Dünən uşaqların asudə vaxtı və istirahətinin daha rəngarəng edilməsi məqsədi ilə Səbail RİH tərəfindən yay ayları ərzində Dənizkənarı Milli Bulvardakı "Park Bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park Sinema" kinoteatrında təhsildə fərqlənən məktəblilər, aztəminatlı ailələrin övladları, həmçinin, uşaq evlərində tərbiyə alan 200 nəfən uşaq üçün mütəmadi olaraq pulsuz 3 D həcmli uşaq filmlərinin nümayiş etdirilməsi təşkil olunmuşdur. Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bu kimi tədbirlərin tez-tez keçiriləcəyini bildirdi: "Ümummilli Liderimiz Heydər Əliyevin gənclərlə bağlı tövsiyələrinə uyğun olaraq paytaxtın digər rayonlarında, o cümlədən, Səbail rayonunda da böyüməkdə olan gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması və layiqli vətəndaş kimi yetişməsi istiqamətində aparılan işlərə diqqət xeyli artırılmışdır. Cari ilin avqust ayında yeniyetmələrin yay istirahətinin və asudə vaxtlarının səmərəli təşkili, onların hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə ənənəvi olaraq Quba rayonundakı Bakı Türk Liseyinin Quba filialının ərazisində Səbail rayon və Quba rayon icra hakimiyyətləri və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi olan hərbi təmayüllü "Şahinlər" istirahət düşərgəsi yaradılacaqdır. Düşərgədə 170 nəfər yeniyetmə istirahət edəcəkdir".
X.Bayramova qeyd etdi ki, keçən il RİH tərəfindən Badamdar qəsəbəsindəki mədəniyyət evi əsaslı təmir olunaraq, bütün lazımi avadanlıqlarla təchiz olunmuşdur. Bibiheybət qəsəbəsi mədəniyyt evində də bir sıra işlər görülmüş, Badamdar qəsəbəsində yeni idman zalının tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Rayonun orta məktəbləri, eləcə də, məktəbqədər təhsil müəssisələrinin uşaqları RİH tərəfindən tərtib olunmuş qrafik əsasında bura dəvət olunacaq, kino seansdan əvvəl onları şən klounlar əyləndirəcək, əyləncəli müsabiqələr keçiriləcək, uşaqlara iş adamlarının hədiyyəsi kimi pulsuz su və şirniyyat veriləcəkdir. Yay aylarında rayon ərazisində yerləşən teatr, muzey, sərgi salonları və digər mədəniyyət ocaqlarına aztəminatlı ailələrdən olan uşaqların pulsuz aparılmasının təşkili üçün razılaşma əldə olunmuşdur. Dövlət başçısı cənab İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Səbail rayonunda həyata keçiriləcək işlər sırasında rayondakı 20 saylı uşaq yaradıcılıq mərkəzi və 35 saylı texniki yaradıcılıq birliyinin, Bibiheybət qəsəbə kitabxanasının əsaslı təmiri də nəzərdə tutulmuşdur ki, bu da uşaq və yeniyetmələrlə aparılan işlərin keyfiyyətinin artırılmasına çox böyük töhfə olacaqdır".
Tədbirdə çıxış edən valideynlər bu kimi tədbirlərin keçirilməsinə və görülən işlərə görə minnətdarlıqlarını bildirmişlər.
Aytən Səmədova