PDF Oxu

Sosial

  • 10

Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, prezidentlərin Kazan görüşü prosesin gedişində çox ciddi dəyişiklik yarada bilər

Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, prezidentlərin Kazan görüşü prosesin gedişində çox ciddi dəyişiklik yarada bilər

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ona görə də, ölkəmiz danışıqlar prosesində iştirak edir. Prezident İlham Əliyevin çevik, praqmatik və düşünülmüş siyasəti Azərbaycana uğurlar gətirir". Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, prezidentlərin Kazan görüşü ərəfəsində ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin fəallaşdığı müşahidə olunur. Onun sözlərinə görə, həmsədrlərin bəyanatlarında Azərbaycanın ədalətli mövqeyinə yaxın fikirlər bu gün daha çox səslənməkdədir.

Prezidentlərin Kazan görüşünün baş tutmasını müsbət hal kimi dəyərləndirən YAP İcra katibinin müavini qeyd edib ki, Prezident İlham Əliyev bir neçə dəfə Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdə iştirak edib və hər görüşdə də Azərbaycan öz mövqeyini ifadə edib. "Bizim mövqeyimiz o qədər açıq-aydın və ədlətlidir ki, bunun qarşısında Ermənistanın hansısa fikirlər ortaya qoyması mümkün deyil. Biz Kazan görüşünə ümidlərlə baxırıq. Xarici işlər nazirlərinin son görüşündən sonra ümidlər daha da artır. Belə məlum olur ki, razılaşdırılmayan məsələlər üzərində müzakirələr gedir. Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, Kazan görüşü prosesin gedişində sözün həqiqi mənasında çox ciddi dəyişiklik yarada bilər. Ermənilər "köhnə bayatıları" yenə zümzümə etsə, o zaman Azərbaycan imitasiya naminə danışıqları davam etdirmək istəmədiyini açıq şəkildə ortaya qoyacaq. Çünki Azərbaycan real, gerçək danışıqların tərəfdarıdır"- deyə M.Qurbanlı bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bütövlükdə Qafqaz üçün böyük təhlükə törədir. "Qarabağda yenidən müharibə başlayarsa bu, yalnız Ermənistanı və Azərbaycanı əhatə edən müharibə olmayacaq. Növbəti müharibə öz dağıdıcılığı ilə əvvəlkindən kəskin fərqlənə bilər"- YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər