Dünən YAP Binəqədi rayon təşkilatının və Binəqədi rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin rayon icra hakimiyyətinin həyətində ucaldılmış büstünün önünə əklil və gül dəstələri qoydular.
Tədbiri giriş sözü ilə Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev açaraq tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O bildirdi ki, bu tarixi gün münasibəti ilə Azərbaycanın bütün rayonlarında tədbirlər keçirilməkdədir. E.Ağayev tarixi günə diqqət yetirərək, Azərbaycan xalqının təhlükəsizliyini təmin edən 15 İyun Milli Qurtuluş Gününün mahiyyət və əhəmiyyətindən bəhs etdi.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Respublika Ağsaqqalllar Şurasının sədri Budaq Budaqov müstəqil dövlətimizin 15 iyun tarixinə qədər keşməkeşli bir tarix yaşadığını vurğuladı. Həmin illər dövr üçün mövcud olan mühitin olduqca dözülməz, hətta müstəqilliyin belə itirilməsi ilə üz-üzə qalan bir zaman olduğunu bildirdi: "Azərbaycan xalqı birləşərək təkid və tələblə Ümummilli Liderin hakimiyyətə qayıdışını irəli sürdü. Milli Qurtuluş Günü Azərbaycanı bürümüş olan fəlakətdən, xaosdan, böhrandan xilas etdi. 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən vətən torpaqlarımız işğala məruz qaldı, əhali ərzaq qıtlığı ilə üzləşdi, minlərlə soydaşımız vətənindən didərgin düşdü, hətta böhran son həddə vətəndaş müharibəsinə qədər yüksələ bildi. 1993-cü ilin iyun ayında isə hökumət böhranı ən acınacaqlı həddə çatdı. Bu anda isə xalqı qırğından, səfalətdən, vətən torpaqlarını təhlükədən xilas etmək gücündə olan Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Öz uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü bu ağır durumdan, böhrandan xilas etdi".
Tədbirdə çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırması və Yenidənhazırlanma İnstitutunun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanov siyasi gücə, iradəyə malik olan Heydər Əliyev irsinin hər bir azərbaycanlıya məktəb, örnək olduğunu bildirdi. Demokratik prinsiplər əsasında inkişafda olan dövlətin yaradıcısı və qurucusu Heydər Əliyev şəxsiyyətindəki azərbaycançılıq ideyalarına gənclərin dərindən bələd olmaları vacib şərtlərdən biridir. O, müstəqil Azərbaycanın inkişaf mərhələsində təhsilin önəmli olduğunu bildirərək, gələcək dövlətin quruculuğunda elmi potensiala malik istedadlı kadrların yetişməsinə Ümummilli Lider Heydər Əliyevin xüsusi önəm verdiyini diqqətə çatdırdı. Heydər Əliyevin təhsilin bazasının möhkəmlənməsi istiqamətində apardığı islahatlar qısa bir zamanda töhfələrini vermiş oldu.
Tədbirdə çıxışlar sona yetdikdən sonra YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri, Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı.
ZÜMRÜD BAYRAMOVA