BMT-dən verilən açıqlamaya görə, hazırda Ermənistanda 2 milyon əhali var. Qurum hesab edir ki, 2050-ci ilədək bu rəqəm müsbətə doğru dəyişməyəcək- ölkədə əhali artımı gözlənilmir. BMT hesab edir ki, emiqrasiyanın əsas səbəbləri işsizlik, biznesin qurulmasına yaradılan maneələr, çətin sosial vəziyyətdir. Xatırladaq ki, Ermənistanda əhali son dəfə 2001-ci ildə siyahıya alınmışdı və o zaman ölkədə 3,2 milyon əhalinin olduğu təsdiqlənmişdi.
Ermənilərin ölkədən kütləvi miqrasiyası
Bu proqnoz erməni ailələri arasında aparılan sorğu nəticəsində məlum olub. Rəyi soruşulan cütlüklərin 50%-ə yaxını yalnız 1 uşaq dünyaya gətirməyi planlaşdırdıqlarını etiraf edib. Üstəlik, 2010-cu ildə Ermənistandan 100 minədək insan gedib.
Cənubi Qafqaz ölkələri arasında ən ağır sosial durumun Ermənistanda olduğu heç kimə sirr deyil. İşğalçı ölkə müstəqillik əldə etdikdən sonra daim sosial böhran keçirir. Ölkədən kütləvi mühacirət dalğası səngimək əvəzinə, daha da güclənir. Artıq ölkənin çıxış qapılarında uzun növbələr yaranıb. Məzlum erməni xalqı canını qurtarmaq üçün hara gəldi qaçır.
Ermənistanda miqrasiya probleminin böhran həddinə çatması ölkədə yaşayan əhalinin "qocalmasına" gətirib çıxarıb. Xarici beynəlxalq humanitar təşkilatların Ermənistanın ayrı-ayrı bölgələrində insan resurslarına dair hesabatları bütün ölkə ərazisində eyni demoqrafik vəziyyətin yaşandığını göstərir.
Hazırda Azərbaycanın əhalisinin real sayı Ermənistan əhalisinin real sayından 4 dəfə çoxdur. Azərbaycan və Ermənistanda hərbi xidmətə yararlı əhalinin sayı da eyni nisbətdədir. Azərbaycanda hər il hərbi xidmətə çağırılan gənclərin sayı da Ermənistandan 3 qat artıqdır ki, burada fərq mövcud hərbi qüvvələr balansını açıq-ayın göstərir.
Ötən il 100 mindən çox erməni mühacirət edib
Ermənistanda miqrasiyanın yüksək səviyyəsi bu ölkənin ciddi problemlərindən biri kimi daim araşdırma mövzusudur. Ermənistan İnzibati İdarəetmə Nazirliyinin qaçqın və məcburi köçkünlərlə iş üzrə agentliyinin rəsmi statistik göstəricilərinə görə, 1990-2010-ci illərdə Ermənistanı 1,5 milyon nəfər tərk edib.
Beynəlxalq təşkilatların araşdırmaları göstərir ki, bu tendensiya davam edir. USAİD beynəlxalq təşkilatının Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları da vəziyyətin ürəkaçan olmadığını təsdiqləyir.
BMT ekspertlərinin hesablamalarına görə, Cənubi Qafqaz respublikalarında ötən 20 il ərzində əhalinin ümumi sayı, demək olar ki, dəyişməyib. 1990-cu ildə bölgənin 3 respublikasında 16 milyon nəfər yaşayırdı. Bu il də bu rəqəm 16 milyon nəfər təşkil edir. Son 20 il ərzində bölgədə əhali artımın dayanması Ermənistan və Gürcüstanda əhalinin artım tempinin mənfi saldoya malik olması ilə izah olunur.
Təbii miqrasiya prosesini nəzərə almasaq, qeyd olunan dövrdə Ermənistanda əhalinin sayı 1 milyon 500 min nəfər, Gürcüstanda isə 1 milyon nəfər azalıb. Azərbaycanda əhalinin artım səviyyəsinin digər respublikalar ilə müqayisədə yüksək olması (2 milyon nəfər artım), ümumilikdə, bölgədə əhalinin artım səviyyəsinin müsbət saldo ilə ifadə olunmasına səbəb olub.
