. Çıxmağa yer tapmayan su yolunu "azmış", bulaq qurumuşdur. Bu da erməni vandalizminin təbiətə, xalqın xəzinəsiniə vurduğu bir zərbədir. Ayrı-ayrı mənbələrdən alınmış məlumatlara görə ermənilər bu gün də özləri istifadə etmədikləri su mənbələrini müxtəlif vasitələrlə qurudur və sıradan çıxarırlar. Zəngilan rayonunda yoxa çıxmaq təhlükəsində olan, adı "Qırmızı Kitaba" düşmüş, Nazirlər Kabinetinin qərarı ilə xüsusi olaraq qorunmuş 10 min hektar Araz palıdının cavan meşələri və pöhrəlikləri 20-dək sərhədyanı kəndlər ətrafında yayılmışdı. Vaxtilə bizim tərəfimizdən qorunmuş həmin ərazidəki Araz palıdını orada müvəqqəti məskunlaşmış ermənilər ilboyu yanacaq kimi istifadə edirlər. Nəzarətdən kənarda qalmış, dünyada yalnız bu ərazidə bitən endemik bir növün kütləvi şəkildə doğranmasını ekoloji genosid kimi qiymətləndirilir.

Laçın

Erməni işğalında olan Laçın rayonunda da erməni ekoloji genosidi davam etdirilir. Tamamilə rayonun simasını dəyişib xarabalığa çevirən ermənilər öz milli xüsusiyyət və tələbatları çərçivəsində bu məkanlarda ab-hava yaratmaqla vəhşilik missiyalarını həyata keçirirlər. Zənginliyi ilə seçilən Laçın rayon ərazisində dövlət yasaqlığı 1961-ci ilin noyabr ayında yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır. Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%, respublika yasaqlıqlarının isə 8,8% təşkil edir. Meşələri əsasən vələs, çökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşələrdir, vələsin üstünlük təşkil etdiyi meşələri xeyli azdır, palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, bu da intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir.

Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir. Burada 1989-cu ildə aparılan yoxlanmada: dağkeçisi, qaban, cüyür, ayı, canavar, porsuq, dələ və s. heyvanlar, quşlardan qırqovul, kəklik məskunlaşmışdır. 1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli azalmışdır (məlum olduğu kimi, qoruğun bir hissəsi Dağlıq Qarabağ sahəsinə aiddir, eləcə də, ermənilər aranın qarışmasından istifadə edərək heyvanları və quşları ovlayırdılar). Belə bir fakt aydındır ki, 1995-ci ildən Amerika milyarderi Oqonesyan ərazisi 25 min kvadrat kilometr olan Laçın meşələrini icarəyə götürmüşdür. İcarəyə götürülmüş həmin sahələr qırılaraq mebel hazırlamaq üçün Amerikaya daşınır. Bu sənədi bir çox ölkələrin deputatları və siyasətçiləri də təsdiqləmişlər. Laçın rayonunun Bozlu, Kamallı, Çıraqlı və s. kəndləri yandırılaraq məhv edilmişdir.

(ardı var)

NƏZAKƏT ƏLƏDDİNQIZI

Digər xəbərlər