Bu gün Azərbaycanda Sevgililər Günü qeyd olunur. Sevgililər günü insani dəyərlərin bəşər övladına əxz olunması ilə izah olunur. Bu bayram Azərbaycanın gəncləri üçün böyük əhəmiyyət daşısa da, bütövlükdə, xalqımıza şamil olunur. Bu tarixin arxasında böyük hikmət var. Sevgi nağılı var. Gənclərə örnək ola biləcək ömür yaşantıları var. İnsan idrakının qətiyyəti, mərdliyi, prinsipiallığı, xalqın adət-ənənələrinə bağlılıq, ilahi eşq var.
Kimlərinsə nə vaxtsa xülya kimi qəbul etdiyi və əsrlərin dönəmindən
qalmış sevgi hekayətinin həyat reallıqları var. 30 iyun sevgi, qəhrəmanlıq, fədakarlıq,
milli mənliyin təsdiqi kimi tarixə düşdü. Azərbaycan gəncləri İlhamla Fərizənin
toy gününün əbidiləşmiş tarixini qeyd edir, həmin zaman kəsiyində baş verən olaylarla
tanış olurlar. Bu hekayətdə sevgi dastanı və zamanın ictimai-siyasi ab-havası vərəqlənir. İlham əsl Azərbaycan gəncinə layiq bir adla dünyadan
köç edib şəhid oldu. Vətənpərvər övlad tək 20 yanvar 1990-cı ildə rusların Bakını
işğal edib xalqın istəklərini boğmaq, müdhişliyə boyun əyməmək amalını gerçəkliyə
çevirmək məqsədi ilə küçəyə çıxmışdı. Ruslar daim müstəmləkə şəraitində yaşatdığı, etiraz etmək
istəyində olan xalqları məhz bu yolla - qanlı yanvar törədib ideologiyasına tabe
etdirməklə qoruyub saxladığı sovet imperiyasına qarşı coşan dalğanın qarşısını ala
bilmədi. Azərbaycanda Şəhidlər Xiyabanı saldı. Amma iradəyə, milli ruha qalib gələ
bilmədi. İlhamların üzərindən zirehli tanklarla keçdi, silah-sursatlarla açılan
yaylım atəşləri ilə oğul və qızları şəhid etdi. Amma mübarizə ruhunu öldürə, əzə
bilmədi. Əksinə, xalqın qəhrəmanlıq tarixini yaratdı. Kitablardan tanış olduğumuz
Leyli və Məcnun, Əsli və Kərəm, Fərhad və Şirin kimi sevgililərin məhəbbət dastanının
həyatda şahidi və iştirakçısı olduq. İlham və Fərizənin müəllifi olduğu bir dastanmı,
nağılmı, əsərmi, poemamı... Yeni məzmunda hekayət yarandı. Bu dastan bütün türk
dünyasının yeni bir nümunəsi kimi qələmə alındı. Vaxtilə dahi şair Nizami Gəncəvini
qələmə aldığı "Xosrov və Şirin" poemasında demişdi:
Bu Şirindən başqa kimsə
dünyada,
Özünü bir kəsə etməmiş fəda.
-misralarına qarşı İlham və Fərizə öz iradəsini qoydu. 20 Yanvar faciəsində İlhama açılan güllə
Fərizənin həyat yoluna qara bir zolaq saldı. Rus-sovet imperializmi və erməni məkri
bu iki gəncin həyat yoluna son qoydu. Hər zaman təkrarlanan tarixdə şahid olduğumuz
kimi, rus və erməni qüvvələri Azərbaycan millətinə qarşı siyasi mübarizə yolunda
oğul və qızlarımızın həyatına son qoymuşdur. Beynəlxalq mübarizədə xalq əqidəsi,
vətənpərvərliyi, ərənliyi diqqətdə olub. "Ölümdən rəşadət pis, ölümdən xəyanət pis.
Bəzən necə gözəlsən, ölüm, sən ey səadət"- deyən də elə İlham və Fərizələri yetişdirən
Azərbaycan torpağının övladıdır.
Bu gün bu sevgi dastanından gənclərimiz bəhrələnir. Onlara həyat
dərsidir bu yol. Hər il Sevgililər Gününü qeyd edənlər İlhamla Fərizənin qoşa məzarını
ziyarətə gedir. Gənc sevgililər əllərində gül-çiçək xiyabanı ziyarət edir, onların
- şəhid sevgililərin məzarı üzərinə gül-çiçək dəstələri qoyurlar. İlhamla Fərizənin
məzarı önündə bir-birinə onlar kimi sadiq qalacaqlarına and içirlər. Hər il bura
gəlib şəhid sevgililərin məzarını ziyarət etməyi özlərinə borc bilirlər. Onlar təkcə
bir-birini sevməyiblər. Onlar həm də vətəni sevib və onun uğrunda şəhid olublar.
Bu günü qeyd edən gənclərə İlham, Fərizə cəsarəti, mərdliyi,
sevgisi arzulayırıq.
NƏZAKƏT ƏLƏDDİNQIZI