Son statistik göstəricilərə görə, hazırda Ermənistan (2,2 milyon nəfər) və Gürcüstanın (4,8 milyon nəfər) real əhalisinin sayı bir yerdə götürdükdə (7 milyon nəfər) Azərbaycanın əhalisinin real sayından (9 milyon nəfər) 2 milyon nəfər azdır.
Azərbaycanın əhalisi Ermənistandan 5 dəfə çox olacaq
Bölgənin demoqrafik durumunun formalaşmasına təsir göstərən amillərin (sosial-iqtisadi durumun pisləşməsi, miqrasiya probleminin aktuallığı, xarici ölkələrə əmək miqrasiyasının artması, münaqişələrin həll olunmamağı və s.) hələ də aktual olduğunu nəzərə alsaq, həm də respublikalarda əhalinin artma-azalma tempini əsas götürsək, onda 2020-ci il üçün Cənubi Qafqazın təqribi demoqrafik xəritəsini belə proqnozlaşdırmaq olar: Azərbaycan- 10 mln nəfər, Ermənistan- 2 mln, Gürcüstan- 4 mln.
Cənubi Qafqazda əhalinin sayı ilə bağlı proqnozlar BMT ekspertlərinin hesabatlarında da öz əksini tapıb. Bu hesabatlara görə, 2020-ci ildə də Cənubi Qafqazda, ümumilikdə, 16 mln nəfər əhali olacaq ki, bunun da 10 mln-u Azərbaycanın payına düşəcək.
Əgər yaxın 10 il ərzində Cənubi Qafqaz respublikalarında əhalinin say tərkibinin dəyişəcəyini nəzərə alsaq, onda 2020-ci ildə Azərbaycanın əhalisinin real sayı Ermənistan əhalisinin sayından 5 dəfə artıq olacaq və bu rəqəm, sözsüz ki, hərbi potensiala malik insan resurslarının da sayına təsir göstərəcək.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistanda apardığı sorğunun nəticələrinə görə, hərbi xidmətə yararlı 15-49 yaş qrupuna daxil olan vətəndaşların əksər hissəsi başqa ölkələrə köçüb, yaşı 18-ə çatan vətəndaşların 70 faizi isə yaxın bir il ərzində ölkəni tərk etməyə hazırlaşır.
Digər tərəfdən ölkəni tərk etməyə hazırlaşan hər 5 vətəndaşdan 2-si Ermənistanı birdəfəlik tərk edəcəyini bildirir. Ölkəni tərk etmiş vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80-90% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.
Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyətinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur. Miqrasiyaya səbəb olan 2 problemin- ağır sosial-iqtisadi vəziyyət və müharibə- aktual qalması ölkədən xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Ermənistan demoqrafik fəlakətə düçar olub
Ermənistanda əhalinin sayının azalmasına təsir göstərən əsas amillər arasında miqrasiya ən önəmli yerlərdən birini tutur. Beynəlxalq təşkilatların hesablamalarına görə, hazırda Ermənistanda qeydiyyatda olan əhalinin sayı, ölkədə yaşayan real əhalinin sayından 2 dəfə azdır.
Hesablamalara görə, hazırda Ermənistanda hər 1000 uşaqdan 13-ü, nigahdankənar münasibətlər nəticəsində dünyaya gəlir. Son 30 il ərzində Ermənistanda hər ailə başına düşən uşaqların orta sayı 5-dən 1-ə enib. Ermənistanda hər 100 doğulan uşağa düşən leqal abortların sayı 30-dur, Azərbaycanda bu rəqəm 2 dəfə azdır.
İnsan resurslarının hərbi problemlərin, münaqişələrin həllində hansı rol oynadığını xatırlatmaq artıqdır. Analoji üstünlük hərbi xidmətə yararlı olan əhalinin (3 dəfə) və hər il hərbi xidmətə çağırılan gənclərin say fərqində (3 dəfə) də nəzərə çarpır.
Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar Azərbaycanın əraziləri qaytarılmadan işğalçı ölkənin böhrandan çıxa bilməyəcəyini göstərir. Çünki iqtisadi blokadada qalan Ermənistanda getdikcə siyasi, iqtisadi və sosial durum pisləşir, Azərbaycanda isə yaxşılaşır. Bu səbəbdən də ermənilər nə qədər tez ayılsalar, özləri üçün bir o qədər yaxşı olacaq.
Elçin Bayramlı