Politoloqların fikirincə, Ermənistan qorxduğu üçün müharibə variantını seçə bilməz.
Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün Ermənistan sülh, yoxsa müharibə variantını seçəcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.
Qabil Hüseynli,
politoloq:
- İnanmıram ki, Ermənistan istənilən halda müharibə variantına əl atsın. Düzdür, Ermənistan gözləmə mövqeyini tuta bilər. Amma işğalçı ölkə, müharibə variantını seçməz. Çünki Ermənistan bir dəfə Azərbaycana təcavüz edib. Yəni, Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək ələ keçirib. Bu məsələ də BMT-nin 4 qətnaməsində öz əksini tapıb. Təəssüflər olsun ki, Ermənistanı işğalçı kimi tanısa da ona qarşı BMT nizamnaməsində nəzərdə tutulan qabaqlayıcı tədbirləri görməyib. Ona görə də, Ermənistan artıq bu dəfə təcavüz yolunu tutsa, bu, onun bütün beynəlxalq qurumlar tərəfindən təcavüzkar kimi tanınması və beləliklə də, özünə qarşı ağır sanksiyaların tətbiq edilməsinə yol aça bilər. Bu isə labüddən Ermənistanın bir ölkə kimi dağılmasına gətirib çıxara bilər.
Cümşüd Nuriyev,
politoloq:
- Ermənistanın müharibə variantını seçmək şansı yoxdur. Yəni işğalçı ölkə bu variantı seçə bilsəydi, bunu çoxdan edərdi. Bu günə qədər də, işğalçı ölkə bu variantın üstündə çalışır və Rusiyanı da provakasiyaya çəkməyə cəhd göstərir. Amma alınmır. Düşünürəm ki, iyunun 25-də Kazan şəhərində keçiriləcək görüş Ermənistanın son şansı ola bilər. Kazan görüşündə Ermənistan prezidenti çərçivə sazişini imzalamaq məcburiyyətində qalacaq. Çünki bu günə qədər işğalçı ölkənin müxalifəti bu dərəcədə fəallaşmamışdır. Burada həm Kazan görüşünün vaxtının ertələnməsi, həm də Ermənistanın bu məsələlərə çox ağır reaksiya verməsi, yəqin ki, orada ən azı münaqişənin sülh yolu ilə həll olunmasının başa çatdırılması barədə, çərçivə sazişini imzalanacağı gözlənilir. Ona görə də, Ermənistan çox da lovğalanmasın ki, müharibə variantını seçərlər və bunlar üçün çox uğurlu olar. Ümumiyyətlə, işğalçı ölkən müharibə aparmaq yox, heç adicə olaraq, Dağlıq Qarabağda əsgər saxlamaq iqtidarında deyil. Dağlıq Qarabağda, əgər münaqişədən qabaq 70 min adam yaşayırdısa, indi isə heç orada 20 min adam qalmayıb. Onlar da qocalar və uşaqlardan ibarətdir. Azərbaycanın müharibə məsələsini gündəmə gətirməsi, xüsusilə, bu həftə gözlənilən hərbi parad erməniləri çox narahat edir. Ermənistanın informasiya mərkəzləri Azərbaycana hər cür hücumlar edirlər. Bu da onların Azərbaycandan qorxmalarından irəli gəlir. Bu nöqteyi-nəzərdən, Ermənistanın müharibə variantı seçməsi qeyri-mümkündür.
GÜLYANƏ